Azərbaycan daha bir istiqamət üzrə Ermənistandan tam fərqli və şəffaf siyasət apardığını ortaya qoydu. Bəllidir ki, Ermənistan müharibənin gedişi boyu və ondan sonrakı dönəmdə öz cəmiyyətlərini aldadan informasiyaları təqdim edirdi. Hətta güya müharibədə ölən hərbçilərinin sayını açıqlayan yalan məlumatlar belə verirdi. Onların təbliğat maşını Azərbaycanı itki saylarını açıqlamaqla bağlı tənqid edirdi. Azərbaycan tərəfi ortaya yalnız sadə sayı göstərən deyil, həm də bütün şəhidlərin adı və fotosunun əlavə olunduğu tam siyahını cəmiyyətə təqdim edib. Bu barədə yayılan rəsmi məlumatda bildirilir: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bugünədək 2723 şəhidimiz dəfn edilib. Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”
Bu, bütün sahələrdə olduğu kimi, müharibə itkiləri ilə bağlı məsələdə də Azərbaycanın tam şəffaf siyasət yürütdüyünün təzahürü sayıla bilərmi?
“Ermənistan analoji addım atsa, Paşinyan hakimiyyəti dərhal devrilər”
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan hər zaman informasiya cəbhəsində təxribatlar törətməyə çalışıb: “Bu gün onların cəbhədə verdiyimiz itkilərlə bağlı verdikləri açıqlamalar da həmin təxribatın tərkib hissəsidir. Yaxşı olar ki, Ermənistan öz itkilərinə, döyüş meydanında qalmış meyitlərinə sahib çıxsın. Azərbaycan heç vaxt bu barədə müvafik statistikanın ötürülməsi baxımından problem yaşamayıb. Bunun da arxasında dayanan amil xalqa olan inamdır. Çünki hamı bilirdi ki, biz bu müharibədə itkilər verə bilərik. Problemin həllinin müharibəsiz mümkünsüzlüyünü də hamı gördü. Hətta tez-tez belə fikirlərə də rast gəlirdik ki, qanla itirilən torpaq qanla da geri qaytarılmalıdır. Azərbaycanın Vətən müharibəsinin gedişində və ondan sonrakı dönəmdə həyata keçirdiyi informasiya siyasəti çox dolğun və dürüstdür. Bunun mükəmməlliyi həm də xalq-ordu birliyi ilə uzlaşır. Çünki heç kim itkilərimizlə bağlı narahatlığını ifadə etmir. Ermənistanda isə vəziyyət fərqlidir. Paşinyan iqtidarı döyüş itkilərini gizlətməkdən başqa çarə görmür. Onlar yaxşı bilirlər ki, cəbhədəki real itkilər barəsində cəmiyyətə dəqiq məlumat versələr, ölkənin daxilində xaos daha da dərinləşər. Azərbaycan xalqı bu müharibədə bir yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşdi. Onun rəhbərliyi altında qısa müddətdə qələbmiz təmin edildi. Azərbaycan xalqı çox gözəl bilirdi ki, müharibə itkisiz olmayacaq. Fikir verin, görün xalqımız şəhidlərini necə qarşılayır, şəhid valideynləri necə qürurlu çıxışlar edirlər. Biz onların hər birinin qarşısında baş əyirik. Azərbaycanın bu məsələdə gizlətməyə heç nəyi yox idi. Çünki xalqımız bu itkiləri səbr və təmkinlə qəbul edib. Müharibə bizim qəti qərarımız idi. Şəhid olanlar bu yolu zorla deyil, könüllü seçdilər. Qürur duyuruq və hamısını hörmətlə anırıq”.
Ekspert onu da qeyd etdi ki, Ermənistan analoji addım atsa, Paşinyan hakimiyyəti dərhal devrilər.
Məhəmmədəli QƏRİBLİ