Laçınla bağlı çoxillik erməni planı belə məhv oldu - bütün rayonun əvəzində cəmi 5 kilometr dəhliz...

Fikrət Sadıqov: “Sözügedən məsələdə Azərbaycan öz prinsipiallığını ortaya qoydu”

img

“Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir”. Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Ölkə başçısının sözlərinə görə, Laçın dəhlizi məsələsi həmişə ayrı bir mövzu kimi müzakirə olunurdu: “Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Laçın rayonu Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı”.

Prezident onu da qeyd edib ki, bəyanatın ilkin versiyasında Laçın dəhlizinin eninin 30 kilometr olması təklif edilirdi: “Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

Göründüyü kimi, Prezidentin qətiyyəti sayəsində ermənilərin Laçn dəhlizi ilə bağlı çoxillik planları iflasa uğrayıb.

  • “Nəticədə ermənilərin Laçınla bağlı planları fiaskoya uğradı”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində erməni tərəfinin mənfur planı baş tutmayıb: “Əvvəla Ermənistan çox şey istəyə bilər, amma bu o demək deyil ki, biz onların hər dediyi ilə razı olmalıyıq. Təbii ki, yox. Biz yalnız 5 kilometrə razılaşdıq. Bu, özü-özlüyündə, o deməkdir ki, bəzi xarici dairələr bizi mürəkkəb vəziyyətə salmaq istəyirdilər. Bəzi Qərb dairələri ermənilərin hər dediyini dəstəklədikləri üçün onlar 44 günlük müharibəyə qədər barışmaz mövqe sərgilədilər. Ermənilərə dur desəydilər, onlar ötən illər ərzində danışıqlarda bu dərəcədə qeyri-konstruktiv mövqe tuta bilməzdilər. Əfsuslar olsun ki, xarici dairələr onları ilhamlandırdılar. Bütün bunlara rəğmən, ermənilərin Laçınla bağlı planları fiaskoya uğradı. Nəticə etibarilə biz deyən oldu. Faktiki olaraq, sözügedən prosesləri biz idarə edirik, ermənilər yox. Ermənilərin bir sıra tələblərlə çıxış etməsinə baxmayaraq, təşəbbüs bizim əlimizdədir. Çünki bütün ərazilər bizə məxsusdur. Laçın şəhərinin müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olması o demək deyil ki, ora bizim deyil. Laçın Azərbaycan ərazisidir və sözügedən məsələdə Azərbaycan öz prinsipiallığını ortaya qoydu. Nəticədə öz maraqlarımıza uyğun addım atdıq”.

Politoloq hesab edir ki, bundan sonra gedən proseslər Azərbaycanın xeyrinə olacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər