Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin yenə suyu bulandırmaq istəyir. Belə ki, o, Azərbaycana görə Gürcüstanı hədələyib.
Onun sözlərinə görə, Gürcüstan Rusiya ərazisindəki hərbi texnikanın öz ərazisindən Ermənistana tədarükünə mane olmaqla NATO blokuna daha çox yaxın olduğunu nümayiş etdirib: “Rəsmi Tbilisi NATO blokuna sadiqdir. Bu yaxınlarda Gürcüstan Azərbaycana görə Ermənistana hərbi texnika tədarükünü bloklayıb. Razılaşmaya əsasən, Rusiya Gürcüstan ərazisindən tranzit keçməyə çalışıb. Ermənistanın bizimlə ortaq sərhədi yoxdur. Gürcüstan bunu etmək üçün fürsət verməyib, bunun üçün ABŞ Dövlət katibi Maykl Pompeo bu ölkənin rəhbərliyinə təşəkkür edib. Bu, keçən həftə baş verib. Minnətdarlığı isə Pompeo açıq şəkildə ifadə edib. Qısası, Gürcüstan bizə maneələr yaratmağa, təkərlərimizə mıx soxmağa davam edərsə, heç kim üçün yaxşı olmayacaq. Belə addımlardan sonra gürcülər Rusiya ilə hansı güvəndən və hansı münasibətlərdən danışa bilər”.
Zatulinin bu məsuliyyətsiz yanaşması Rusiyanın regionda sülh missiyasına kölgə salmaqdan başqa bir şey deyil. Nəzərə alsaq ki, 10 noyabr razılaşmasının əldə olunmasında, onun həyata keçirilməsində Rusiya fəal rol oynayıb və indi də oynayır, üstəlik, Moskva proseslərin gedişindən razıdır, o zaman bu cür ritorika nəyə lazımdır? Bunun heç yeridirmi?
“Zatulin bununla yalnız Rusiyanın regiondakı maraqlarına zərər vurur”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bu, Zatulinin nümayişkaranə şəkildə növbəti təxribat cəhdidir: “Konstantin Zatulin əzəldən ermənilərin mövqeyindən çıxış edir. Görünən odur ki, Zatulin kimilər, nəyin bahasına olursa-olsun, Azərbaycanı qaralamaq məqsədi güdürlər. Təkcə Zatulin bu cür pozucu mövqedən çıxış etmir. Rusiyada digər siyasilər də var ki, məsələyə bu cür destruktiv yanaşırlar. Rus telekanalları son vaxtlar birtərəfli informasiya siyasəti ilə məşğuldurlar. Erməniləri öz tərəflərinə çəkməkdən ötrü min cür hoqqadan çıxırlar. O da məlumdur ki, 44 günlük müharibə dövründə Rusiya Gürcüstan vasitəsilə bir neçə dəfə Ermənistana silah daşımaq istəsə də, rəsmi Tbilisi buna imkan vermədi. Əvəzində Rusiyada müəyyən dairələr mülki təyyarələr vasitəsilə qanunsuz olaraq Ermənistana silah daşıdılar. Rusiyanın ən böyük istəyi Qarabağda sülhyaratma missiyasına rəhbərlik etmək idi. Buna da nail oldu. Belə olan halda, Zatulin niyə narahatdır? Gürcüstan müstəqil ölkədir. Qonşu dövlətin Avrointeqrasiya yolunu tutması bu ölkənin öz daxili işidir. Bundan Zatulinə nə? Rusiya separatçı Abxaziya və Cənubi Oeetiyanın “müstəqilliyini” tanıyıb. Belə olan halda, təbii ki, Gürcüstan öz yolu ilə gedəcək. Azərbaycana görə Gürcüstanı nədəsə ittiham etmək, sadəcə, təxribatdır. Zatulin düşünürsə ki, buna görə Azərbaycanla Gürcüstanın arasını vuracaq, çox böyük səhv edir. O bununla yalnız Rusiyanın regiondakı maraqlarına zərər vurur”.
Partiya funksioneri hesab edir ki, Azərbaycan bu cür təxribatlara hər zaman hazır olmalıdır.
Vidadi ORDAHALLI