Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Ordusuna Yardım Fondu yaradılır. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilir.
Silahlı Qüvvələrə Yardım Fondundan Azərbaycan Ordusuna Yardım Fondunun mahiyyət fərqləri nədir?
“Bu fərman, eyni zamanda, Azərbaycan Ordusunu qayğı, diqqətlə əhatə edən bir hüquqi-normativ aktdır”
“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Silahlı Qüvvələrə Yardım Fondunun ləğv edilməsi və onun əvəzində Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması zamana uyğun atılmış bir addımdır: “Bunun mahiyyəti ondan ibarətdir ki, Prezident tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun yaradılması ilə bağlı fərman müharibədən əvvəl, hərbi vəziyyət elan edilməmişdən öncə verilib, yeni fərman isə zəfərdən sonra. Həmin fərman da Konstitusiyaya görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi akt sayılırdı. Prezidentin Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması barədə imzaladığı fərman isə 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra imzalanıb. Bu, Prezident tərəfindən imzalanan bir normativ-hüquqi aktdır, hamı üçün məcburi xarakter daşıyır. Bunu heç müzakirə etməyə ehtiyac yoxdur. Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında fərmanda, bu normativ-hüquqi aktda hərbi vəziyyət müddətində baş verən bütün məsələlər kifayət qədər öz əksini tapdığından, mahiyyəti üzrə əhatə dairəsi genişdir, eyni zamanda, ordunun rifah halının yüksəldilməsi baxımından böyük önəm daşıyır. Fikrimcə, bu normativ-hüquqi aktın əvvəlki normativ-hüquqi aktdan fərqi budur. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ aktlar kimi hamı üçün məcburi hüquqi qüvvəsi var. İmzalandığı andan da qüvvəyə minir”.
Prezident tərəfindən imzalanan bu fərmanın müzəffər ordumuza hərtərəfli dəstəyin nümunəsi olduğunu deyən Ş.Əliyev hesab edir ki, bu, ordunun sosial rifah halının daha da yüksəlməsinə yönəlib: “Bu fərman Azərbaycanın cəbhədə qazandığı zəfərdən sonra ordumuzun rifahının daha da yaxşılaşdırılması, stimullaşdırılması, orduda mənəvi-psixoloji, ruh yüksəkliyinin daha da gücləndirilməsi, vətənpərvərlik ruhunun daha da artırılması üçün atılan bir addımdır. Ona görə də düşünürəm ki, bu fərman, eyni zamanda, Azərbaycan Ordusunu qayğı, diqqətlə əhatə edən bir hüquqi-normativ aktdır. Bu da Azərbaycan Respublikası Prezidentinin, Ali Baş Komandanın orduya olan münasibətinin təzahürüdür”.
İradə SARIYEVA