Ordunun qələbələrini çevik danışıqlarla tamamladınız - Zakir Fərəcov Prezidentə yazdı...

img

“İcazə verin Sizi böyük Qələbə, möhtəşəm hərbi-siyasi zəfər münasibətilə bütün laçınlılar və şəxsən öz adımdan təbrik edim.

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydunuz və xalqımızın xilaskarı oldunuz. Sözün həqiqi mənasında böyük hünər və qəhrəmanlıq göstərdiniz. Siz bu möhtəşəm Qələbə naminə güclü dövlət, güclü iqtisadiyyat və ən nəhayət məğlubedilməz, müasir, mobil bir Ordu yaratdınız.

Sizin rəhbərliyinizlə xalqımız 44 günlük Vətən müharibəsində uzun müddət davam edən münaqişənin hərbi yolla sürətli və ədalətli həllini bütün dünyaya sübut etdi. Müzəffər Azərbaycan Ordusunun cəbhədə qazandığı misilsiz qələbələri Siz fəal, çevik diplomatiyanız və apardığınız gərgin, siyasi danışıqlarla tamamladınız. Təkcə hərb meydanında deyil, ideoloji savaşda da qələbə qazandınız. Ermənistanın faşist əqidəli rəhbərliyini kapitulyasiyaya məcbur etdiniz. Uzun illər düşmən tapdağı altında olan Ağdam, Kəlbəcər və bizim doğma Laçın rayonunun ərazilərini heç bir güllə atmadan işğaldan azad etdiniz. Siz respublikamızın 56 şəhər və rayonunda məskunlaşmış 77 minlik laçınlıların 28 illik Vətən həsrətinə son qoydunuz.

...Bu gün biz laçınlılar həyatımızın ən xoşbəxt, ən qürurlu günlərini, sözlə ifadə oluna bilməyən şərəfli dəqiqələrini, sevincli anlarını yaşayırıq. Azərbaycanın hər bir guşəsi bizə doğma və əzizdir. Ancaq etiraf edirik ki, doğulub boya başa çatdığımız 28 il əsarətdə olan, ulularımızın uyuduğu Laçının yağı düşməndən azad edilməsi bizim üçün tamam başqa bir hissdir.

Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində biz laçınlıların taleyində yeni bir həyat başlayır. İnanırıq ki, ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Laçını dağlar qoynunda necə abad, inkişaf etmiş gözəl bir şəhərə çevirmişdisə, Siz də qısa müddətdə Laçını gözəl, abad bir diyara və turizm bölgəsinə çevirəcəksiniz.

...Respublikamızın müxtəlif rayonlarında, Taxtakörpü qəsəbəsində və xüsusilə Sumqayıt şəhərində məskunlaşmış laçınlılar, el ağsaqqalları, müharibə veteranları, şəhid ailələri, ziyalılar mənə müraciət edir, zəng vurur və dönə-dönə xahiş edirlər ki, onların ən böyük minnətdarlıq duyğularını Sizə çatdırım.

Biz laçınlılar hər zaman, həmişə Sizinlə olmuşuq və bundan sonra da Sizinləyik. Azərbaycanı xoşbəxt gələcəyə aparan siyasətinizi dəstəkləyənlərin ön cərgəsindəyik. Bizlərə bu sevinci və qürurverici günləri yaşatdığınıza görə sonsuz minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə, çox hörmətli Mehriban xanıma uzun ömür və möhkəm cansağlığı arzulayır, xalqımızın və dövlətimizin xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz mühüm tarixi missiyada yeni–yeni uğurlar arzulayırıq.

Allah Sizi qorusun!”

Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Sumqayıt şəhərindən Zakir Fərəcov bildirib.

Baki-xeber.com

Son xəbərlər