Ermənistan parlamentindəki hökumət saatı müzakirələri zamanı hakim “Mənim addımım” fraksiyasından deputat, müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan maraqlı təkliflə çıxış edib. O bildirib ki, Ermənistan gələcəyin mənzərəsini yaxşılaşdırmaq üçün Azərbaycanla dialoqa başlamalıdır:
“Biz kapitulyasiyanı qəbul etməli və irəli getməliyik, tam məsuliyyət ölçüsünü başa düşməliyik və sonda qalib tərəflə dialoq qurmağa cəhd etməliyik, nə qədər çətin də olsa. İri müharibələrdən sonra bərpa prosesini keçən bütün ölkələr bu yolu gediblər”.
Deputat hesab edir ki, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin qurulmasından sonra gələcəyin mənzərəsini dəyişmək olar. Köçəryan habelə qeyd edib ki, baş verənləri unutmaq olmaz və diplomatik münasibətlər bütün iqtisadi, hərbi risqlərin hesaba alınmasına əsaslanmalıdır. Andranik Köçəryan hələlik Ermənistanda kapitulyasiya ilə barışmağa və Azərbaycanla diplomatik münasibətlər qurmağa çağıran yeganə siyasətçidir. Ermənistanın yuxarı siyasi elitasının təmsilçisi sayılan bir şəxsdən gələn bu təklifi necə dəyərləndirmək olar?
“Bu, Ermənistanda sağlam düşüncənin yavaş-yavaş özünə yol açması anlamına gəlir”
Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu , Ermənistanda sağlam düşüncənin yavaş-yavaş özünə yol açması anlamına gəlir: “Bundan əvvəl “Mənim addımım” fraksiyasının rəhbəri Nikol Paşinyan bildirmişdi ki, Ermənistanın xarici siyasətinin vacib prioritetlərindən biri Azərbaycanla dostluq münasibətlərinin yaradılıb bərqərar edilməsidir. Çox rasional təklifdir. Azərbaycan bu istiqamətdə müəyyən addımlar da atır. Bu bölgədə iki xalq normal yaşamaq istəyirsə, revanşizm, milliyyətçilik kimi şüarları kənara atmalıdır. Bu, xüsusilə də Ermənistana aiddir. Onlar çalışmalıdırlar ki, ümumbəşəri ideyalar ətrafında bütün qonşuları ilə normal münasibətlər qursunlar. Biz onlara heç nə etməmişik. Onları torpaqlarına göz dikməmişik, bir qarış da olsun ərazilərini ələ keçirməmişik. Onlar işğal etmişdi, biz öz torpağımızı geri qaytardıq. Ermənistan bizə böyük ziyan vurub. Milyardlarla dollar həcmində vurduqları ziyanı biz təzminat şəklində tələb edəcəyik. Onlar münasibətləri normal qura bilsələr, biz Ermənistanı beynəlxalq regional layihələrə də qoşa bilərik. Bütün kommunikasiya xətləri bərpa ediləndən sonra onların Türkiyə ilə əlaqələri də bərpa oluna bilər. Bununla da onların dünya okeanına yolları açılar. Rusiya ilə dəmiryol əlaqələrinin bərbası onlara iqtisadi üstünlük gətirə bilər. Buna isə yalnız Azərbaycan vasitəsilə nail ola bilərlər. Belə fikirləri səsləndirən siyasətçilər öz xalqını sevir. Öz xalqını sevməyənlər xalqı mənası olmayan müharibəyə səsləyir. Hiss olunur ki, son zamanlar Paşinyanın komandasında sağlam təfəkkürlü adamların meydana çıxması halları çoxalır. Üstəlik, Paşinyan Moskvanın da rəğbətini qazanır. KTMT tərəfindən müdafiə olunur. 17 müxalif siyasi partiyanın qışqırmağına baxmayaraq, Paşinyan hakimiyyətdə qalacaq. Aranı qarışdırmaq istəsələr, Ermənistana KTMT və ya Rusiya qoşunları girə bilər. Hazırda Paşinyanın arxası müxalifətdən daha möhkəmdir. Paşinyan və onun komandasının səsləndirdiyi pozitiv fikirlər gedikcə daha çox rezonans doğurur”.
Ekspertin sözlərinə görə, belə mövqe həm də Ermənistanın xilası deməkdir: “Bununla bölgədə sülh və təhlükəsizlik təmin oluna bilər. Ermənistan bu mövqeyi dəstəkləməyə məcburdur. Əks halda daha acınacaqlı vəziyyətə düşə bilər”.
Məhəmmədəli QƏRİBLİ