Naxçıvana bir yox, iki dəhliz qazandıq - Prezident müharibənin daha bir geosiyasi nəticəsini açdı...

Fikrət Yusifov: “Bu, Naxçıvanın iqtisadi inkişafına önəmli təkan verəcək və yeni mərhələ açılacaq”

img

Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında ikinci dəhlizin yaradılması ideyası Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənib.

Ölkə başçısının sözlərinə görə, bu o deməkdir ki, 2 dəhliz olmalıdır: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində bəyanata salınmışdır. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar”.

Maraqlıdır, Naxçıvana bir yox, iki dəhlizin açılmasının nəzərdə tutulmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Bu dəhliz üzərindən qurulacaq nəqliyyat layihələri Rusiya, Türkiyə, İran, Azərbaycan və digər ölkələri əhatə edəcək”

Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professsor Fikrət Yusifovun sözlərinə görə, ikinci dəhlizin də nəzərdə tutulması çox mühüm əhəmiyyət kəsb edir: “10 noyabr razılaşmasının şərtlərindən biri də Naxçıvan üzərindən kommunikasiyaların açılmasıdır. Hesab edirəm ki, bu çox önəmli məsələdir və Naxçıvanın etibarlı şəkildə blokadadan çıxarılmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu, Naxçıvanın iqtisadi inkişafına önəmli təkan verəcək. Bölgənin inkişafında yeni mərhələ açılacaq. Bununla belə, tranzit yükdaşımalarda Naxçıvanın önəmi artacaq. Sözügedən nəqliyyat dəhlizi həm də bölgə ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz üzərindən qurulacaq nəqliyyat layihələri Rusiya, Türkiyə, İran, Azərbaycan və digər ölkələri əhatə edəcək. 10 illər boyu bağlı qalan bir nəqliyyat dəhlizi açılır, bundan Azərbaycan da, Türkiyə də, Rusiya da bəhrələnəcək. Rusiya bu dəhliz vasitəsilə Türkiyəyə çıxışını daha da asanlaşdıra bilər. O cümlədən, bu, region ölkəsi olan Ermənistanın da iqtisadi inkişafına müsbət təsir edəcək. Ermənistan yarımblokada şəraitində yaşayır və iqtisadiyyatı çöküb. Bir tərəfdən pandemiya, o biri tərəfdən müharibə Ermənistanı kollaps vəziyyətinə salıb. Ermənilərin ağlı olsa və reallığı düzgün dəyərləndirsələr, bundan faydalanacaqlar”

Professor onu da vurğuladı ki, bu, bütövlükdə, regional əlaqələrə müsbət təsir edəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər