Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumdan verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 548, çoxmənzilli yaşayış binalarının sayı 135, yaşayış evlərinin sayı isə 4 186-dır.
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.
1988-ci ildə 15 minədək azərbaycanlı Xankəndidən zorla qovulub
Birinci Qarabağ müharibəsi dövründə çoxsaylı mülki azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. 1988-ci ildə başlanan erməni separatizmi nəticəsində mülki insanların qətlə yetirilməsi ermənilərin başlıca məqsədi olub. Onlar hesab edirdilər ki, nə qədər çox mülki insan qətlə yetirsələr, bu, etnik təmizləmə üçün daha əlverişli şərait yaradacaq. Artıq 1988-ci ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz başladı. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı. Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında konstitusiyaya zidd qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı.
Bütün bunların nəticəsində ermənilər tərəfindən dinc azərbaycanlıların qətlə yetirilməsi halları, onlara yönəlik terror aktları artmağa başladı. Belə halların miqyası genişləndi. Bu illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı Moskvanın hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Təəssüf ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti get-gedə kəskinləşdirirdi. Nəticədə ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törətdilər ki, bu da münaqişənin böyüyüb irimiqyaslı müharibəyə çevrilməsinə səbəb oldu.
1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən, Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
1988-1991-ci illərdə Qarabağda 514 nəfər azərbaycanlı qətlə yetirilib
Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə İttifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb. Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırıma və təcavüzə məruz qoyub didərgin salıb. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınıb ki, bunların da nəticəsində 514 nəfər həlak olub, 1318 nəfər yaralanıb.
Münaqişə başlayandan sonra Ermənistanda 216 azərbaycanlı öldürülüb
Bu dövrdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovuldu. Nəticədə Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunub.
Təkcə Xocavəndin Qaradağlı kəndində 1992-ci ildə 91 mülki vətəndaş qətlə yetirilib
1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülüb, 33 nəfər ermənilər tərəfindən güllələnib, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülüb, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilib. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat edib. Əsirlikdə saxlananlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Ümumilikdə, əhalisi ermənilər tərəfindən əsl soyqırıma məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
Xocalıda 613 azərbaycanlı öldürülüb
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən Sovet ordusundan qalmış 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilib. 487 nəfər şikəst olub ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.
373 terror aktı nəticəsində də 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb
Dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən, ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdikləri bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olub, 100 000 nəfərdən çoxu yaralanıb, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Münaqişə dövründə 4853 nəfər itkin düşüb, onlardan 1357 nəfəri əsirlikdən azad edilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülüb. Məlumata görə, Birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların çoxu mülki şəxslərdir.
Mülki insanların öldürülməsinə beynəlxalq hüquqi qiymət verilməyib
Maraqlıdır ki, Ermənistanın təcavüzü nəticəsində bir belə mülki azərbaycanlının qətlə yetirilməsinə, şikəst edilməsinə, evindən didərgin salınmasına rəğmən, hələ də bütün bunlara beynəlxalq hüquqi qiymət verilməyib. Baxmayaraq ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Avropa İnsan Haqları Məhkəməsi başda olmaqla bir sıra beynəlxalq qurumlara dəfələrlə müraciət edib. Özü də bütün bunlarla bağlı ortada kifayət qədər tutarlı faktın olmasına rəğmən, bir dənə də olsun Ermənistanın qınanılmasını özündə əks etdirən qərar qəbul edilməyib.
Beynəlxalq qurumlar Ermənistanı himayə edən dövlətlərin nəzarətindədir
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, beynəlxalq birliyin buna laqeyd yanaşmasına kompleks şəkildə baxmaq lazımdır: “Problem ondadır ki, aparıcı dövlətlər, beynəlxalq təşkilatlar ilk vaxtlardan erməni təcavüzünə qarşı çıxmaq istəmədilər. Bu siyasət bu gün də davam edir. Çünki xristian təəssübkeşliyi və geosiyasi maraqlar buna imkan verməyib. Zamanında bu imkanlardan azacıq da olsa istifadə edilsəydi, erməni təcavüzü bu cür fəlakətlərə gətirib çıxarmazdı. Ancaq onlar bunu etmədilər. Çünki bunda maraqlı deyildilər. Beynəlxalq qurumlar Ermənistanı himayə edən dövlətlərin nəzarətində olduğu üçün, Qarabağ müharibəsində öldürülən mülki azərbaycanlılarla bağlı hüquqi qiymət verilmir. Bunun yaxın perspektivdə dəyişəcəyi real görünmür. Ən azından, Fransa Senatının biabırçı qərarı belə deməyə əsas verir. Bütün bunlar onu göstərir ki, çox ədalətsiz bir dünyada yaşayırıq”.
Şərqşünas onu da qeyd etdi ki, Azərbaycan yalnız öz gücünə arxalanmalıdır.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.