Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə aparılacaq işlərin mahiyyəti və gələcək planlardan danışıb: “İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi”.
Dövlət başçısı bildirib ki, indi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq: “Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib. Amma demək olar ki, Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb, Cəbrayıl şəhərində də. Zəngilan, Qubadlı eyni vəziyyətdədir. Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır. Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayırdılar. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədər - o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər - onlar orada da vəhşilik törətdilər, evləri yandırdılar, sökdülər. Halbuki, o evləri onlar yox, o vaxta qədər - 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər, yəni dünyanın gözü qarşısında vəhşilik törətdilər. Beynəlxalq media qurumları da bu barədə reportajlar hazırlayıb mətbuata vermişlər. Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdır və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyünü bərpa etmişdir".
Göründüyü kimi, Prezident işğaldan azad edilən ərazilərimizdə yeni bərpa dönəminin başladığının anonsunu verib. Təbiidir ki, bu bərpa dönəminin vacib aspektlərindən biri də xarici investisiyanın həmin regionlara cəlbidir. Azərbaycanın investisiya cəlbi ilə bağlı geniş iş təcrübəsi var. Çünki indiyə qədər bu istiqamətdə ciddi uğurlara imza atılıb. Ancaq indiki tamamilə fərqli bir zamanda işğaldan azad edilən ərazilərə yerli və xarici investisiyanın cəlbinə nail olmaq üçün iqtisadi siyasətimizdə hansı yenilikləri etməliyik?
“İnvestorların cəlb edilməsi üçün tamamilə yeni proqram hazırlanmalıdır”
Beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın işğaldan azad edilən əraziləri geniş təbii ehtiyatlarla zəngindir: “Həmin ərazilərin uzun müddət işğalda qalması Azərbaycanın iqtisadiyyatına ciddi ziyan vurub. Bunun nəticəsində Ermənistan öz büdcəsini doldurub. Söyüdlü, Qızılbulaq, Vejnəli kəndlərindəki qızıl ehtiyatlarından istifadə edərək, Ermənistan il ərzində ciddi vəsaitlər qazanıb. Zəngəzur mis-molibden yataqlarını istismar edən şirkət Ermənistan büdcəsinin ən iri vergi ödəyicisidir. Bu şirkət xammalı Kəlbəcər və Zəngilandan əldə edib. 44 günlük müharibədən sonra Ermənistanın əlindən bu imkanlar çıxıb. Bütün bu avantaj Azərbaycanın əlinə keçib. Bundan başqa, Ermənistan həmin ərazinin təbiəti və relyefindən istifadə edərək turizmi, xüsusilə də dağ turizmini inkişaf etditib. Ermənistanın taxıl tələbatının təqribən 80 faizi işğalda olan ərazilərimiz vasitəsilə təmin edilirdi. Onların kənd təsərrüfatı nazirliyi hesabat verib ki, ölkənin istehsal etdiyi 200 min ton taxilın 120-150 min tonunu bizim ərazilərimizdən əldə edib. Düşmən südçülük, heyvandarlıq sahəsini də həmin ərazilərdə inkişaf etdirib. Çünki SSRİ dönəmində Azərbaycan kənd təsərrüfatının böyük hissəsi məhz həmin ərazilərdə geniş inkişaf edib. Bu baxımdan da bizə həmin infrastrukturu bərpa etmək üçün çox ciddi investisiya tələb edilir. Bütün yükü dövlət büdcəsinin üzərinə yükləmək olmaz. Yerli və xarici investorların cəlbi şərtdir. Hesab edirəm ki, dünyanın bir çox ölkələri həmin zəngin ərazilərə investisiya qoyuluşunda maraqlı olacaq. Bu həm bizə, həm də siyasi dəstək anlamını daşıyacaq. Çünki regiona investisiya yatıran ölkələr oranın təhlükəsizliyinin təminatında bizim qədər maraqlı olacaqlar. İnvestorların cəlb ediləməsi üçün tamamilə yeni proqram hazırlanmalıdır. Həmin proqamda yerli və mərkəzi icra hakimiyyətlərinin qarşısına şərt olaraq bəzi öhdəliklər qoyulmalıdır. Bilirsiniz ki, icra hakimiyyəti strukturları bəzən investisiya cəlbinə mane olurlar. Onların müdaxiləsi zəifləməli, investorların cəlbi məsələsi ilə bağlı üzərlərinə öhdəliklər qoyulmalıdır. Mərkəzi Bankın ehtiyatlarından yerli banklar vasitəsilə güzəştli, korporativ kreditlərin təklifi davam etdirilməlidir. Bu, eyni zamanda bank sektorunun inkişafına, sahibkarların aktivliyinə gətirib çıxaracaq. Başqa sahələrlə də bağlı stimullaşdırıcı addımlar atılmalıdır”.
Ekspertin sözlərinə görə, Azərbaycanın bu sahədə geniş təcrübəsi var ki, dünya reytiqlərində yüksək pillələrdə qərarlaşıb: “Sadəcə, bir qədər təkmilləşdirilməyə fikir verilməlidir”.
Məhəmmədəli QƏRİBLİ