Azərbaycançılıq ideyası öz ətrafında respublikamızda yaşayan bütün xalqların, dinlərin nümayəndələrini birləşdirir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları Azərbaycan dövləti, dövlətçiliyi, torpaqlarımızın bütövlüyü uğrunda həmrəylik nümayiş etdirir.
Məlum olduğu kimi, sentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutduğu məlumdur. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb və görməkdə də davam edir.
Bəzi xarici qüvvələrin “suya düşən ümidləri”...
Bu arada bəzi xarici mənbələr, saytlar Azərbaycan Ordusunun düşmən üzərindəki qələbəsini həzm edə bilmir və dezinformasiya yaymaqla məşğul olur, çaşdırıcı mövqe sərgiləyir, xalqlar, dinlər arasına nifaq toxumu səpməyə çalışırlar. Guya ki, Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri “zorla döyüşə cəlb edilir”. Sözsüz ki, bu, kökündən yanlış bir yanaşmadır. Əlbəttə, düşmən dəyirmanına su tökən qüvvələrin təxribatlarına milliyyətindən, dinindən asılı olmayaraq, heç bir Azərbaycan vətəndaşı uymur, əksinə, onlar torpaqlarımızın düşmən işğalından azad edilməsi istiqamətində dövlətimizə, ordumuza ciddi dəstək verirlər. Azərbaycanda yaşayan ləzgilər də, kürdlər də, talışlar da, gürcülər də, ruslar da, yəhudilər də azərbaycançılıq ideologiyasına bağlı olduqlarını dəfələrlə sübut ediblər, bu gün də sübut edirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin önünə könüllü olaraq düşmənə layiqli cavab vermək üçün cəbhəyə getmək məqsədilə gələn gənclərin arasında bu xalqların da nümayəndələri var. Onlar ermənilərin cəbhəyanı ərazilərimizdə törətdikləri dəhşətli təxribatlara cavab vermək üçün ordumuzun yanında olmaq istədiklərini, düşmənlə döyüşmək, erməniləri əzəli torpaqlarımızdan təmizləmək üçün hazır olduqlarını bəyan edirlər. Bu halda, təxribatçı qüvvələrin ümidləri puç olur, suya düşüb axır.
“Tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri...”
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytların Azərbaycana qarşı təxribat xarakterli məlumatlarını ifşa etdi. Bununla bağlı qurum bəyanat yayıb. Baki-xeber.com xəbər verir ki, bəyanatda deyilir: “Bu gün (sentyabrın 27-də - İ.S.) səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.
Tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri mehriban, dostluq və əmin-amanlıq şəraitində yaşayır. Bəzi xarici saytlar, informasiya agentlikləri və sosial şəbəkə istifadəçiləri təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatlarına kölgə salmağa çalışırlar. Ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi kimi həqiqətə uyğun olmayan absurd və böhtan xarakterli məlumatların heç bir əsası yoxdur və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu cür dezinformasiyaları qətiyyətlə təkzib edir.
Bildiririk ki, zərurət yarandığı halda etnik mənşəyindən asılı olmayaraq, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb ediləcəkdir” - deyə qurumdan bildirilib.
Azərbaycanın burada yaşayan bütün azsaylı xalqların da vətəni olduğunu deyən mütəxəssislər hesab edirlər ki, bu xalqların nümayəndələri dünən də, bu gün də Azərbaycanın düşmənlərinə cavab vermək əzmini nümayiş etdiriblər.
“Ermənistanın hədəfi milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarıdır...”
Tanınmış sosioloq, professor Rəna Mirzəzadə “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan multikultural, tolerant dövlətdir və burada yaşayan bütün xalqlar azərbaycançılıq ideologiyasına ürəkdən bağlıdırlar.
Bəzi xarici qüvvələrin yaydığı yalan və qarışdırıcı xəbərlərin, sərgilədiyi zərərli mövqenin sarsıldığını deyən R.Mirzəzadənin sözlərinə görə, bu gün dinindən, milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları erməni təcavüzü əleyhinə uğurlu müharibədə azərbaycançılıq ideologiyası ətrafında sıx birləşiblər. Bizim ideologiyanın üstünlüyünün bütün xalq və dinlərin təmsilçilərini bir bayraq altında birləşdirməyə qadirliyində olduğunu deyən R.Mirzəzadə qeyd etdi ki, həm bu gün, həm də Birinci Qarabağ Müharibəsində orduya könüllü yazılanlar, erməni təcavüzünə qarşı mübarizə aparanlar arasında saysız başqa xalqın, dinin nümayəndəsi də olub. Onların öz vətənlərini, tarixi torpaqlarını qoruduqlarını deyən R.Mirzəzadə hesab edir ki, ermənilərə dəstək verən xarici qara qüvvələrin niyyəti Azərbaycan xalqının əsrlərdən bəri əldə etdiyi multikulturalizm, tolerantlıq kimi dəyərə zərbə vurmaqdır, amma onlar heç zaman buna nail ola bilməzlər.
R.Mirzəzadənin bildirdiyinə görə, Azərbaycan Konstitusiyasında dinindən, dilindən, etnik tərkibindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları bərabər hüquqa malikdirlər. “Azərbaycan Konstitusiyasına görə, vahid Azərbaycan xalqı var. Milliyyətindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi Azərbaycan vətəndaşıdır. Mən, sözün düzü, milli azlıq sözünü qəbul etmirəm, etnik deyirəm. Etnik nə deməkdir? Mədəniyyəti, adət-ənənəsi bir qədər fərqli. Bu gün Azərbaycan vətəndaşı olan digər xalqların, dinlərin nümayəndələri vətənimizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşməyə getmək istəyirlərsə, bu çox müsbət haldır. Onun rus, talış, ləzgi, avar, tat və sair millətin nümayəndəsi olmasından asılı olmayaraq, onlar Azərbaycan vətəndaşlarıdırlar. Hər bir Azərbaycan vətəndaşı öz torpağı uğrunda döyüşmək, işğal altındakı torpağını düşməndən azad etmək istəyirsə, bu həmin xalqların, dinlərin nümayəndələrinin Azərbaycan dövlətinə, dövlətçiliyinə bağlı olduğunun bariz nümunəsidir. Bütün vətəndaşlarımız bilir, bilməyənlər də bilməlidirlər ki, Ermənistanın hədəfi dinindən, milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarıdır”.
“Ermənistan və başqa xarici qüvvələr azərbaycançılıq ideologiyası ətrafında birləşən xalqların birliyinə zərbə vura bilməyəcəklər”
Xarici qüvvələrin bu birliyi həzm edə bilmədiyini deyən R.Mizrəzadənin fikrincə, xalqların birliyi, onların həmrəylik nümayiş etdirərək vahid Azərbaycan xalqı olaraq erməni təxribatına qarşı mübarizə aparması Ermənistanı çox narahat edir və terrorçu, separatçı ölkə bu birliyi sarsıtmaq üçün xarici qüvvələrdən də alət kimi istifadə edir. “Xarici qüvvələr bu birlikdən o qədər narahatdırlar ki, gecə-gündüz yeni təxribat planları hazırlayırlar. Məqsədləri də ölkəmizdə olan xalqlar birliyini, xalqlar dostluğunu sındırmaq, əsrlərdən bəri azərbaycançılığın ayrılmaz tərkib hissəsi kimi formalaşan multikulturalizmə, tolerantlığa zərbə vurmaqdır. Ermənistan və başqa xarici qüvvələr azərbayançılıq ideologiyası ətrafında birləşən xalqların birliyinə zərbə vura bilməyəcəklər.
Cənab Prezident də dedi ki, biz Ermənistan ərazisinə daxil olmamışıq, biz öz torpağımızdayıq, torpağımızda da döyüşə biz başlamamışıq, bizə qarşı hücum başlayıb, biz də əks-hücuma keçmişik.
Erməni təcavüzü, təxribatı, terroru nəticəsində Naftalanda bir ailə tamamilə məhv olub, bir ailənin üzvləri öldürülüb. Bu hadisə sabah başqa rayonlarımızda da təkrarlana bilər. Naftalan Qarabağ ərazisidir ki, ermənilər oranı atəşə tuturlar? Görürsünüz, ermənilərin hədəfi Azərbaycanın mülki vətəndaşlarıdır. Bu gün Naftalanı atəşə tutan Ermənistan sabah Lənkəranı da, Leriki də, Masallını da, başqa rayonlarımızı da cürbəcür uzaqvuran silahlarla atəşə tuta bilər. Düşmən çox azğınlaşıb, faşist siyasəti yürüdür. Ermənistanın hərəkətləri ərazi iddiasını aşaraq açıq qisasçılığa, açıq terrora keçib. Onlar bütün Azərbaycan vətəndaşlarını hədəfə alıblar. Ermənistan ölkəmizdə yaşayan bütün xalqlara qarşı qisasçılıq edir. Erməni təcavüzünə qarşı Azərbaycan türkləri ilə yanaşı, talış, ləzgi, udin, kürd, rus, yəhudi və digər xalqların təmsilçiləri döyüşüb, bu gün də onlar bu yoldadırlar”.
“Burada yaşayan hər bir millətin nümayəndəsi də azərbaycançılıq ideologiyasına sadiq Azərbaycan vətəndaşıdır”
R.Mirzəzadənin sözlərinə görə, bu gün Azərbaycanda burada yaşayan müxtəlif millətlərin qarşılıqlı nikahları var, o nihaklardan vətənpərvər övladlar doğulub, böyüyür, vətənin müdafiəsi uğrunda mücadilələr verirlər. “Bu xalqlar bir-birinə sıx şəkildə bağlıdırlar, onları parçalamaq, ayırmaq mümkün deyil. Bizim tariximiz var və bu tarixi də hansısa separatçı qüvvələrin məhv etməsi mümkünsüzdür. Biz hamımız qardaş, dost, qohum olmuşuq. Bu ərazidə yaşayan xalqların nümayəndələri də Azərbaycan vətəndaşlarıdırlar. Son günlər ortaya atılan bu təxribatlar, dezinformasiyalar, qarışdırıcılıqlar Azərbaycan vətəndaşının vətənpərvərlik ruhunu, döyüş əzmini sındırmaq üçündür. Azərbaycan vətəndaşının ruhunu sarsıtmaq, vətənpərvərlik hissini korşaltmaq mümkün deyil, buna heç bir xarici qüvvənin gücü çatmaz.
Bütün bu qara qüvvələr bu gün Azərbaycan Prezidentinin Ali Baş Komandan kimi uğurlu qələbəsinə qarşı çıxış edirlər, qələbəmizi həzm edə bilmirlər. Hazırda xristian dünyası bütövlükdə şovinist, nasist, faşist, monoetnik dövlət olan, hərbi xuntaya qulluq edən Ermənistanı müdafiə edir. Budur onların iç üzü. Amma, bütövlükdə, xarici qüvvəllər nə istəyirlər desinlər, bura Azərbaycandır, Qarabağ Azərbaycan torpağıdır, burada yaşayan hər bir millətin nümayəndəsi də azərbaycançılıq ideologiyasına sadiq Azərbaycan vətəndaşıdır” - deyə R.Mirzəzadə vurğuladı.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.