Azərbaycan təhsil sahəsində də dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıq edir. Amma təəssüflər olsun ki, Fransa da daxil olmaqla, bu dövlətlərin arasında Azərbaycanın ədalətli mövqeyinə kölgə salmaq istəyən, bizə qarşı qərəzli kampaniyalar aparan, ermənipərəst mövqe nümayiş etdirənlər də var. Düzdür, onların sayı elə də çox deyil.
Bir neçə ildir ölkəmizdə Azərbaycan-Fransa Universiteti (UFAZ), Bakı fransız liseyi və sair fəaliyyət göstərir. Amma son dövrlər, xüsusən də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirməkdədir. Bu da bu ölkənin Azərbaycanda fəaliyyət göstərən orta və ali təhsil müəssisələri ilə bağlı müəyyən fikirlərin meydana çıxmasına səbəb olur. Bir sıra mütəxəssislər hesab edirlər ki, ölkəmizdə fransız təhsil müəssisələri ləğv edilməli, onun bazasında bizə dost olan ölkələrin təhsil müəssisləri qurulmalıdır.
Bildiyimiz kimi, Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən “Bizim humanitar sahə ilə də bağlı böyük planlarımız var və artıq bir çox reallaşan layihələrimiz var. İtaliyaya dövlət səfərim çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər” - bəyanatını verib.
Ekspertlər hesab edirlər ki, bizə qarşı son illər düşmənçilik mövqeyini açıq ortaya qoyan Fransanın Azərbaycandakı təhsil müəssisələri qapadılmalı və onun yerində Azərbaycan-İtaliya Universiteti yaradılmalıdır.
Qiymət Məhərrəmli: “Azərbaycana həmişə qərəzlə yanaşan Fransanın ali təhsil müəssisəsi ləğv edilsin və onun bazasında Azərbaycan-İtaliya Universiteti yaradılsın”
Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, biz hazırda daha çox dost ölkələrlə təhsil, mədəniyyət, humanitar sahədə əməkdaşlıqlarımızı genişləndirməliyik və onların ali məktəblərinin yaranmasında maraqlı olmalıyıq: ”Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdən bir ölkədir. Ölkəmiz dünya ölkələrinə münasibətdə həmişə dürüst olub. Amma təəssüflər olsun ki, erməni lobbisinin əlində oyuncağa çevrilən bəzi dövlətlər bizim ölkəmizə qarşı dürüst davranış nümayiş etdirmirlər. Təbii ki, burada Fransanın ölkəmizlə bağlı yürütdüyü qərəzli, qeyri-obyektiv siyasət qeyd edilməlidir. Azərbaycanda bir neçə ildir Azərbaycan-Fransa Universiteti fəaliyyət göstərir. Azərbaycan təhsil və digər sahələrdə müxtəlif ölkələrlə əməkdaşlıq edir, o cümlədən də Fransa ilə. Bu gün bir çox ekspert deyir ki, bizə qarşı qərəzli mövqe göstərən Fransanın ölkəmizdəki bütün təhsil müəssisələri ləğv edilsin. Mən də hesab edirəm ki, Azərbaycana həmişə qərəzlə yanaşan Fransanın ali təhsil müəssisəsi ləğv edilsin və onun bazasında Azərbaycan-İtaliya Universiteti yaradılsın. Mən belə düşünürəm. Hər halda, qərar dövlətimizindir. Dövlətimiz özü necə addım atacağını bilir. Biz dövlətimizin mövqeyini, siyasətini həmişə dəstəkləyirik. Amma ictimai fikirdə əsas yeri fransız məktəblərinin, fransız şirkətlərinin Azərbaycandakı fəaliyyətinin ləğv edilməsi məsələsi tutur” - deyə Q.Məhərrəmli qeyd etdi.
Məhərrəm Zülfüqarlı: “Bizə İtaliya, Fransa və digər dövlətlərlə əməkdaşlıqda rol oynayan mütəxəssislər lazımdır”
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı isə məsələyə fərqli yanaşır. M.Zülfüqarlı hesab edir ki, Fransanın Azərbaycana bugünkü qərəzli münasibəti heç də fransız xalqının mövqeyini əks etdirmir. Professorun sözlərinə görə, Fransa ilə Azərbaycan arasında uzun illərdən bəri formalaşan əlaqələr var və bu da ən müxtəlif sahələri, o cümlədən də təhsil sahəsini əhatə edir: “Azərbaycan-Fransa münasibətləri yalnız Makronun və Fransanın indiki Senatının nümayəndələrinin səviyyəsində qəbul olunmamalıdır. Biz müstəqillik dövründə Azərbaycan-Fransa münasibətlərinə baxsaq görərik ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması ilə bağlı BMT Təhlüksəzilik Şurasında 4 qətnamənin qəbul olunmasında Təhlükəsizlik Şurasının üzvü kimi Fransanın da səsi var. Yəni bu ölkə də bizim ərazi bütövlüyümüzün bərpasına səs verib. İndiki vəziyyətə gəlincə, bu, keçici vəziyyətdir. Yeni seçkilərdə Makron iştirak etməyəcək, Senatın tərkibi dəyişəcək. Yəni biz uzunmüddətli və təmkinli siyasət yeritməliyik. Birincisi, rəsmi şəkidə Fransa dövləti Senatın bizə qarşı qəbul etdiyi qərarları təsdiqləmir, qəbul da etmir. İkincisi də Fransa-Azərbaycan münasibətlərinin tarixinə baxsaq, biz bu sahədə təbliğat işimizi qurmalıyıq. Ən azı İkinci Dünya müharibəsində Fransa torpağını qoruyan Əhmədiyyə Cəbrayılov kimi şəxsləri önə çəkməliyik ki, heç olmasa, o bədnam qərarları qəbul edənlər utansınlar, onlar Azərbaycanın qəhrəman oğullarının o zaman Fransanı faşizmdən xilas etdiyini bilsinlər. Qaldı, İtaliyanın Azərbayana münasibətinə. Prezidentimiz də dedi ki, yaxın dost çətin gündə tanınır. Əlbəttə ki, İtaliyanın münasibəti bizə daha doğmadır, daha yaxındır. Digər tərəfdən də İtaliya ilə Azərbaycanı iqtisadi əməkdaşlıq da daha çox bağlayır. Ona görə də, fikrimcə, gələcəkdə Azərbaycanda Azərbaycan-İtaliya Universiteti də yaradıla, başqa Qərb ölkələrinin də ali məktəbləri açıla bilər. Əsas məsələ odur ki, Qərb ölkələrində Azərbaycana dəstək verən, Azərbaycanı müdafiə edən şəxsləri önə çəkməliyik, onlarla əlaqələri daha da artırmalıyıq”.
M.Zülfüqarlı hesab edir ki, biz Azərbaycan-Fransa Universitetini qapatmaq əvəzinə, onun vasitəsilə Fransa hökumətinin mövcud qərarlarını dəyişməsinə nail olmağa çalışmalıyıq. Azərbaycanın dünyada güclü dövlət olduğunu vurğulayan M.Zülfüqarlının sözlərinə görə, bütün dünya ölkələri ilə balanslı siyasətimizi davam etdirməliyik: “Təhsil sahəsində əməkdaşlıq siyasətini davam etdirməliyik. Bu baxımdan hesab edirəm ki, bizə fransız dili mütəxəssisləri də lazımdır və buna görə də bu universitetin qapadılması düzgün olmazdı. Bizə İtaliya, Fransa və digər dövlətlərlə əməkdaşlıqda rol oynayan mütəxəssislər lazımdır. Bizdə fransızdilli, ingilisdilli, rusdilli, çindilli, italiyandilli və sair mütəxəssislərə də ehtiyac var. Biz güclü bir dövlət kimi bu sahələri inkişaf etdirməliyik. Sadəcə, nəticədə onu deyim ki, indiyə qədər Qərblə təhsil sahəsində qurulan əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır, nəinki bir ölkənin ali məktəbini ləğv edib, onun yerinə digərini açmaq. Bu, Azərbaycanın balanslaşdırılmış siyasətinə tam uyğundur. Biz hakimiyyətdə müvəqqəti olan adamların bizə qərəzli mövqeyinə görə Azərbaycan-Fransa Universitetini ləğv etməli deyilik. Çünki o adamlar bu gün var, sabah yoxdular”.
İradə SARIYEVA