Prezident Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoydu - Dağlıq Qarabağ sakinləri Azərbaycan vətəndaşlarıdır...

Vüqar Rəhimzadə: “Cənab Prezidentin “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb bəyanatı, eyni zamanda, beynəlxalq aləmə əzəmətli bir mesajın nümunəsidir”

img

“Reallıq bundan ibarətdir ki, artıq Azərbaycanın ərazi bütövlüyü bərqərar edilib və “Dağlıq Qarabağ münaqişəsi” termini artıq tarixə çevrilib.

...Ona görə bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat”. Bu fikirləri Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə dekabrın 1-də xalqa müraciətində bildirib.

Daha sonra ölkə başçısı qeyd eidb: “Bir daha demək istəyirəm ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev tərəfindən səsləndirilən bu fikir tamamilə əsaslıdır. V.Rəhimzadənin sözlərinə görə, artıq bu münaqişə öz həllini tapdığı üçün “Dağlıq Qarabağ münaqişəsi” termininin işləkliyi arxada qalıb: “Bu münaqişə artıq öz həllini köklü şəkildə tapıb, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, bərpa olunub. Ona görə də cənab Prezident haqlı olaraq vurğulayıb ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. 27 sentyabra qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini tapması istiqamətində Azərbaycan tərəfindən kifayət qədər beynəlxalq səviyyəli təşəbbüs olub. Ancaq təəssüf ki, bu münaqişənin həlli siyasi yolla baş vermədi və münaqişə öz həllini hərbi yola tapdı. Azərbaycanın ərazi bütövlüyü təmin edildi və nəticədə də “Dağlıq Qarabağ münaqişəsi” termini tarixə qovuşdu. Bu gün “Dağlıq Qarabağ münaqişəsi” termini mövcud deyil, status-kvodan söhbət gedə bilməz, cənab Prezidentin də vurğuladığı kimi, artıq o status-kvo yoxdur, yalnız və yalnız Azərbaycanın ərazisi olan regionlarımız - Şuşamız, Laçınımız, Ağdamımız, Xankəndimiz və digər işğaldan azad edilən rayonlarımız, şəhərlərimiz var. İşğaldan azad edilən ərazilərimiz də digər ərazilərimizin malik olduğu statusa sahibdir və işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi üçün böyük işlər görüləcək, o ərazilərimizin bərpası işinə xüsusi diqqət yetiriləcək. Reallıq bundan ibarətdir ki, artıq Azərbaycanın ərazi bütövlüyü bərqərar edilib və “Dağlıq Qarabağ münaqişəsi” termini artıq tarixə çevrilib. Cənab Prezident də vurğuladı ki, Qarabağ ərazisində yaşayanların hamısı Azərbaycan vətəndaşlarıdır. Burada yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onlar Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar”.

V.Rəhimzadə hesab edir ki, Prezidentin bu bəyanatı həm də artıq tarixə qovuşan “Dağlıq Qarabağ münaqişəsi” terminini gündəmə gətirməklə müxtəlif süni siyasi oyunlar qurmaq istəyən beynəlxalq qüvvələrə, bəzi dövlətlərə də bir mesajdır: “Bu gün bəzi xarici qüvvələr və dövlətlər bu termini gündəmə gətirirlər, artıq mövcud olmayan bir münaqişənin ətrafında süni ajiotaj yaratmağa cəhdlər edirlər. Xüsusən də Fransa bu sahədə canfəşanlıq edir. Makronun və onun rəhbərlik etdiyi hökumətin bu canfəşanlığı, süni ajiotaj yaratmaq cəhdləri əbəsdir. Fransa hökuməti də, digər xarici qüvvələr də artıq dərk etməlidirlər ki, bu münaqişə öz həllini tapıb və “Dağlıq Qarabağ münaqişəsi” termini yoxdur, onu “diriltmək” cəhdləri faydasızdır. Mövcud olmayan bir məsələnin reallaşdırılmasına cəhdlər boş xülyadan başqa bir şey deyil. Bu, fantastikadır, mənasız bir şeydir. Bu həm də həmin qüvvələrin dünyada gedən siyasi proseslərdən xəbərsizliklərindən xəbər verir. Fikrimcə, cənab Prezidentin “Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb bəyanatı, eyni zamanda, beynəlxalq aləmə əzəmətli bir mesajın nümunəsidir”.

İradə SARIYEVA

Son xəbərlər