Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Moskvaya ikigünlük səfər edib. Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü tanışlıq məqsədi daşıyırdı. Nazirlər birgə mətbuat konfransında görüşdən və müzakirələrdən məmnun qaldıqlarını ifadə ediblər. Bununla belə, görüşdə rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı fəaliyyəti barədə də müzakirə aparılıb.
Digər tərəfdən, Ermənistanın yeni naziri Türkiyəyə qarşı aqressiv, fakta söykənməyən iftira xarakterli fikirlər səsləndirib: “Türkiyə silahlı qüvvələri və terrorçu dəstələri Dağlıq Qarabağdan və ümumiyyətlə Cənubi Qafqazdan çıxarılmalıdırlar. Türkiyə Azərbaycanı Dağlıq Qarabağda müharibəyə başlamağa təşviq edib. Beynəlxalq aləm Türkiyəyə təzyiqi artırmalıdır. Türkiyənin bölgəyə gətirdiyi silahlı qüvvələrin bölgəni tərk etməsinə dair işarələr yoxdur. Əksinə, Azərbaycan həmin qrupları Dağlıq Qarabağın işğal olunmuş bölgələrində yerləşdirməyə çalışır”.
Mətbuat konfransında jurnalistlərdən biri Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması imkanlarına dair sual verib. Ayvazyanın suala cavabı belə olub: “Ermənistanda soyqırım qurbanlarının davamçıları yaşayır. Biz bu tarixlə yaşayırıq”.
Müharibədə ciddi məğlubiyyətə rəğmən bu cür aqressiv, provokativ xarakterli mövqe sərgiləmək nə deməkdir? Bir tərəfdən regionda hərtərəfli sülhün yaradılması, sərhədlərin və kommunikasiya xətlərinin açılması ilə bağlı səylər göstərilir, o biri tərəfdən isə Ermənistan rəsmiləri prosesi baltalamaqla məşğuldurlar.
“Nəinki Ermənistan, heç Fransa da Türkiyənin Cənubi Qafqazda varlığını əngəlləyə bilməyəcək”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, bu cür təxribatlar ermənilərin xislətinə xas olan haldır: “Ona görə də bu nə birincidir, nə də sonuncu. Azərbaycan və Türkiyə birliyi Ermənistana Qarabağda elə bir zərbu vurdu ki, bundan sonra ermənilər heç 100 ilə də özlərinə gələ bilməzlər. 26 ildən çox idi ki, Ermənistanla atəşkəs imzalanmışdı. Onlar bu müddətdən düzgün istifadə edib işğala son qoya bilərdilər. Həmsədrlərin sülh variantını qəbul edib daha çox qazana bilərdilər, amma bunu etmədilər. İndi artıq gecdir. Ermənistan ya bu məğlubiyyəti qəbul etməlidir, ya da Qarabağdan birdəfəlik süpürülüb atılmalıdır. Ayvazyanın nə deməsindən asılı olmayaraq, Türkiyə regionda olacaq və daha etibarlı sülhün təmin edilməsində iştirak edəcək. Türkiyənin bununla bağlı iradəsi ortadadır. Ayvazyan, sadəcə, Türkiyənin ünvanına böhtan xarakterli fikirlər səsləndirdi. Ermənistanın cəsarəti varsa, 10 noyabr razılaşmasından çıxsın. O zaman Qarabağı tamam itirəcəklər. Hesab edirəm ki, nəinki Ermənistan, heç Fransa da Türkiyənin Cənubi Qafqazda varlığını əngəlləyə bilməyəcək. Bu baxımdan, Ermənistan rəsmilərinin pozucu açıqlamaları nəyisə dəyişə bilməyəcək”.
Siyasi ekspertin fikrincə, bölgədə yeni reallıqlar yaranır.
Vidadi ORDAHALLI