Fransada antidemokratik qadağalar - hər şeyi tv-lərə vermək olmaz, polisin şəklini çəkmək olmaz...

Şakir Ağayev: “Fransa hökuməti KİV-ə qarşı tətbiq etdiyi qadağalarla, jurnalistlərə göstərdiyi təzyiqlərlə bütün dünyaya...”

img

“Mən demokratik ölkəyəm” iddiasını ortaya qoyan Qərb və Avropa dövlətlərinin əksəriyyətində demokratiyanın yalnız adı var, özü isə yoxdur. Biz bunu aşkar şəkildə Fransanın simasında görürük.

Məlum olduğu kimi, Fransa polisi ölkə parlamentinə baxılması üçün təqdim edilən “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz edən nümayişçilərə qarşı böyük vəhşiliklər törədir, onları döyür, gözyaşardıcı qazdan istifadə edir.

Fransa hökuməti vətəndaşları müdafiə etmək, onların səslərini eşitmək əvəzinə, nümayişçiləri qəddarlıqla əzməsi üçün polisə böyük səlahiyyətlər verib. Hətta məlumatlara görə, etirazçılar arasında bir neçə gün əvvəl Fransa Senatının qondarma “DQR”lə bağlı çıxardığı qətnaməyə etiraz edənlər də var.

Türkiyə KİV-inin verdiyi məlumata görə, Fransada rəsmi olaraq televiziyalara bu ölkədə baş verən etiraz nümayişlərini, polis zorakılıqlarını göstərmək qadağan edilib. Fransa televiziyaları öz ekranlarında bu ölkədə baş verən iğtişaşlar, polis zorakılıqlarından deyil, hansısa Afrika ölkəsində baş verən etiraz nümayişlərindən kadrlar verirlər.   

Bundan başqa, Fransada etirazçılara zorakılıq göstərən polisilərin də şəkillərinin çəkilərək qəzet və jurnallarda nəşr edilməsi qadağan edilib. Etirazçılara zorakılıq göstərən polislərin şəkillərini çəkən yerli və xarici jurnalistlərə qarşı da güclü təzyiqlər, şiddət göstərildiyi bildirilir. Amma bunların heç birinin Fransa mətbuatında işıqlandırılmasına Makron hökuməti izacə vermir.

Bütün dünyanın gözü qarşısında Fransada söz, ifadə, fikir azadlığı boğulur, azad söz demək istəyən, öz haqqını tələb edən vətəndaşlara qarşı ağır şiddətlər tətbiq edilir. Bu gün Fransa söz və mətbuat azadlığını buxovlayan, onu təzyiq altında saxlayan bir dövlət kimi özünü göstərir.

“Demokratik” ölkə olan Fransanın antidemokratik addımları artıq bu ölkənin, onun hökumətinin mahiyyətini ortaya qoyur.

  • “...hansı haqla başqa ölkələrə belə “dərslər keçir?”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Fransada yeni deyil, uzun müddətdir belə qadağalar müşahidə olunur: “Bu gün Fransada baş verən qarşıdurmalar, iğtişaşlar, polisin vətəndaşlara qarşı qeyri-insani davranışları, prosesləri işıqlandırmaqla öz vəzifəsini yerinə yetirən KİV nümayəndələrinə göstərilən təzyiqlər, şiddətlər, bu görüntülərin telekanallarda göstərilməsinə tətbiq edilən qadağalar birmənalı olaraq yolverilməzdir. Fransa dünyaya demokratik dəyərlər, demokratik prinsiplər ixrac etmək iddiasındadır, əslində isə elə deyil. Bütün bu hallar Avropa İttifaqının üzvü olan Fransanın tamamilə iç üzünü, mahiyyətini açıb ortaya qoyur, bu ölkənin demokratik dəyərlərə antidemokratik münasibətini göstərir. Bilirsiniz, Azərbaycanda da bu xülyalarla yaşayan insanlar vardı ki, belə “demokratik dəyərlər”, belə “demokratik prinsiplər” var. Fransa hökumətinin mövcud davranışı bu dəyərlərin nədən ibarət olduğunu sübut edir. Bütün dünyaya “inqilab” ixrac etmək istəyən Qərbin özü mütləq bu problemlə özü də qarşılaşmalı idi. Bilirsiniz, bunlar özlərini hamıdan üstün hesab edir və düşünürlər ki, bunların istədikləri başqa ölkələrdə də olmalıdır. Amma artıq dünya dəyişib, dünya bir qütbdən idarə olunmur. Ona görə də Fransa hökuməti KİV-ə qarşı tətbiq etdiyi qadağalarla, jurnalistlərə göstərdiyi təzyiqlərlə bütün dünyaya bir daha göstərdi ki, Fransada söz və ifadə, fikir azadlığına necə münasibət göstərilir. Əlbəttə, bir baş redaktor olaraq, KİV-ə qarşı tətbiq edilən bu yasaqları, mətbuata edilən basqıları kəskin şəkildə pisləyirəm. Biz KİV nümayəndələri olaraq, bu məsələyə ciddi yanaşmalı və bütün dünyaya çatdırmalıyıq ki, söz və mətbuat azadlığı hər yerdə qorunmalıdır. Söz və mətbuat azadlığından dünyaya “dərs keçən” Fransa özü bu azadlığı pozursa, onda o hansı haqla başqa ölkələrə belə “dərslər keçir? Bunun bir adı var - özlərini hamıdan üstün tutub, başqalarına yuxarıdan aşağı baxıb, ikili standartlarla yanaşmaqdır. Bunun başqa adı yoxdur”.

Ş.Ağayevin sözlərinə görə, Fransada baş verənlər Azərbaycana demokratiya dərsi keçmək istəyən Fransaya və başqa Qərb dövlətlərinə, eləcə də onların bu tələbini ölkəmizdə təbliğ edənlərə bir dərs olmalıdır ki, bir də Qərb dəyərlərinin adlarını çəkməsinlər.

İradə SARIYEVA

Son xəbərlər