Qarabağa sülhməramlılar üçün təminatların əsas daşınma marşrutu kimi də Azərbaycan seçildi - ölkəmizin daha bir önəmi...

İbrahim Rüstəmli: “Bu, ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir”

img

Xəbər verildiyi kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən, müvafiq fəaliyyətlər həyata keçirilir.

Razılaşdırılmış hüquqi çərçivəyə uyğun Rusiya bölgəyə çatdırılacaq yüklərin məhz Azərbaycan vasitəsilə daşınmasını qərara alıb. Sülhməramlıların yerləşmə yerləri, onların yüklərinin marşrutu Azərbaycan tərəfi ilə razılaşdırılıb və yollar müəyyənləşdirilib. Bu yüklər beynəlxalq hüquq normaları və Azərbaycanın qanunları çərçivəsində respublikamıza daxil olur. Bütün fəaliyyətlər müvafiq qurumların nəzarəti altında reallaşdırılır.

Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən, digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmir yolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb. Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.

Bütün bunların fonunda, Qarabağda sülhməramlılar üçün təminatın Azərbaycan üzərindən həyata keçirilməsinin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

  • “Nəzərə almaq lazımdır ki, Azərbaycan regionda ən etibarlı tərəfdaş ölkədir”

Sözügedən məsələni dəyərləndirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, bunun Azərbaycan üçün bir sıra üstünlükləri var: “Sülhməramlı qüvvələrin yüklərinin Azərbaycan ərazisi ilə daşınması ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir. Bu, Azərbaycanın regionda ən etibarlı tərəfdaş olmasının nümunəsidir. Azərbaycan uğurlu siyasət həyata keçirərək böyük güclərin burada maraqlarının toqquşmasına imkan vermir. Bu həm də Rusiyanın ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətinin nümunəsidir. Bu həm də Rusiyanın beynəlxalq hüquqa, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə sadiqliyinin əyani göstəricisidir. Rusiyanın məsələ ilə bağlı nümayiş etdirdiyi bu mövqe Qarabağa humanitar yardım göstərmək istəyən beynəlxalq təşkilatlar üçün örnəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan regionda ən etibarlı tərəfdaş ölkədir. Heç şübhə etmirəm ki, ölkəmizə beynəlxalq müstəvidə inam daha da artacaq. Azərbaycanın regionda rolu genişlənməkdə davam edəcək. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Qarabağda möhkəm sülh təmin ediləcək”.

Hərbi ekspertin fikrincə, ümumən, gedən proseslər Azərbaycanın xeyrinədir.

Vidadi ORDAHALLI

Son xəbərlər