44 günlük müharibədə ermənilərin sivillərə qarşı cinayət qurbanları - 98 ölü, 414 yaralı, cinayət hələ davam edir…

Rasim İsgəndərov: “Ermənistan bu cinayət əməlləri ilə heç bir beynəlxalq hüquqa əməl etmək niyyəti olmadığını göstərdi”

img

Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən Ermənistan yaşayış məntəqələrimizi bombaladı və günahsız mülki şəxsləri öldürməkdən belə çəkinmədi.

Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə vurduğu ziyan açıqlanıb. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, 44 günlük müharibə zamanı erməni təxribatı nəticəsində 98 mülki vətəndaş həlak olub, 414 nəfər xəsarət alıb. Onların 5-i minaya düşərək dünyasını dəyişib. 4 nəfərin isə minaya düşərək xəsarət aldığı məlumdur.

  • “Azərbaycan Ordusunun gücünü görən düşmən ölkə ən ağır artilleriya silahından mülki əhalini atəşə tutdu, nəticədə çox sayda itkimiz oldu”

Məsələ ilə bağlı fikir bildirən hərbi ekspert Rasim İsgəndərov qeyd etdi ki, ermənilər hər zaman təxribata əl atıblar və tarix boyu uydurduqları yalanlarla dünya mediasının gözünü boyamağa çalışıblar: “Məlumdur ki, müharibənin yazılmamış qanunları var. Azərbaycan Ordusunun gücünü görən düşmən ölkə ən ağır artilleriya silahından mülki əhalini atəşə tutdu. Nəticədə çox sayda itkimiz oldu. Bu itkilər arasında qadınların, uşaqların olması hərbi cinayətdir. Bugünkü dünya üzərində əgər öz evində rahat bir şəraitdə, döyüş zonasından çox-çox uzaqlarda yuxuda olan uşağın qanına kiminsə əli bulanırsa, bunun adı açıq-aydın şəkildə terrorizm, soyqırımı, qətliamdır. Birmənalı olaraq, bunun qiyməti dünya ictimaiyyəti, hərbi tribunal tərəfindən verilməlidir. Bu günlərdə həyatını itirən uşaqlarımızın bir-bir adlarını çəkə, siyahını artıra bilərik. Bu uşaqların heç bir günahı yox idi. Həyatını itirən, oynamaq, böyümək, yaşamaq üçün can atan bədənləri bir anlıq cansız bədənə döndü. İstər qətlə yetirilən uşaqlar, istərsə də valideynlərini itirən uşaqlarımız, əlbəttə ki, böyük travma alıblar. Bəziləri elə yaşdadırlar ki, hələ dünyanı dərk etmirlər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan bu cinayət əməlləri ilə heç bir beynəlxalq hüquqa əməl etmək niyyəti olmadığını göstərdi: “Biz bunu bilirdik, lakin bütün dünya ictimaiyyəti erməni vandallığını bir daha əyani şəkildə gördü”.

Günel CƏLİLOVA

Son xəbərlər