İşğal dövründə ermənilər Qarabağdakı və ətraf rayonlardakı Qafqaz Albaniyası dövrünə aid olan bütün alban-xristian abidələrinə, monastırlarına qarşı saxtalaşdırma cinayətləri həyata keçiriblər.
Ermənilərin Xudavəng monastırına qarşı həyata keçirdikləri saxtalaşdırma cinayəti isə daha dəhşətlidir.
II Qareginin qanunsuz olaraq Xudavəng monastırına rəhbər təyin etdiyi terrorçu Ter-Ovanes Ovannisyan…
Məlum olduğu kimi, düşmən terrorçunu keşiş elan edərək, onu Xudavəng monastırına rəhbər təyin etmişdi. 1993-cü ildə Kəlbəcər rayonunu düşmən işğal etdikdən sonra orada yerləşən Xudavəng monastırına bütün ermənilərin katolikosu bu terrorçunu rəhbər təyin etmişdi. Ter-Ovanes Ovannisyan adlı bu terrorçu elə o vaxtdan Kəlbəcər işğaldan azad edilənədək sözügedən monastıra rəhbərlik edirdi.
Qeyd edək ki, Ovannisyan 1990-cı illərin əvvəllərində dinc Azərbaycan sakinlərinə qarşı törətdiyi vəhşiliklərlə tanınıb. Onun Qarabağdakı azərbaycanlılara qarşı etnik təmizləmələrdə iştirak etdiyi deyilib. İkinci Qarabağ müharibəsi başlayanda da “Ovanes ata” əlində avtomat tutaraq hər kəsi silaha sarılmağa və Azərbaycana qarşı mübarizə aparmağa çağırırdı. Kəlbəcər azad olunduqdan sonra isə o, monastırı tərk etməyəcəyəni bildirsə də, lakin qısa müddət sonra erməni katolikosu II Qaregin tərəfindən İrəvana çağırılıb.
Bildirək ki, Xudavəng monastırının dini varisləri Alban-udin xristian icmasının üzvləri Kəlbəcərdəki Xudavəng monastrında olublar. Xristian din xadimlərimiz monastırda dini ayinlər icra ediblər. Həmin vaxt orada olan erməni keşişləri alban-udinlərə mane olmağa çalışsalar da, lakin məqsədlərinə nail ola bilməyiblər. Alban-udin xristian icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırının vaizi təyin olunub.
Aydındır ki, Azərbaycanın rəsmi strukturları və sıravi azərbaycanlılar işğaldan azad edilmiş ərazilərdə yerləşdikcə, Qarabağdakı alban monastırlarına “ev sahibliyi” etmək istəyən davakar erməni keşişləri o yerləri özləri tərk edib gedəcəklər.
Ekspertlər qeyd edirlər ki, alban-udin əsilli xristian ruhanilərimizin erməni keşişlərinin qarşısından geri çəkilməmələri də olduqca təqdirəlayiq haldır.
Azərbaycan Xudavəng monastırına Rafiq Danakarini vaiz təyin edib
Qeyd etdiyimiz kimi, Kəlbəcər rayonundakı Xudavəng monastırına R.Danakari vaiz təyin olunub. R.Danakari açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 400-ə yaxın alban kilsəsi var və onların hamısını ziyarət edəcəklər: “Bizim işğaldan azad edilən ərazilərimizdə də kilsələr var. 300-dən çox kilsə Qarabağ bögəsindədir. Onların hər birini ziyarət edəcəyik. Ermənilər işğal etdikləri ərazilərimizdə olan kilsə və monastırlardakı bütün tarixi əşyaları və ədəbiyyatı məhv ediblər, alban kilsələrinə, monastırlara erməni xaçı quraşdırıblar”.
O, həmçinin, qeyd edib ki, ermənilər monastırdakı bütün əşyaları məhv ediblər. Eləcə də bildirib ki, Kəlbəcər rayonundakı Xudavəng monastırını ziyarətə gedərkən gözləmədikləri halda erməni keşişlərlə qarşılaşıblar. “Monastırda olan erməni keşişləri bizim ziyarətimizə mane olmaq istəsələr də, buna nail ol bilmədilər. Müəyyən müddət onlar bizim ziyarətimizə mane olmaq istədilər. Monastırda çəkiliş aparmağa qadağa qoymaq istəyirdilər. Biz onları başa saldıq ki, monastır ermənilərə aid deyil, biz udinlərindir. Biz onlara sübut etdik ki, monastırı onlar 1993-cü ildə zəbt ediblər. Faktlar göstərdik ki, onlar monastırda, kilsələrdəki bütün əşyaları məhv ediblər. Dekabrın 4-ü, həmçinin, xristianların bayramıdır. Biz ona görə getmişdik ki, monastırda şam yandıraq, ziyarət edək. Erməni keşişlərin maneçiliyinə baxmayaraq, biz ziyarətimizi etdik, şamlar yandırdıq və monastırda çəkilişlər də etdik”.
Vaiz bildirib ki, səfər zamanı onlar monastırda erməni keşişlərinin olmasına da etiraz edib və bunu Rusiya sülhməramlılarına deyiblər: “Biz etiraz etdik ki, Azərbaycan ərazisində erməni keşişlərin nə işi var? Sülhməramlılar isə onların müvəqqəti olaraq burada qaldıqlarını bildirdilər”.
Hamlet Petrosyanın sayıqlamaları...
İşğal dövründə Ağdamın Şahbulaq qalası ətrafında mifik “Tiqranakert şəhəri” “axtarışları” ilə bağlı üzdəniraq ekspedisiyaya rəhbərlik edən və ermənilərin həyata keçirdikləri kütləvi saxtalaşdırma kampaniyasının başında dayanan İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin Kulturologiya şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Hamlet Petrosyan əsassız olaraq iddia edir ki, “Dadivəngdə binaların memarlıq dizaynından heykəllər, xaçkarlar və fresklərə qədər “əfqan”, “udi”, heç bir qeyri-erməni komponenti yoxdur” . Guya ki, Dadivəngdə XII-XVII əsrlərə aid “200-ə yaxın erməni yazısı istisna olmaqla, başqa dildə bir hərf də yoxdur”.
Xudavəngdə bizim mədəniyyətin izlərini siliblər...
Tarixçilər qeyd edirlər ki, Xudavəng monastırı - Dadivəng Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G.Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsilə inşa edilib. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilib.
Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub.
Kompleksə daxil olan tikililərin ən qədimi VIII-IX əsrlərə aid edilsə də, kafedral kilsəsi və digər vacib tikililər XIII əsrdə inşa edilib. Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Ərazi olduqca cazibədar təbiətə malikdir. Buna görə də monastır memarlarının qarşısında duran tələblərdən biri kompleksin memarlığının landşaftla vəhdətinin yaradılması olmalı idi. XIX əsrin II yarısında Qafqazın dağlıq ərazilərinin geologiyasını öyrənmiş Q. Abix qeyd edir ki, Xudavəng və onu əhatən edən təbiətin gözəlliyini təsvir etməyə söz tapa bilmir.
Monastırın adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd edilir. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqəlidir. Belə ki, Dadi və ya Dada, Həvari Faddey tərəfindən “xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş” 70 həvaridən biri olub. Xristianlığı təbliğ etdiyinə görə o, Qarabağda əzablı ölümlə üzləşib. Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı Xudavəng monastırının yerləşdiyi Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. 1994-cü ildə müharibənin bitməsindən sonra monastır yenidən istifadəyə verilir. 2004-cü ildə erməni əsilli ABŞ iş adamı Edel Hovnanyan monastırda qanunsuz olaraq restavrasiya işləri aparır ki, bu proses 2005-ci ildə tamamlanır. 2017-ci ilin avqust ayında əvvəllər Xudavəng monastırında qanunsuz restavrasiya işləri aparan italyan mütəxəssislər monastırın “təmizlənməsinə və restavrasiya” prosesinə davam etmək üçün geri qayıdırlar. Onlar artıq kompleksə daxil olan dörd kilsəni və onların freskalarını “restavrasiya” ediblər, saxtalaşdırma layihəsinin isə 2020-ci ilə qədər tamamlanması “planlaşdırılırdı”.
Bununla birlikdə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində atəşkəs bəyanatı imzalanır, Kəlbəcər rayonu daxil olmaqla Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlar Azərbaycana qaytarılır. Bu zaman ermənilər Xudavəng monastırını tərk edirlər və monastırın baş rahibi kompleksdəki ermənilərə heç bir aidiyyəti olmayan alban xristian incəsənət nümunələrini, o cümlədən, zınqırov və xaç daşları oğurlayaraq Ermənistana aparır. Erməni qoşunları bölgədən çıxarıldıqdan sonra monastır Rusiya sülhməramlı qüvvələrinin himayəsinə verilir. 4 dekabr 2020-ci ildə Qafqaz albanlarının etnik və mədəni varisləri olan Azərbaycanın udi icmasının nümayəndələri kompleksi ziyarət edirlər və monastırın içərisində liturgiya keçirirlər. 5 dekabrda udi xristian pravoslav icmasının sədr müavini R.Danakari Xudavəng monastırına vaiz təyin olunub.
Ermənilər Xudavəng monastırında mədəni irs soyqırımı həyata keçiriblər
Mədəni irs üzrə tanınmış mütəxəssis Faqi İsmayılov bizimlə söhbətində bildirdi ki, işğal dövründə ermənilər Xudavəng monastırından bizim izlərimizi silmək üçün hər cür cinayətlərə əl atıb, burada saxtalaşdırma işləri aparıblar. “Hamlet Petrostyan Kəlbəcər işğaldan azad olunandan sonra azərbaycanlıların Xudavəngdə ibadətə getmələrini əsassız olaraq “bir mədəniyyətin soyqırımı” adlandırırsa, Petrosyanın 28 illik işğal dövründə qanunsuz olaraq Azərbaycanın ərazilərində, həm Azıx mağarasında, həm Ağdamın Şahbulaq, həm də Xocalı, Xocavənd ərazilərində apardığı arxeoloji qazıntı işləri Azərbaycan mədəni irsinə qarşı gerçək soyqırımlardır. Hamlet Petrosyan Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşıdır. Bu adam haqqında topladığım məlumatlar, faktlar əsasında Petrosyanla bağlı məhkəmə iddiası qaldırmaq istəyirəm. Bu adam Azərbaycan ərazisində çoxlu sayda qanunsuz arxeoloji qazıntı işinə rəhbərlik edib. İkinci bir tərəfdən, mən onun nəzərinə çatdırıram ki, o hələ əvvəlcə Xudavəng-Dədəvəng monastırının tarixini öyrənsin. Xudavəng monastırı 6-7-ci əsrlərdə inşa olunub və 15-ci əsrdə bu abidə alban knyazlığının dini məbədi olub. Təsəvvür edin ki, 15-ci əsrdə bu ərazilərdə, Azərbaycan torpaqlarında ermənilərin mövcudluğu mümkünsüz idi. Siz də bilirsiniz ki, Çar Nikolayın fərmanı, çar Rusiyanın köməkliyi və dəstəyilə ermənilər Azərbaycan ərazilərinə, Qarabağa və digər ərazilərimizə 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürülüb və məskunlaşdırılıb. Petrosyanın “əfqan”, “udi” adlarını işlətməsi onun şəxsi eqoistliyindən irəli gəlir. “Əfqan” məsələsi qondarma bir məsələdir. Udilərə gəlincə, bilirik ki, o monastırda udi mədəniyyətinin dərin izləri var, lakin o izlər ermənilər tərəfindən saxtalaşdırılıb. Udilər Albaniyanın 26 tayfasından biri olublar, onlar xristiandırlar. Udilərin istədikəri vaxt xristian alban abidələrində ibadət etmək hüquqları var. Onlar məhz o hüquqdan istifadə edərək Xudavəng monastırını ziyarət ediblər və orada ibadət ediblər. Eyni zamanda, Azərbaycan tərəfindən Xudavəng monastırına milliyyətcə udi olan şəxs vaiz təyin edilib. Burada da qanunsuz heç bir şey yoxdur. Biz Xudavəng monastırının üzərində ermənilərin həyata keçirdikləri saxtakarlıqları, qanunsuzluqları, vandalizmi aşkar etmək istəyirik ki, bu monastırın giriş qapısının əzəli və sonrakı görkəmlərini müqayisə edək. Ermənilər Xudavəng monastırının giriş qapısını öz əzəli formasından məhrum edərək onu tamamilə söküb yenidən tikiblər. İkinci bir tərəfdən, Birinci Qarabağ müharibəsində Ermənistanın Basarkeçər rayonundan gələn ermənilər Xudavəng monastırının daxilində taxta üzərində yağlı boya ilə işlənmiş rəsmlərin bir qismini balta ilə çapıb, talayıb qırıblar. Sonrakı dövrlərdə ermənilər Xudavəng monastırının üzərindəki və divarlarındakı xaç nişanlarını dəyişdirdilər və bunu zorakı şəkildə erməniləşdirməyə məruz qoydular, bunu “erməni mədəni irs nümunəsi” kimi dünyada təbliğ etməyə başladılar. Baxın, bunun özü mədəniyyətin soyqırımıdır. Hər kəs də etdiyinin cavabını almalıdır” - deyə F.İsmayılov qeyd etdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.