Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır. Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: “Əziz həmvətənlər!
Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir.
Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır.
Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.
Əziz həmvətənlər,
Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanmışdır.
Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaq!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
“Faktiki olaraq, Qarabağdakı dini abidələrimizin bərpa edilməsi prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, fond tərəfindən icrasına başlanan layihə olduqca əhəmiyyətlidir. F.Quliyev qeyd etdi ki, torpaqlarımız işğal altında olduğu illərdə buradakı dini abidələrimiz ermənilər tərəfindən mütəmadi olaraq vandalcasına dağıdılıb, qəsdən məhv edilib. Bu gün həmin torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı abidələrin bərpa edilərək yenidən xalqımıza qaytarılması çox əhəmiyyətlidir: “Heydər Əliyev Fondunun həyata keçirdiyi bu layihə ilə həmin abidələrimiz bərpa ediləcək. Faktiki olaraq, Qarabağdakı dini abidələrimizin bərpa edilməsi prosesinin başlanması Azərbaycan tərəfindən tarixi gerçəklik missiyasının, ədalətin bərpası deməkdir. Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tarixi müqəddəs işə rəhbəlik etməsi onu deməyə əsas verir ki, bu layihə çox böyük uğurla həyata keçiriləcək. Əlbəttə, yəqin ki, ilk növbədə, bərpa ediləcək dini ocaqlarımızın, məscidlərimizin ilkin fotoşəkilləri əldə olunacaq, onların 3D formatında əvvəlki memarlıq görkəmləri bərpa olunacaq, həmin abidələrimiz olduğu kimi bərpa ediləcək. Çünki işğaldan azad edilən ərazilərimizdə olan dini abidələrimiz haqqında kifayət qədər məlumat var, həm onların fotoşəkilləri, həm də planları mövcuddur. İşğaldan azad edilən ərazilərimizdəki dini abidələrimizin bərpa edilməsi prosesinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərin, beynəlxalq ekspertlərin də cəlb edilməsi çox mühüm haldır. Yəqin ki, bu layihə çərçivəsində İSESCO-nun fəaliyyəti nəzərdə tutulub”.
F.Quliyev qeyd etdi ki, işğaldan azad edilən ərazilərimizdə ermənilərin dini abidələrimizi, məscidlərimizi vandalcasına dağıdıb məhv etməsi cinayətlərinə İslam Əməkdaşlıq Təşkilatı, Rusiya Müsəlmanları Ruhani İdarəsinin və dünyanın başqa ölkələrindəki digər müsəlman icmaları öz kəskin etirazlarını bildirir, bu vandalizm aktını pisləyiblər. “Biz erməni vandalizmi ilə bağlı bu faktları meydana çıxarmaqla bütün dünyaya sübut etdik ki, ermənilər işğal dövründə bizim ərazilərimizdə abidələrimizi dağıdıb, məhv ediblər. Bu da yalançı erməni təxribatına ağır zərbə oldu. Bilirik ki, Azərbaycan torpaqları işğal olunmamışdan əvvəl oradakı bütün xristian abidələri qorunub saxlanmışdı, lakin işğal dövründə ermənilər onların bir qismini məhv edib, bir qismini isə erməniləşdirməyə cəhdlər edib, öz adlarına qələmə veriblər. Amma onların bu yalançı təbliğatı da iflasa uğradı və artıq ermənilərə heç kəs inanmır.
Heydər Əliyev Fondunun bu layihəsinin artıq icrasına başlanıb, artıq proses Şuşada və Ağdamda gedir. Bu layihənin həyata keçirilməsi ölkəmiz, ölkə ictimaiyyəti üçün çox dəyərlidir, çox qiymətlidir. Fikrimcə, dünya ictimaiyyəti də bu layihəyə böyük diqqət yetirəcək. Faktiki olaraq, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu işğaldan azad edilən ərazilərimizdəki bütün dini abidələrimizi bərpa etməklə, onlara yeni nəfəs bəxş etməklə gələcək nəsillər üçün çox tərbiyəvi, çox əhəmiyyətli bir mühitin formalaşdırılmasını təmin edir ki, xalq heç vaxt öz keçmişini, öz dəyərlərini unutmamalıdır. Ermənilər tərəfindən dağıdılan dini abidələrimizin bərpa edilməsi siyasəti gələcəkdə Azərbaycan xalqının etno-psixologiyasında çox müsbət bir setotip kimi formalaşacaq. Bütün elm adamları Heydər Əliyev Fondunun həyata keçirdiyi bu tarixi əhəmiyyət kəsb edən layihəni dəstəkləyir və bu istiqamətdə çalışan mütəxəssislərimiz də bu yöndə öz əməyini əsirgəməyəcəklər. Bu layihə çox möhtəşəm, genişmiqyaslı layihədir”.
F.Quliyevin fikrincə, Ağdam və Şuşa bizim tariximizdə rol oynayan strateji şəhərlərdir, layihənin, ilk növbədə, həmin ərazilərimizdə həyata keçirilməsi müsbət haldır. “Bu çox böyük əhəmiyyətə malikdir. Bu işə bərpa sahəsində çalışan xarici mütəxəssislərin də cəlb edilməsi çox uğurlu işlərin meydana gələcəyini deməyə əsas verir” - deyə F.Quliyev vurğuladı.
İradə SARIYEVA