Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra bir sıra beynəlxalq missiyanın nümayəndələri, diplomatlar, hərbi attaşelər, o cümlədən də xarici ölkələrin parlamentariləri həmin ərazilərimizdə olub və erməni vandalizmini, cinayətlərini gözləri ilə görüb, bundan dəhşətə gəldiklərini bəyan ediblər.
Bildiyimiz kimi, dekabrın 6-da İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın birgə nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib. Qeyd etdiyimiz kimi, onlardan əvvəl də digər ölkələrin, o cümlədən də Fransanın parlamentariləri işğaldan azad edilən ərazilərimizdə olublar.
Avropadan gələn deputatların azad edilmiş rayonlara səfərinin və onların təəssüratlarının əhəmiyyəti nədir?
“Avropa ölkələrinin parlamentariləri bu torpaqlara səfərləri zamanı erməni barbarlığını, vəhşiliyini, cinayətkarlıq nümunələrini aydın şəkildə görürlər”
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev hesab edir ki, xarici ölkə parlamentarilərinin Azərbaycanın işğaldan azad edilən rayonlarına səfərinin bir neçə istiqamətdə əhəmiyyəti böyükdür. Bunun həm siyasi-strateji, həm də digər baxımdan faydasının olduğunu deyən R.Quliyevin fikrincə, onlar öz ölkələrində erməni vandalizminin dəhşətlərini ictimailəşdirəcəklər. “Azərbaycan dövləti hazırkı şəraitdə, indiki mərhələdə Avropadan, Asiyadan, eləcə də dünyanın başqa yerlərindən daha çox rəsmi və qeyri-rəsmi şəxsləri, parlamentariləri, KİV nümayəndələrini, ekspertləri, tanınmış şəxsləri işğaldan azad edilən ərazilərimizə dəvət etməliyik, mövcud vəziyyəti, erməni vandalizmini onlara göstərməliyik, təqdim etməliyik. Birincisi, bu bizim XXI əsrdə hansı səviyyəli düşmənlə, hansı səviyyəli insanlarla müharibə apardığımızın göstəricisidir. İkincisi, işğaldan azad edilən torpaqlarımızın erməni işğalı altında onlar tərəfindən necə vəhşicəsinə, vandalcasına dağıdılmasının bütün dünyaya təqdimatıdır. Üçüncüsü, başlıcası işğal faktının özünün təsdiqidir. Çünki “öz evi, öz vətəni olan” bir xalq, toplum, belə bir psixologiyanın sahibi bu cür dağıdıcılıqla, yırtıcılıqla məşğul ola bilməz. Bu psixologiyaya sahib olmayan ermənilər bunu Azərbaycan ərazilərində ediblər. Baxın, bu özü psixoloji, mənəvi və məntiqi, hüquqi cəhətdən işğal faktının təsdiqidir. Dördüncüsü, bizimlə ermənilərin beynəlxalq aləmdə müqayisə edilməsinə şərait yaradan, təbliğat və antitəbliğat baxımından təqdimatdır. Yəni biz özümüzü də, öz torpağımızı da, öz mədəniyyətimizi də, düşmənimizin bizim abidələrimizə, ərazilərimizə qarşı törətdiyi vandalizm, vəhşilik cinayətlərini, onların barbar psixologiyasına mənsub olduğunu da beynəlxalq aləmə, dünyaya təqdim edirik. Bu baxımdan, xarici ölkələrin parlamentarilərinin işğaldan azad edilən Azərbaycan torpaqlarına səfərlər etməsinin əhəmiyyəti çox böyükdür. Avropa ölkələri parlamentariləri bu torpaqlara səfərləri zamanı erməni barbarlığını, vəhşiliyini, cinayətkarlıq nümunələrini aydın şəkildə görürlər və gördükləri dəhşətli mənzərələri dünya ictimaiyyətinə çatdırmaqla ermənilərin kimliyini bir daha beynəlxalq aləmə sübut edə bilərlər”.
R.Quliyev hesab edir ki, bu, Azərbaycanın işğaldan azad edilən torpaqlarında həyata keçirilən tikinti-quruculuq işlərinin də beynəlxalq aləmdə təbliğinə şərait yaradır. Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik korpus bu işlərə cəlb olunmalı və hər bir səfirlik işlədiyi ölkənin auditoriyasına bu məsələləri çatdırmalı, həmin ölkələrin KİV-i ilə əməkdaşlıq etməlidir.
R.Quliyevin bildirdiyinə görə, quruculuq prosesinin başlanğıcından bu proses başa çatana qədər biz bu işi bütün dünyaya təqdim etməliyik: “Bunun üçün bizim diasporumuz, diplomatik korpuslarımızın xaricdə və daxildə olan təşkilatlarla işini möhkəm qurmalı, işğaldan azad edilən torpaqlarımızdakı quruculuq işlərini çatdırmalıdırlar. Bu çox illər tələb edən prosesdir və biz bunu da beynəlxalq aləmin diqqətinə təqdim etməliyik. Biz bununla həm Ermənistanın işğalı dövründə bu ölkənin bizə vurduğu hərtərəfli zərərləri, həm torpaqlarımızı işğaldan azad etmək istiqamətindəki bacarığımızı, qabiliyyətimizi, həm də işğaldan azad olunan torpaqlarımızda müasir dünya standartlarına uyğun aparacağımız tikinti-quruculuq işlərini təbliğ və təqdim, gələcəkdə əhalimizin o torpaqlarda yüksək həyat şəraiti ilə təmin ediləcəyini nümayiş etmiş olarıq. Bu proses hələ indi-indi başlayır. Bu gün xarici ölkə parlamentarilərinin, müxtəlif ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələrinin işğaldan azad edilən ərazilərimizə dəvət edilməsi prosesi böyük fayda verəcək. Biz yeni başlayan bu prosesi məqsədyönlü, ardıcıl, mərkəzləşdirilmiş şəkildə həyata keçirməliyik. Azərbayan vətəndaşlarının öz doğma torpaqlarında müasir yaşam standartlarına uyğun həyatı təmin edilənə qədər bu səfərlər davam etdirilməlidir. Biz bunu beynəlxalq ictimaiyyətin, beynəlxalq auditoriyanın aidiyyəti olan qurumlarının diqqətində saxlamağa nail olmalıyıq. Ən vacib olan məsələlərdən biri də odur ki, bu işğalçı dövlətin aqressiyası nəticəsində bizə dəymiş həm mənəvi, həm psixoloji, həm də maddi zərərə görə onun beynəlxalq hüquq müstəvisində cəzalandırılması tələbimizin gerçəkləşdirilməsi istiqamətində müəyyən addımdır. Biz sözsüz ki, bunun hamısını dəyərləndirib beynəlxalq hüquqa, beynəlxalq məhkəmə qaydalarına uyğun olaraq işğalçı dövlətin cəzalandırılmasını tələb edəcəyik. Bu həm kompensasiya şəklində olmalıdır, həm də uzun illər boyu işğalçılıq siyasəti yürüdən və hərbi doktrinasında işğalçılıq niyyəti, hədəfi olan Ermənistanın hərbi ordu saxlamaq hüququnun ləğv edilməsinə çalışmalıyıq. Yəni hərbi doktrinasında, hərbi-siyasi hədəflərində, məqsədlərində, niyyətlərində işğalçılıq siyasəti olan bir dövlətə ordu saxlamağa icazə verilməməlidir. Biz bu məsələni də beynəlxalq məhkəmələr qarşısında qaldırmalıyıq. Bizim qonşuluğumuzda olan ölkə gəlcəkdə də bizim torpaqlarımıza qarşı işğalçılıq siyasəti yürüdəcəksə, bu onun konsepsiyasıdır və bunu açıq şəkildə bəyan ediblər. Bizim həmin ölkəyə qarşı heç bir işğalçılıq niyyətimiz yoxdur, heç bunu səsləndirməmişik də, tarix boyu da belə addım atmamışıq, əksinə, onlar bizə qarşı bu addımları atıblar. Ona görə də biz qəti surətdə bu məsələni də qoymalıyıq ki, işğalçı ölkəyə ordu saxlamaq icazəsi verilməsin. Uzaqbaşı daxili problemləri həll etmək üçün məhdud sayda hər hansı bir silahlı birləşmə saxlaya bilər” - deyə R.Quliyev bildirdi.
İradə SARIYEVA