Ermənilər İrəvandan 10 saata Xankəndinə gəlincə biz yarım saata orada olacağıq - Prezident Qarabağda daha təhlükə mənbəyinin olmayacağını inamla söylədi...

Seyid Camal Əzimbəyli: “Belə bir uğurlu prosesdən sonra ermənilər bizə qarşı praktiki təhdidlə çıxış edə bilməyəcəklər”

img

“Öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın”. Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ölkə başçısı qeyd edib ki, bizim qələbəmiz tarixi Qələbədir: “Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat”.

Prezidentin fikrincə, bu, gələcək perspektivlərimizi diktə edəcək: “Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur”.

Göründüyü kimi, ölkə Prezidenti tutarlı arqumentlərə söykənərək, Qarabağda bundan sonra təhlükə mənbəyinin olmayacağını dedi.

Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?

  • “Hərbi uğurumuz bundan sonra diplomatik müstəvidə dövlətimizin gücünü əhəmiyyətli dərəcədə artıracaq”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ordumuz Qarabağla bağlı vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi: “Bəli, biz bu gün inamla deyə bilərik ki, Qarabağda mövcud təhdid mənbələri zərərsizləşdirilib. Nəzərə almaq lazımdır ki, Azərbaycan 4 ətraf rayonu güc yolu ilə geri qaytardı. Eyni zamanda, Dağlıq Qarabağın 40 faizini iğaldan azad etdik. Döyüşdə əldə etdiyimiz uğurlu dönüş Ermənistanı məcbur etdi ki, digər 3 rayonu bir güllə atmadan bizə təhvil versin. Təbii ki, belə bir uğurlu prosesdən sonra ermənilər bizə qarşı praktiki təhdidlə çıxış edə bilməyəcəklər. Nəzərə almaq lazımdır ki, Qarabağın status məsələsi də tarixə qovuşdu. Hərbi uğurumuz bundan sonra diplomatik müstəvidə Azərbaycanın gücünü əhəmiyyətli dərəcədə artıracaq. İndi qalır işğaldan azad edilən rayonların sürətlə bərpa edilməsi və bununla paralel, Dağlıq Qarabağdakı digər ərazilərin qaytarılması. Daha konkret desək, inteqrasiya prosesi. Hesab edirəm ki, inteqrasiya prosesi uğurlu olacaq. Azərbaycanın qanunlarını qəbul edən ermənilər orada yaşaya bilərlər. Nəqliyyat və digər iqtisadi imkanlarımız prosesin uğurla getməsini sürətləndirəcək”.

Şərqşünas onu da qeyd etdi ki, ermənilərin xisləti bəlli olduğundan, biz hər zaman ayıq olmalıyıq.

Vidadi ORDAHALLI

Son xəbərlər