“İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Bir daha xoş gəlmisiniz”.
Bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Azərbaycana dost münasibət göstərən ölkələrin şirkətləri bərpa işində...”
Prezidentin bəyan etdiyi bu fikri şərh edən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın yenə də müxtəlif dövlətlərlə mehriban qonşuluq və dostluq münasibətləri qalır və yenə də ikitərəfli münasibətlərin inkişafına önəm verilir: “Amma bundan başqa, Vətən müharibəsində Azərbaycana hansı dövlərin dost olduğu kifayət qədər özünü göstərdi. Şübhəsiz ki, bu dostluq münasibətləri nəzərə alınacaq. Düzdür, Azərbaycanı müdafiə etməyən, yaxud neytral qalan ölkələrə qarşı Azərbaycan münasibətləri pisləşdirmək fikrində deyil. Ancaq çox təəssüf ki, kimlərsə bu məsələdə ya kənarda durdular, yaxud da Azərbaycanın haqq işini müdafiə etmədilər. Azərbaycan bununla belə özü öz gücünə ərazi bütövlüyünü təmin etdi. Dövlətimiz bu gün işğaldan azad edilən regionlarda, ərazilərində bərpa işlərini öz gücünə aparmaq iqtidarındadır. Ancaq Azərbaycana dost münasibət göstərən ölkələrin şirkətləri bərpa işində, Azərbaycanın təşəbbüskarı olan layihələrdə iştirak etmək istəyəcəklərsə, əlbəttə ki, həmin şirkətlərə üstünlük veriləcək” - deyə A.Mirzəzadə vurğuladı.
İradə SARIYEVA