Məlum olduğu kimi, Prezident İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevi general-polkovnik ali hərbi rütbəsi ilə təltif edib. Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova da general-polkovnik ali hərbi rütbəsi verilib. Xüsusi xidmət orqanları rəhbərlərinin ali hərbi rütbələrlə təltif olunmaları həm də maraqlı dönəmə təsadüf edir. Görünən budur ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonunu Ermənistan silahlı qüvvələrinin işğalından qurtarması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması sahəsində təhlükəsizlik orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və yüksək səviyyədə gəlməsi ilə bağlı amilin də bu məsələdə rolu olub.
Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında bizim xüsusi xidmət orqanlarının məhz Ermənistan xətti üzrə də səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan gərginliklə bağlı kifayət qədər aydın mesajlar verib, bəzi yeni məlumatları açıqlamışdı. Hələ o vaxt Prezident bildirmişdi ki, Ermənistan cəbhədə yeni müharibəyə hazırlaşır və həmin ölkədə baş verən ən xırda məsələdən belə bizim məlumatımız var: “Ermənistan son zamanlar Qarabağ cəbhəsində hərbi aktivliyini artırır, könüllüləri təlimlərə cəlb edir, təmas xəttinə topladığı hərbi texnika və canlı qüvvənin sayını artırır. Bunlar, təbii ki, Ermənistanın genişmiqyaslı təxribatlara hazırlığının başlanğıcıdır. Bizdə operativ kəşfiyyat məlumatı var. Biz bilirik ətrafımızda nələr baş verir. Bilirik və bilməliyik. Bizim xüsusi xidmət orqanları çox səmərəli işləyirlər. Bu qədər deyə bilərəm. Bundan artıq deyə bilmərəm”. Doğrudan da İlham Əliyevin bizim xüsusi xidmət orqanlarına istinadən verdiyi bu açıqlama öz təsdiqini tapmış oldu. Xüsusi xidmət qurumlarının rəhbərlərinin məhz indiki məqamda belə təltiflərə layiq görülmələrinə ekspertlərin münasibəti necədir?
“Onların fəaliyyətini nəzarətdə saxlamaq, məkrli niyyətlərinin qarşısını alıb neytrallaşdırmaqla bağlı ən məsuliyyətli vəzifə də məhz bu qurumların üzərinə düşür”
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı, ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, hər iki Xidmət rəisinə verilən dəyərləndirmə ən ali hərbi rütbə səviyyəsindədir: “Biz müharibədən əvvəlki və onun gedişi dönəmində xüsusi xidmət orqanlarımızın yüksək peşəkarlığa əsaslanan fəaliyyətinin şahidi olduq. Rütbələrin məhz indiki məqamda verilməsi həm də ölkə rəhbərinin bu Xidmətlərin işindən məhz müharibə dönəmində də razı qaldığının əlaməti sayıla bilər. Hər iki Xidmət rəisi kifayət qədər peşəkardır. DTX rəisi hələ birinci Qarabağ döyüşlərində ön cəbhədə döyüşən dövlət məmurlarımızdandır. Bu bir daha göstərir ki, peşəkarlar öz işinin öhdəsində daha layiqli gələ bilir. İş burasındadır ki, biz bu Xidmətlərin gördüyü bütün işlərdən detallı məlumatlı ola bilmirik. Çünki həmin işin spesifikası məxfiliyi sevir. Ancaq ümumi anlamda görürük ki, qələbəmizin təmin olunmasında bu qurumların da müstəsna xidməti olub. Prezident bir neçə dəfə məhz xüsusi xidmət orqanlarımızın Ermənistanla bağlı gördüyü işləri təqdir edən fikirlər səsləndirib. Mən deyərdim ki, hər iki qurum üçün gərgin fəaliyyət bundan sonra başlayacaq. Çünki əldə olunan uğurları həzm etməyən xarici qüvvələr və onların daxildəki tərəfdarları mövcuddur. Onların fəaliyyətini nəzarətdə saxlamaq, məkrli niyyətlərinin qarşısını alıb neytrallaşdırmaqla bağlı ən məsuliyyətli vəzifə də məhz bu qurumların üzərinə düşür. Əminəm ki, bu peşəkarların xidmətinə verilən yüksək qiymət onların bundan sonra da əzmkar fəaliyyətinə əlavə stimul olacaq. Hər iki Xidmət rəisinə uğurlar arzulayıram”.
Ekspertin sözlərinə görə, ölkənin təməlini qoruyan bu qurumların fəaliyyəti nə qədər yüksək səviyyədə olacaqsa, bizim də təhlükəsizliyimizin qarantı həmin dərəcədə yüksək olacaq.
Məhəmmədəli QƏRİBLİ