Erməni mediası yazır ki, Qarabağ müharibəsi kiberməkanda paralel olaraq davam edib. Ermənistan saytlarının etibarlı şəkildə qorunmadığı məlum olub.
Media təhlükəsizliyi mütəxəssisi Samvel Martirosyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, azərbaycanlı hakerlər bir çox dövlət saytına girməyə müvəffəq olublar: “Azərbaycan tərəfdən son 10 ayda Ermənistana genişmiqyaslı kiberhücumlar olub. 2020-ci ildə erməni virtual məkanı görünməmiş bir kiberhücuma məruz qalıb. Nəticədə gizli məlumatların böyük sızması qeydə alınıb”.
Onun sözlərinə görə, kiberhücumlar baxımından bu il ölkə üçün çox çətin keçib. İlin birinci yarısında əsas problemlər karantinlə əlaqələndirilib. Çünki internetdən istifadə təcrübəsi olmayan bir çox insan ondan istifadə etmək məcburiyyətində qalıb. Bu da kibercinayətkarlar üçün əlavə imkanlar yaradıb. O əlavə edib ki, ilin ikinci yarısı iki əsas hadisədən təsirlənib: “Tovuzdakı iyul eskalasiyası və Qarabağ müharibəsi. Həm birinci, həm də ikinci vəziyyətdə hakerlər hiperaktiv olublar. Bununla birlikdə, sentyabr ayından başlayan hücumların sayı və keyfiyyəti görünməmiş hala gəlib. Hələ iyul ayında bir qrup haker “Artsax”ın NSS zabitləri də daxil olmaqla bir neçə yüz erməninin fotolarını və pasport məlumatlarını Azərbaycan haker forumlarında dərc etməyə başlayıb. Bundan əlavə, azərbaycanlı hakerlər “Facebook”da “Artsax” ordusunun hərbi hissəsinin inventarları barədə internetdə bir çox məlumatı paylaşıblar. 10 oktyabrda isə misli görünməmiş bir hücum həyata keçirilib və bunun nəticəsində Konstitusiya Məhkəməsi və İnsan Hüquqları Müdafiəçisi saytları da daxil olmaqla, demək olar ki, bütün dövlət saytları sındırılıb. Təxminən 50 böyük sayt sıradan çıxıb. Hökumət serverlərindən nə qədər məlumat çıxarıldığı barədə hələ dəqiq bir məlumat yoxdur”.
Göründüyü kimi, Ermənistan bütün cəbhələrdə Azərbaycana uduzur, o cümlədən, informasiya cəbhəsində. Yaranan vəziyyət onu göstərir ki, Ermənistan dövlət saytları belə etibarlı qorunmur.
“Bu onu göstərir ki, Ermənistanın informasiya məkanı nə qədər zəif qorunur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Azər Həsrətin sözlərinə görə, Ermənistan nəinki Qarabağ cəbhəsində, o cümlədən, informasiya cəbhəsində böyük hesabla Azərbaycana uduzub: “Bu onu göstərir ki, Ermənistanın informasiya məkanı nə qədər zəif qorunur. Azərbaycan dəfələrlə dinc yolla Qarabağ probleminin həlli ilə bağlı şans verdi. Son ana qədər Ermənistana çağırışlar edildi ki, dinc yolla məsələni kökündən həll edək. Ermənistan isə özünün daha güclü olduğunu iddia edərək sözügedən çağırışları görməzdən gəldi. Ona görə də Azərbaycan gücünü göstərməli oldu. Həm cəbhədə, həm də masada. O baxımdan Ermənistanda kibermüstəvinin güclü qorunmadığı həm onların özünə, həm də Azərbaycana və dünyaya bəyan edilmiş oldu. Azərbaycanda adicə internet istifadəçisi hansısa kənddə oturub özü üçün qurdalandığı zaman, Ermənistanın ən vacib saytlarını dağıda bilir. Hətta onların dövlət qurumlarının saytlarına daxil olub onları dağıtmaq mümkündür. Yaxud da ora Azərbaycanla bağlı materiallar yerləşdirmək mümkündür. Bu isə bir daha onun göstəricisidir ki, Ermənistan bütün sahələrdə olduğu kimi, kibermüstəvidə də çox zəif bir dövlətdir. Ona görə də belə bir zəif dövlətin Azərbaycanla güc mövqeyindən danışması, sadəcə olaraq, başadüşülən deyil. Azərbaycanın nələrə qadir olduğunu bilə-bilə, xoşluqla işğal etdiyi əraziləri qaytarmaq istəmirdi. Nəticədə böyük zərbə aldı. İndi bəzi erməni siyasilər Azərbaycana qarşı partizan müharibəsi təşəbbüsü ilə çıxış edirlər. Bu isə intihardan başqa bir şey deyil. O baxımdan bütün bunlar ermənilərin kibermüstəvidə də Azərbaycandan xeyli geridə qaldıqlarının, ümumiyyətlə, müasir dünya təhlükəsizlik alqaritmlərini mənimsəyə bilmədiklərinin bir göstəricisidir. Azərbaycan isə bu sahədə ciddi şəkildə qorunur”.
Ekspert onu da qeyd etdi ki, müharibə dövründə Azərbaycan sonadək kiberhücumları dəf edə bildi.
Vidadi ORDAHALLI