Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə jurnalistlərin “Orada başçı kimdir” sualına cavab olaraq deyib ki, Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağda öz fəaliyyətlərini həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə koordinasiya edir:
“Orada başçı yoxdur, orada iki münaqişə tərəfi var -Azərbaycan və Ermənistan. Həmin tərəflər Rusiya tərəfi ilə birlikdə məlum Putin-Əliyev-Paşinyan bəyanatını imzalayıblar. Və həmin bəyanatın yerinə yetirilməsini Rusiya hərbçiləri, habelə Rusiya humanitar missiyası həyata keçirir. Hansı ki, bu humanitar missiya təkcə hərbçilərdən ibarət deyil və öz hərəkətlərini həm azərbaycanlılarla, həm də ermənilərlə koordinasiya edir”.
Putinin sözçüsü əlavə edib ki, Rusiya son hərbi münaqişədən sonra Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib: “Həmin ərazinin kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən olunub, kifayət qədər çoxdan müəyyən olunub. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, Rusiya heç nəyi dəyişməyib, əslində heç bir ölkə dəyişməyib. Prezident Putin də dedi ki, Qarabağ öz-özlüyündə tanınmayıb, onu hətta Ermənistan da tanımayıb. Prezident Putin bu haqda bildirib”.
Peskovun Rusiyanın rəsmi mövqeyini ifadə edən bu yanaşması Ermənistana növbəti diplomatik zərbə sayıla bilərmi?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son müharibədən sonra ermənilər öz hərbi məğlubiyyətlərini diplomatik sahədə kompensasiya etmək istəyirlər. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrinin parlamentlərində, dövlət rəsmilərinin keçirdiyi mətbuat konfranslarında belə informasiya təxribatına əl atırlar. Növbəti belə təxribatı Peskova verilən suallarla izah edə bilərik. Rusiyanın rəsmisi isə həmin təxribatçı suala çox konkret və sərrast cavab verib. Məlumdur ki, uzun müddət ərzində davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ heç bir status olmadan həll edildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Ancaq bunlar da məsələnin hamısı deyil. Çünki biz bilirik ki, ermənilər dünyanın müxtəlif yerlərindən bizə informasiya hücumlarına keçəcəklər. Bilməliyik ki, hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perespektiv təmin edib. Bəllidir ki, noyabrın 10-da imzalanmış Bəyanat çoxlarını narahat edir. Bu səbəbdən onu pozmağa çalışırlar. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıb. Türkiyə-Rusiya birgə mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır”.
Ekspertin sözlərinə görə, Peskov, diplomatik olsa da, ermənilərə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz: “Onun istinad etdiyi qətnamələrdə nəinki Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, həm də Ermənistanın işğalçılığı sübut olunur. Çünki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində yazılır ki, Ermənistan dərhal Azərbaycanın işğal altındakı rayonlarını tərk etməlidir. Bu da o anlama gəlir ki, Qarabağ bizimdir, ermənilər isə işğalçıdır. Bununla bir daha subut olundu ki, Rusiya ermənilərin gələcəkdə planlaşdırdığı status məsələsinə dəstək verən deyil”.
Ekspert hesab edir ki, yaxşı olar, Ermənistan Qarabağın məhz Azərbaycana məxsusluğunu birmənalı olaraq qəbul etsin: “Bundan kənar istənilən cəhd onları məhvə aparacaq”.
Məhəmmədəli QƏRİBLİ