Ermənistanın hakimiyyət nümayəndələri özlərini alçaltmaqdan, hər məsələyə görə Moskvaya yalvarmaqdan, Kremlə minnətçi düşməkdən yorulmadılar. Paşinyan müharibə günlərində Rusiya prezidenti Vladimir Putini telefon zəngləri ilə bezdirirdi.
Müharibədə uduzduğuna görə hər gün Rusiya prezidenti ilə əlaqə saxlayaraq, bir növ, ona yalvarırdı. İndi də Armen Sarkisyan bunu edir. O, Putinə məktub göndərərək minnətdarlıq etdikdən sonra sərhəd məsələsinə də toxunub: “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşməsində təhlükə yaradacaq mübahisələr yaranıb. Yeni gərginlik ocağının yaranmaması məqsədilə Sizin köməyinizə ehtiyacımız var”.
Ermənistan-Azərbaycan sərhədi sovet dönəmində müəyyən edilib və bununla bağlı çoxsaylı xəritə və arxiv sənədləri var. Bununla yanaşı, Ermənistanla sərhəd olan Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər yaxın tarixdə, yəni 1993-cü ildə işğal olunub. Sözügedən rayonların Ermənistanla olan sərhəd xətti bəlli idi. Belə olan halda, buna görə də Rusiyaya müraciət edib yardım istəməyə nə ehtiyac var? Sərhəd rayonları ki, Dağlıq Qarabağ deyil.
“İndi isə çalışırlar ki, həmin torpaqlar Azərbaycana verilməsin”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistan Azərbaycanla sərhəd xəttinin demarkasiyasında, görünür, qanuni yola deyil, yenə problemə əl atır. İlk növbədə, Ermənistan 30 il həmin torpaqlarda qanunsuz olaraq əkinçilik və maldarlıqla məşğul olub. İndi isə çalışırlar ki, həmin torpaqlar Azərbaycana verilməsin. Ona görə də Ermənistan prezidenti Armen Sarkisyan Putinə məktubunda sərhəd məsələsində Ermənistanın maraqlarına uyğun kömək istəyir. Bu, Ermənistanın yenidən Putinə yalvarmaq siyasətidir. Azərbaycanın qarşısında o qədər aciz və haqsızdılar ki, oturub birgə həll variantlarından qaçırlar. Üçüncü ölkələrin müdaxiləsinə ehtiyac duyurlar. Çünki bizə qarşı o qədər cinayətlər, ədalətsizliklər ediblər ki, oturub danışmağa cəsarətləri çatmır. Düşünürəm ki, Kreml rəhbərliyi bu məsələyə qarışmayacaq. Ermənistan rəhbərliyi çox çalışır ki, Rusiya-Azərbaycan əlaqələrinə zərbə vursun. Hesab edirəm ki, bu məsələ Moskva ilə deyil, iki ölkə arasında həll edilməlidir. GPS və sovet dövründə razılaşdırılmış sərhədlər var. Ona görə də ermənilər tutduqları ərazidən çıxmalıdırlar. Çünki sərhədlər və qanun da bunu tələb edir”.
Politoloq hesab edir ki, Azərbaycan bu məsələdə qətiyyətli olmalıdır.
Vidadi ORDAHALLI