“Sentyabrın 27-də, səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”. Bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaydığı məlumatda qeyd olunur.
Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşımız tərəfindən müraciətlər daxil olmaqdadır: “Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ-hüquqi aktlara əsasən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur”.
Qeyd edək ki, yaşından, tutduğu vəzifədən aslı olmayaraq, hər kəs Qarabağ uğrunda döyüşə yollanmaq, torpaqların azad olunması arzusundadır.
Bu səbəbdən minlərlə gənc döyüşə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edir.
“Azərbaycan gəncliyi Qarabağın azadlığı üçün döyüşməyə və canını fəda etməyə hazır vəziyyətdədir”
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, bu gün hər kəs Qarabağ üçün sevinir. Hər kəsin dilində eyni ifadə, eyni sözlər səslənir: “Çox sevincliyik. Ümid edirəm ki, güclü ordumuz torpaqlarımızı tam olaraq işğaldan azad edəcək və uzun illərdir yaşanan həsrət sona çatacaq”.
Həmsöhbətimizin sözlərinə görə, hələ iyul ayında xeyli sayda Azərbaycan gənci könüllü olaraq döyüşə qatılmaq üçün aidiyyəti quruma müraciət etmişdilər: “Azərbaycan gəncliyi Qarabağın azadlığı üçün döyüşməyə və canını fəda etməyə hazır vəziyyətdədir. Bu bir daha göstərdi ki, xalqımız mübarizə əzmindədir. Onu da əlavə edim ki, hər bir azərbaycanlı torpaq uğrunda döyüşə hazırdır. Ən əsası isə hər bir insan bu gün özünü hərbçi hiss edir. Hər bir gənc ordu sıralarında qulluq etmək istəyir. Ordumuz bu gün dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, bir tərəfdən, aparılan dövlət siyasəti, digər tərəfdən, xalqla ordunun birliyi nəticəsində mümkün olub”.
Günel CƏLİLOVA