“Diaspor” qədim yunan dilindən tərcümədə zərrələr halında dağılma (yaxud toxum səpələnməsi) mənasını verir. Qədim yunanlarda diaspor kəlməsi bir şəhərdən çıxıb, dünyanın müxtəlif yerlərində yaşayaraq əlaqə quran xalq mənasında işlədilirdi. Müasir nəzəriyyələrdə isə qısa tərifi belədir: hər hansı xalqın və ya etnik birliyin müəyyən hissəsinin mənsub olduğu ölkənin – doğma vətəninin hüdudlarından kənarda yaşayan hissəsi diaspor adlanır.
Müasir dünyada diaspor böyük əhəmiyyət daşıyan bir fəaliyyət sahəsinə çevrilib. Bəli, məhz fəaliyyət sahəsi. Lakin fərqli bir fəaliyyət sahəsi. O mənada ki, “diaspor fəaliyyətilə məşğul olmaq” - hansısa işi görərək günlük, ya da aylıq maaş almağa bənzəmir. Bu, daha çox siyasi yönümlü ictimai fəaliyyətin formalarından biridir: öz ölkəndən kənarda, özü də ən faydalı ictimai-siyasi fəaliyyət. Ancaq bu həm də ürək məsələsidi, yəni diaspor fəaliyyəti hesabat verirmiş, yaxud plan doldururmuş kimi edilməməli, ürəklə görülməlidir!
Tarixə diqqət etdikdə görürük ki, diaspor fəaliyyəti daha çox dövləti, Vətəni olmayan xalqlara lazım olub. Məhz bu səbəbdən - bəzi millətlərin vətəni olmadığından onların diaspor fəaliyyəti güclü olub. Biz azərbaycanlıların vətənimiz, dövlətimiz (Azərbaycan Respublikası) olduğu üçün diaspora o qədər də ehtiyacımız olmayıb. Ancaq artıq dünyada miqrasiya genişlənib, insanlar iş dalınca və başqa səbəblərdən ayrı-ayrı ölkələrə köçür. Bu, normal bir prosesdir, insanlar ölkədən-ölkəyə köçür, dünya kiçilir və beləliklə də sərhədlərin önəmi azalır. Bununla yanaşı diaspor təşkilatları da güclənir. Müasir dünyada diasporun önəmi də artıb. İstərdik Azərbaycanda diaspor quruculuğunun necə təşəkkül tapdığına və keçdiyi yola diqqət edək.
Bildiyimiz kimi, hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. Tam məsuliyyəti ilə demək olar ki, müstəqil Azərbaycanın tarixindəki diaspor quruculuğu ilkin təşkilatlanmasını məhz həmin qərardan sonra götürüb. 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olundu. Həmin sessiyadakı çıxışında ümummilli lider qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyib:“Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.
Qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütdü. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil edib. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi zərurətindən danışan ulu öndər deyirdi:“Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır... Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ümummilli liderin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi isə diaspor quruculuğu sahəsində atılmış qətiyyətli addım idi. Ulu öndər qurultayda Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini ön plana çəkdi. Qurultayda diaspor və lobbiçilik fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edildi, qərarlar, fəaliyyət proqramları təsdiqləndi. Qurultaydan sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni Komitə yaradıldı, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Bu isə dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirərək, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına və soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsinə səbəb oldu. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi – Türk dünyasının böyük lideri Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, milli həmrəylik, milli birlik naminə birləşmənin labüdlüyünə diqqəti çəkərək deyib:“Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır”.
Dahi şəxsiyyətin dünya azərbaycanlıları tərəfindən böyük nüfuz və etimada malik şəksiz milli lider kimi qəbul edilməsi soydaşlarımızın Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsində əsas amil oldu. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycançılıq anlayışının milli ideologiyaya çevrilməsi, dünya azərbaycanlılarının həmrəyliyi, onların vahid təşkilatlar çərçivəsində cəmləşməsi və təşkilatlanaraq milli diaspora çevrilməsi ulu öndərin misilsiz xidmətlərinin nəticəsidir.
“Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub. Ölkə Prezidentinin 2006-cı il 8 fevral tarixli Sərəncamına əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verdi. Qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilib, bu sahədə çalışan təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktlarının faktlarla dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri, xüsusilə önə çəkildi. Ölkə rəhbəri yalnız güclü diaspora malik xalqların xarici siyasətdə mühüm uğurlar qazandığını, dünya miqyasında maraq və mənafelərini hər zaman layiqincə qoruduğunu, ümummilli problemlərinin həllinə nail olduğunu, öz milli-mənəvi dəyərlərini, tarixi həqiqətlərini lazımi səviyyədə təbliğ edə bildiyini dəfələrlə vurğulayaraq bildirib:“Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlib. “Güclü dövlət – güclü diaspor” prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın tarixi vətənlə bağlılığını möhkəmləndirmək, mütəşəkkilliyini artırmaq, diaspor qurumlarının imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir”.
2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilib, 2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının III Qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrilib. 2016-cı il iyunun 3-də Bakıda öz işinə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayında isə bu istiqamətdə görülmüş işlər, qəbul edilmiş qərarlar, tədbirlər geniş müzakirə olunub. Bu gün Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrilməsi, regionda əsas söz və nüfuz sahibi olması xaricdəki həmvətənlərimizi vahid Vətən və müstəqil Azərbaycan dövləti naminə daha səylə təşkilatlanmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbrikində deyildiyi kimi: “Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə Azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər”.
Bu gün dünyanın dörd bir qitəsində yaşayan əlli milyondan artıq soydaşımız nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş Azərbaycan dövləti ətrafında sıx birləşib. Dünya azərbaycanlılarının müstəqil və qüdrətli Azərbaycan Respublikası ətrafındakı mənəvi birliyi, milli həmrəyliyi sarsılmaz və əbədidir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.