Azərbaycanda sentyabrın 28-də elan olunmuş hərbi vəziyyət ləğv edilir. Ölkə parlamenti dekabrın 11-də keçiriləcək növbəti iclasında Prezident İlham Əliyevin bu il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsinə baxacaq. Bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əli Facebook hesabında yazıb. Ölkədə hərbi vəziyyət sentyabrın 27-də Azərbaycan işğal altındakı torpaqlarının azad olunması üçün əks-hücum əməliyyatına başladıqdan sonra elan edilmişdi. 44 gün çəkən müharibə noyabrın 10-da bitib. Azərbaycanda bundan sonra yeni bir dönəmin başlandığının anonsu da verilib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri üçün artıq bəzi ölkələrin şirkətlərinə dəvət göndərildiyini bildirib. O bu ölkələrin adlarını açıqlamasa da, vurğulayıb ki, onlar Azərbaycana dost ölkələrdir. Prezident qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan şirkətləri ilə yanaşı dost ölkələrin də şirkətləri yenidənqurma və bərpa işlərində iştirak edəcək. Qeyd edək ki, Azərbaycan sentyabrın 27-dən başlayan və noyabrın 10-na qədər davam edən əks-hücum əməliyyatlarında Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşdırılmış Bəyanat nəticəsində 7 rayonunu işğaldan azad edib, Dağlıq Qarabağın bəzi hissələrini öz nəzarətinə alıb.
Çox maraqlıdır ki, bəzi radikal dairələr və onların xaricdəki havadarları Azərbaycan hakimiyyətinin, güya siyasi tədbirləri məhdudlaşdırmaq niyyətilə, elan olunan hərbi vəziyyəti ləğv etməyəcəyini bildirir. Bununla həmin dairələrin daha bir siyasi manipulyasiya cəhdinin boşa çıxdığını söyləyə bilərik?
“Ölkə Prezidenti müharibə dönəmində gözəl bir söz dedi ki, nəyi nə zaman etməyi o hamıdan yaxşı bilir”
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkədə həyata keçirilən antiterror əməliyyatının həcmi böyüyüb müharibə xarakteri aldığı üçün hərbi vəziyyətin elan olunması tam qanuni idi: “Bunu bilməyənlərə məsləhət görərdim ki, Azərbaycan qanunvericiliyi ilə yaxından tanış olsunlar. Bütün dünyada tətbiq edilən bir qaydadır. Bilirsiniz ki, hətta Ermənistan da hərbi vəziyyət elan etmişdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə çox uğurlu hərbi əməliyyatlar həyata keçirdi və ciddi nəticələr əldə etdi. Artıq vəziyyətin ləğvi zərurəti ortaya çıxıb ki, ölkə Prezidenti belə bir qərara imza atıb. Kimin nə deməsindən asılı olmayaraq, bütün bu proseslər tam qanunauyğun şəkildə həyata keçir. Ölkə Prezidenti müharibə dönəmində gözəl bir söz dedi ki, nəyi nə zaman etməyi o hamıdan yaxşı bilir. Hərbi vəziyyətin elan olunması və ləğvi tam qanuni prosesdir, heç kim də bununla manipulyasiya edə bilməz. Bununla yanaşı sərt karantin rejiminin tətbiqi, onun ləğvi ilə bağlı verilən qərarlar tam məntiqə və real situasiyaya əsaslanır. Milli maraqlarımızın müdafiəsi naminə verilən qərarlarda heç bir siyasi çalar ola bilməz. Bütün bu addımlar xalqımızın, dövlətimizin ümumi maraqları üçün atılır. Biz radikal dairələrdən belə manipulyasiya cəhdlərini daim görmüşük və onların heç bir nəticəsinin olmadığı ortadadır. Belə məsələlərlə siyasi dividend xatirinə alver etmək yolverilməzdir”.
Müsahibimizin sözlərinə görə, Azərbaycan artıq postmüharibə tədbirlərinə hazırlaşırsa, hərbi vəziyyətin ləğvi də tam məntiqlidir.
Məhəmmədəli QƏRİBLİ