Azərbaycanın "Vətən Müharibəsi Qəhrəmanı" adı kimlərə veriləcək...

Təranə Məhərrəmova: “Qələbə münasibətilə təsis edilən bu status Vətənimiz durduqca, Vətən uğrunda keşikdə dayanan, canını hər an fəda etməyə hazır olan hər kəsə nəsib olmalıdır”

img

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli, 205-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalayıb.

Fərmana əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Prezidentinin öz təşəbbüsü ilə və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi sayılacaq. Əvvəl buna Milli Qəhrəman deyirdilər. Bəziləri deyirlər ki, guya bununla “Milli Qəhrəman” adı kənarda qalır, ayrıseçkilik yaranır.

Ancaq qeyd etmək lazımdır ki, “Milli Qəhrəman” və ya “Vətən Müharibəsi Qəhrəmanı” adı milli dəyərə malikdir, hər ikisi qəhrəmanların şücaətini əks etdirir.

Ekspertlər bildirirlər ki, hər iki ad bizim üçün qəbulediləndir və gərəklidir.

Tarixçi Təranə Məhərrəmova bildirdi ki, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişiklikdə hansısa dövr göstərilmir: “Bu baxımdan  da fərmanda hansısa dövr göstərilmir. İctimai müzakirələrdə "Milli Qəhrəman" statusu ilə “Vətən Müharibəsi Qəhrəmanı” statusu arasında üstünlüyün hansına veriləcəyi bəlli deyil deyə müəyyən tərəddüdlər var. Bu məqam, bütün hallarda, 30 ilə yaxındır davam edən müharibənin yekunudur və qələbə ilə yekunlaşması baxımından belə xüsusi adların təsis olunması uyğundur.

"Vətən Müharibəsi Qəhrəmanı" adı torpaqlarımızın müdafiəsində qəhrəmanlıq göstərmiş istənilən şəxsə verilə bilər. Hansısa xüsusi dövr üçün deyil, Qələbə münasibətilə təsis edilən bu status Vətənimiz durduqca, Vətən uğrunda keşikdə dayanan, canını hər an fəda etməyə hazır olan hər kəsə nəsib olmalıdır".

Günel CƏLİLOVA

Son xəbərlər