44 günlük Vətən müharibəsində silaha sarılaraq böyük şücaət göstərənləri xalq arasında, eləcə də KİV-də qazi adlandırırıq. Biz, eyni zamanda, Birinci Qarabağ savaşında iştirak edənlərə də qazi deyirik.
Bilirik ki, Azərbaycan Respublikasının şəhidlik, müharibə veteranları haqqında qanunu var, qazilik statusu ilə bağlı isə ayrıca bir qanun yoxdur. Rəsmi şəhid statusu var, qazi statusu haqqında bir qanunun olmasına da ciddi zərurət var.
“Qazi sözü öz yükünə, məna daşıma qabiliyyətinə görə hazırkı durumu və müharibədə iştirak edən şəxslərin statusunu daha dolğun şəkildə ifadə edir”
Tanınmış hərbi ekspert İbrahim Rüstəmli bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu var, bu qanun müharibədə iştirak edən insanlara aiddir. Amma bütün bunlarla yanaşı, İ.Rüstəmli hesab edir ki, veteran sözü qazilik məsələsini tam ifadə edə bilmədiyi üçün ya qanunun adının dəyişdirilərək qazilər haqqında qanun edilməsinə, ya da ayrıca qazi statusu haqqında qanunun qəbul olunmasına ehtiyac var: “Bu məsələ hazırda çox aktualdır və mənim özümə də bu barədə tez-tez suallar verirlər. Bu yaxınlarda bir görüşüm var, məndən qazilik məsələsinə aydınlıq gətirməyimi istəyirlər. Mən sonuncu dəfə Türkiyədə olanda orada bir hərbiçi məndən soruşdu: “İbrahim abi, siz orduda neçə ildir xidmət edirsiniz?” Dedim ki, 22 ildir xidmət edirəm. O mənə “siz artıq qazisiniz” cavabını verdi.
Azərbaycanda rəsmən müharibə veteranı və müharibə əlili ifadəsi var. Müharibə əlili həm də müharibə veteranıdır. Amma müharibə veteranı müharibə əlili olmaya bilər. Azərbaycanda rəsmən müharibə veteranı statusu müharibədə, döyüşdə iştirak etmiş, hətta o döyüşə ezam edilmiş, beş gün, bir ay, iki ay orada döyüş tapşırığını yerinə yetirmiş şəxslərə aid edilir. Müharibə əlili statusu isə təbii ki, döyüş tapşırığını yerinə yetirərkən müharibədə yaralanmış, sağlamlığını itirmiş adama verilir. Bunlar, əlbəttə, bir-birinə yaxın anlayışlar olsa da, amma müharibə veteranı müharibə əlili demək deyil. Müharibə əlili isə bütün hallarda müharibə veteranıdır”.
Azərbaycana qazi sözünün Türkiyədən gəldiyini deyən İ.Rüstəmlinin sözlərinə görə, müharibədə iştirak etmiş, döyüş tapşırıqlarını yerinə yetirmiş şəxslər qazi adlanır. “Bizdə isə rəsmən qazilərə müharibə veteranı deyilir. Ancaq artıq qazi sözü bizim leksikonumuza daxil olub və biz müharibə iştirakçılarına qazi deyirik. Müharibə veteranı ilə qazi statusca eynidir. Bizdə müharibə veteranı statusu var. Bu statusu alan adamlara dövlət tərəfindən 80 manat müavinət verilir. Məsələn, mən həm müharibə veteranıyam, həm də ikinci qrup əliləm, mənə müharibə veteranı kimi müavinət verilmir, əvəzində 230 manat Prezident təqaüdü verilir. Yəni bunun ikisindən verilə bilər.
Müharibə veteranı adında dəyişiklik baş verə və müharibə veteranı qazi adı ilə əvəzlənə bilər. Yəni bunu belə etmək olar. Qazi türkçülükdən gələn sözdür və mənim də bu sözdən xoşum gəlir. Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən döyüş dostlarımız var ki, onlar da yaxalıqlarına qazi yazırlar. Yəni kimsə yaxasına qazi sözü, kimsə də veteran yazıb vurur. Bunlar ikisi də eyni mənanı ifadə edir, eynu status daşıyır. Qazi sözü müharibə veteranından aid olduğu mənanı daha məzmunlu şəkildə ifadə edir. Çünki veteran sözü çox sahəyə aid edilə bilər. Əmək veteranı, silahlı qüvvələr veteranı və sair.
Mənim fikrim belədir ki, müharibə veteranı ifadəsi rəsmən qazi sözü ilə əvəzlənsin, çünki qazi sözü fikri daha konkret ifadə edir. Bu da ondan ibarətdir, qazi deyiləndə hamı başa düşür ki, bu şəxs müharibədə iştirak edib və ona görə də ona qazi deyilir. Amma veteran deyiləndə isə mütləq onun qarşısına müharibə sözünü əlavə etməliyik.
Azərbaycanda belədir ki, hərbi qulluqçu müharibədə iştirak etmədən 25 və daha artıq ordu sıralarında xidmət edibsə, o, silahlı qüvvələr veteranı adlanır. Amma qazi sözü isə tam olaraq aid olduğu mənanı ifadə edir. Qazi sözü öz yükünə, məna daşıma qabiliyyətinə görə hazırkı durumu və müharibədə iştirak edən şəxslərin statusunu daha dolğun şəkildə ifadə edir” - deyə İ.Rüstəmli qeyd etdi.
İradə SARIYEVA