Ermənistanın informasiya resursları Azərbaycanın tarixi qələbə paradına qarşı piara "xod verdi"...

img

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir:

"Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilmişdir.

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil etmişdir.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır. Əsassız və həqiqətə uyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil. Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq, birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur”.

Göründüyü kimi, Ermənistan indidən Azərbaycanın keçirəcəyi qələbə paradına qarşı qara piara başlayıb.  Həmin ölkənin əsirlərin adı ilə bu şəkildə manipulyasiya etmək niyyəti nə ilə bağlı ola bilər?

 “Erməni əsirlərini gətirib müqəddəs Azadlıq meydanını çirkləndirmərik”

Məsələyə münasibət bildirən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov “Bakı Xəbər”ə bildirdi ki, 44 günlük müharibə zamanı düşmənin hərbi texnikası və canlı qüvvəsinin məhv edilməsi ilə yanaşı, xeyli sayda erməni hərbçisi də əsir götürülüb: “Onların arasında könüllü şəkildə Azərbaycana təslim olan hərbçilər də az deyil. Bu gün Ermənistan sözün bütün mənalarında dalana dirənmiş vəziyyətdədir. Həm siyasi, həm də daxili ictimai-siyasi vəziyyətlə bağlı Ermənistan cəmiyyəti çaşqın vəziyyətdədir. Onlar  hələ də anlaya bilmirlər ki, 4 il ərzində işğal etdikləri əraziləri bir göz qırpımında necə verə bildilər. Şokdan ayılmadıqları üçün gərginlik daha da artır. Müharibənin ilk günlərindən Azərbaycan hərbi uğurlar əldə etməyə başlasa da, erməni KİV-ləri həmin xəbərləri təkzib edirdi. Erməni cəmiyyəti isə öz hökumətinə inanmağa məhkum idi. Bir az keçəndən  sonra bunun adını “taktiki geri çəkilmə” qoydular. Noyabr ayının 9-də isə Ermənistandakı xalq sanki qəflət yuxusundan oyandı. Gördülər ki, bütün müharibə boyu hakimiyyət onları aldadıb. Artıq erməni cəmiyyəti əsir və itkin düşən vətəndaşlarının taleyilə də bağlı öz hökumətinə ümid bəsləmir. Hətta onların sosial şəbəkə seqmetində məlumat yayılır ki, əsgər valideynləri bununla bağlı Prezident İlham Əliyevə müraciət etməyi düşünürlər. Onların bundan başqa çıxış yolu qalmayıb. Ermənistanın hakim dairələri bu mövzu ilə də manipulyasiya edir ki, xalqı sakitləşdirsin. Biz bəyan etmişik ki, qələbə paradında Ermənistan tərəfindən qənimət götürülən silah və texnikanı nümayiş etdirəcəyik. Onlar öz xislətlərinə uyğun olan fikirlərini dilə gətirirlər ki, birdən Azərbaycan əsir götürdüyü erməni hərbi qulluqçuları da həmin pardadda nümayiş etdirib onları dünyada rüsvay edər. Azərbaycan bir şərəfli ölkədir. Biz hər zaman mübarizəmizi də şərəflə aparırıq. Erməni əsirlərini gətirib müqəddəs Azadlıq meydanını çirkləndirmərik. Bu bizə yaraşan hərəkət deyil. Bu səbəbdən də rəsmi açıqlama yayıldı ki, belə niyyətimiz yoxdur. Ermənilərdən fərqli olaraq, biz əsirlərlə bağlı bütün beynəlxalq konvensiyalara sadiq qalırıq. Onlar 7 ildir ki, girov götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmaq istəmirlər. Onların üzərində saxta məhkəmələr qurdular, onlara olmazın işgəncələr verdilər. Biz əsirlərlə necə davrandığımızı televizyada onların çıxışlarını izləyərkən görürük”.

Müsahibimizin sözlərinə görə, bu məlumatların heç bir əsası yoxdur: “Biz hərbi parad keçirəcəyik. Orada  hansısa əsirin nümayişi bizim ağlımızdan belə keçməz. Çünki orada Azərbaycanın şərəf tarixi nümayiş olunacaq”.

Məhəmmədəli QƏRİBLİ

 

 

Son xəbərlər