Azad edilmiş ərazilərimizin yarısı ordunun, yarısı diplomatiyamızın çiynində - mühüm faktı Prezident açdı…

Aydın Mirzəzadə: “…işğal altında olan bütün torpaqlarımızın döyüşlə, şəhid və qazilərimizin qanı, əsgər və zabitlərimizin rəşadəti hesabına alınması deməkdir”

img

“Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik”.  Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciətində deyib.

 

Azərbaycan Prezidenti bildirib ki, eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq: “Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı”.

 

Məsələ ilə bağlı fikir bildirən millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğal edilmiş torpaqların azad edilməsi çox ağır və mürəkkəb bir məsələdir. İndiki dövrdə böyük dövlətlər torpaqların geri qaytarılmasının hərbi yolla həllinin əleyhinə çıxırlar: “Daha çox diplomatik yolla həllinə üstünlük verirlər. Ancaq 30 ilə yaxındır ki, torpaqlarımızın azad olunması istiqamətində diplomatik həll yolu istənilən nəticəni vermədi. 30 ilə yaxındır ki, bu istiqamətdə danışıqlar gedirdi, ancaq Ermənistana təzyiq göstərən yox idi. Azərbaycan bütün dünyaya bəyan etdi ki, öz problemini özü həll etdi. Buna görə də 5 min kvadratkilometrə yaxın ərazi döyüş meydanında azad edildi. Bunun nəticəsində ermənilər məcburən qalan torpaqları geri qaytarmalı oldular.  

Məlum olduğu kimi, Erməni silahlı qüvvələrinin tərk etdiyi 5 min kvadratkilometrə yaxın ərazi Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin, Ermənistanın hökumət başçısının imzaladığı bəyanatın şərtləri daxilində ölkəmizə təhvil verilib. Ermənistan üçün kapitulyasiya aktı sayılan bu bəyanat isə yenə də müzəffər Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin diqtə etdiyi şərtlər altında imzalanıb. Bu isə işğal altında olan bütün torpaqlarımızın döyüşlə, şəhid və qazilərimizin qanı, əsgər və zabitlərimizin rəşadəti hesabına alınması deməkdir”.

Günel CƏLİLOVA

Son xəbərlər