Bakıdan Azərbaycanın Milli Qəhrəmanları adından Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev Prezident İlham Əliyevə müraciət edib:
“Sizi ölkəmizin hərb tarixinin ən parlaq, ən möhtəşəm Qələbəsi münasibətilə Azərbaycanın Milli Qəhrəmanları adından ürəkdən təbrik edirəm!
Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, Ulu Öndərin dühası üzərində bərqərar olmuş azərbaycançılıq ideallarının və dövlətçilik xəttinin uğurla həyata keçirilməsi naminə misilsiz xidmətləriniz xalqımız tərəfindən hər zaman dəstəklənir.
44 gün davam edən Vətən Müharibəsində Sizin komandanlığınız altında müzəffər Ordumuz mənfur düşmən üzərində parlaq qələbə çalaraq, 28 il işğal altında olan torpaqlarımızı azad etdi. Sizin sərkərdə qətiyyətiniz və diplomatik məharətiniz sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonlarının 20 gün ərzində qan tökülmədən, itki verilmədən işğaldan azad olunması dövlətimizin düzgün siyasi və hərbi strategiya həyata keçirdiyini bütün dünyaya bir daha sübut etdi.
Bu Qələbə ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də Azərbaycan xalqının özünəinamını və qaliblik hissini bərpa etdi. Siz müasir ordu quruculuğunun ən mükəmməl modelinin müəllifisiniz. Misilsiz cəsarətiniz, yüksək diplomatik peşəkarlığınız, əzmkarlığınız, qəti siyasi iradəniz və Ordumuzun yenilməz rəşadəti ilə əldə edilən bu Qələbə üçün Sizə dərin minnətdarlığımızı bildiririk!”
Baki-xeber.com