“Mən 1962-ci ildə o vaxtkı Əli Bayramlı rayonunun Çölbeşdəli kəndində anadan olmuşam. Hərbi xidmətimi SSRİ Silahlı Qüvvələrində keçmişəm. 1993-1994-cü illərdə Ağdam və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişəm. 1994-cü ildə döyüş şəraitində ağır yaralanmışam. Bu səbəbdən mənə II qrup əlillik dərəcəsi təyin edilmişdir.
Siz Azərbaycan Respublikasının Prezidenti olduğunuz 17 il ərzində apardığınız balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatı möhkəmlənmiş, xarici ölkələrlə iqtisadi və siyasi əlaqələr güclənmişdir. Məhz bunun nəticəsində Azərbaycan Respublikası dünyanın aparıcı, tanınan, hörmətlə yanaşılan ölkələri sırasında ön sıralara çıxmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri müasir silahlarla təchiz olunmuşdur. Məhz bunun nəticəsində 2020-ci il sentyabrın 29-da başlanan müharibə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə başa çatmışdır. Uzun illər erməni işğalında olan rayonlarımız və yaşayış məntəqələrimiz işğaldan azad olunmuşdur. Bu da Sizin Ali Baş Komandan kimi uğurlu rəhbərliyinizdən irəli gəlir. Bütün Azərbaycan xalqı kimi bu qələbə münasibətilə, ilk növbədə, Sizi və Azərbaycan xalqını təbrik edirəm. Sizə cansağlığı, uzun ömür diləyir, bizə qələbənin dadını bəxş etdiyinizə görə öz minnətdarlığımı bildirirəm”.
Bunu Prezident İlham Əliyevə müraciətində Şirvan şəhərindən II qrup Qarabağ müharibəsi əlili Eldar Məmmədov bildirib.
Baki-xeber.com