Qonşu İranda son günlərdə baş verən partlayışlar fonunda bu ölkə ilə İsrail arasında gərginlik yenidən artır. Artıq bu fonda tərəflər yenidən bir-birini savaşla hədələyir. Xatırladaq ki, iyulun 2-də İranın İsfahan əyalətindəki Natanz nüvə mərkəzində müəmmalı partlayış və yanğın baş verib. Nəticədə uranın zənginləşdirilməsində istifadə edilən qazın saxlandığı bina darmadağın olub. Bundan əvvəl isə İranın yeni silahların və raketlərin işlənib hazırlandığı Parçin hərbi bazasında partlayış baş verib.
“The New York Times” kəşfiyyat mənbələrinə istinadən Natanzda baş vermiş partlayışın İsrailin diversiyası olduğunu yazıb. Küveyt mənbələri isə iddia edib ki, İsrail Parçin hərbi bazasına F-35 qırıcısı ilə raket zərbəsi endirib. Bu arada İran ordusunun Natanz nüvə zavodunda və Parçin hərbi bazasında son günlər bir-birinin ardınca baş vermiş sirli partlayışların ardından Rusiyadan aldığı S-300 zenit-raket komplekslərini səfərbər etdiyinə dair görüntülər yayılıb. Müxtəlif internet mənbələrində yer alan görüntülərə əsasən, S-300 kompleksinin raketlərini daşıyan qoşqu mövqe rayonlarına doğru hərəkət edir. Bəzi Rusiya mənbələri bu raketlərin yeni alındığını, Rusiyanın onları Xəzər dənizi üzərindən təcili qaydada İrana çatdırdığını iddia edir. Hərçənd, İran Rusiyadan S-300 PMU “Favorit” zenit-raket komplekslərini çoxdan alıb və ehtimal ki, söhbət həmin komplekslərdən gedir. Bundan əvvəl İran ordusunun sovet istehsalı olan, ancaq yeni radarla təchiz edilmiş S-75 zenit-raket komplekslərini ölkənin şimal sərhədləri istiqamətində səfərbər etdiyinə dair görüntülər yayılmışdı. Məhşur “Əl-Monitor” nəşri isə İranın mümkün yeni savaşa ciddi hazırlıq gördüyünü yazır. Belə bir hazırlığın İsraildə də getdiyi qeyd olunur:“Natanzdakı sentrifuqa və uranı zənginləşdirmə zavodunu məhv edən partlayışdan bir neçə gün sonra İsrailin baş naziri Benyamin Netanyahu MOSSAD direktoru Yossi Koenin 5 illik səlahiyyətini artırıb. Onun səlahiyyət müddəti bu ilin sonunda başa çatırdı. Lakin casus agentliyinin direktoru daha 6 ay vəzifədə qalmasına razılıq verib. Qısa müddət sonra, iyulun 3-ü İsrail “Shavit” raketi ilə “Ofek 16” casus peykini orbitə çıxarıb. Peyk Palmaxim hərbi bazasından buraxılıb. O, İsrailin dünyada, xüsusən də İranda baş verən hadisələri izləmək imkanlarını əhəmiyyətli dərəcədə artırır. Müasir inkişaf etmiş kamera 450 kilometr hündürlükdən 50 santimetrə qədər kiçik əşyaları müəyyənləşdirməyə imkan verir. “Ofek 16” Yer kürəsi ətrafında fırlanan və dünyada baş verən hadisələr barədə real vaxtda məlumat ötürən İsrailin 6 peykinə əlavədir. Kəşfiyyat rəsmiləri hesab edirlər ki, İran indi öz “strateji səbr siyasəti”ini qiymətləndirir. İranlıların da bunu etiraf edirlər. İRNA xəbər agentliyinin şərhində deyilir: “İran indiyə qədər şiddətlənən böhranların, gözlənilməz şəraitlərin və vəziyyətlərin yaranmasının qarşısını almağa çalışıb. İslam Respublikasının “qırmızı xətlər”inin düşmən ölkələr, xüsusən sionist rejim və ABŞ tərəfindən adlanması bu strategiyanın yenidən işlənməli olduğu anlamına gəlir”. İndi görünür ki, iranlılar, həqiqətən kursun yenidən qiymətləndirilməsi ilə bağlı müzakirələr aparırlar. Onlar səbrin hərbi nüvə ambisiyalarına və noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri intizarına xidmət etdiyinə artıq inanmırlar.
İranda baş verən sirli partlayışlar iyunun sonlarında Parçindəki silah istehsalı müəssisəsindəki hadisə ilə başlayıb. Bunun ardınca Tehrandakı xəstəxanada yanğın, daha sonra əsas hadisə – Natanzdakı güclü partlayış… İsrail İran dilemmasını diqqətlə izləyir. “Mən şübhə etmirəm ki, iranlılar bu günlərdə səbr siyasəti ilə bağlı müzakirələr aparırlar”. Bunu Hərbi Kəşfiyyatın keçmiş direktoru, general-leytenant Amos Yadlin deyib. İsraildəki xəbərlərə görə, iranlılar bir müddət əvvəl dünyada, əsasən Avropadakı səfirliklərə və digərlərinə hücumlar planlaşdırıb və həyata keçirməyə çalışıblar, lakin MOSSAD Qərb tərəfdaşları ilə birlikdə bu cəhdlərin qarşısını alıb. “İsrail hər mümkün cavaba hazırlaşır. Bu, İranın vəkillərindən biri tərəfindən həyata keçirilə bilər və bunun son həftələrdə kiberhücum şəklində də olması mümkündür”. Bununla belə, Tehranın “strateji səbr”dən qurtulduğunu göstərən açıq cavabı belə İsraili elan etdiyi bütün vasitələri istifadə etməkdən çəkindirməyəcək. Qərb kəşfiyyat mənbələri Natanzdakı partlayışın İranın nüvə proqramını 2 il geri atdığını deyir. Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunun direktoru Yadlin bildirir:“Onlar Natanzdakı mürəkkəb sentrifuqaların istehsalını başa çatdırmaq niyyətində idilər. Bu santrifuqalar İranın nüvə proqramını sürətləndirməli idi. Həmin obyektin yeraltı hissəsində işləyən köhnə santrifuqalardan altı-səkkiz qat daha sürətli olmalı idilər. Natanz hücumunun arxasında duranlar nə etdiklərini dəqiq bilirdilər”.
İsrail və İran son 2 ildə, demək olar ki, açıq müharibə halına gəlib. Məlumatlara görə, İsrail və İran son iki ayda kiber hücumlar mübadiləsi edib. İsrail İranın aprel ayında supaylayıcı qurğunu sıradan çıxarmağa çalışdığını bildirsə də, may ayında İranın Bəndər Abbas limanında baş verən əməliyyata görə məsuliyyəti öz üzərinə götürməyib. “Önümüzdəki aylarda gərginliyin artacağı gözlənilir”. Bunu inkişafları izləyən bir Qərb diplomatı “əl-Monitor”a anonimlik şərtilə deyib. “İsrail və İranın noyabr ayına hazırlaşması, prezident Donald Trampın yenidən seçilməsi və ya Co Baydenin onu Ağ Evdə əvəz etməsi intizarı aydın görünür. İranlılar Bayden üçün dua edir, ümid edirlər ki, demokrat prezidentlə daha əlverişli nüvə sazişini imzalayacaqlar. İsrail də buna hazırlaşır”.
İsrail İranın nüvə “sıçrayışı”ndan narahatdır. Qərb kəşfiyyat mənbələri bildiriblər ki, Tramp 2018-ci ilin mayında ABŞ-ı İranla sövdələşmədən çıxarandan İran parçalanan materialın zənginləşdirilməsini sürətləndirə bilən sentrifuqalarla hədəfinə doğru əhəmiyyətli bir irəliləyişə nail olub. Bu mənbələr əlavə edir ki, Natanzda daha sürətli sentrifuqaların məhvi İranın nüvə proqramını əhəmiyyətli dərəcədə geri qoyur. İran da bunu cavabsız qoymaq istəmir”. Bütün bunlar tərəflər arasında savaşı istisna etmir. Bu halda İsrail ABŞ-dan yardım alacağına da ümidlər bəsləyir. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk isə qeyd edir ki, zərurət olacağı halda, ABŞ hakimiyyəti İranla müharibəyə başlamağa hazırdır. Hukun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahını tamamlamağa icazə verməməkdə qərarlıdır, buna görə də o, hətta hərbi qərarları belə nəzərdən keçirməyə hazırdır:“Tramp aydın şəkildə göstərib ki, İran heç vaxt nüvə silahı əldə etməyəcək və hərbi variant hər zaman nəzərdən keçirilir”.
Nahid SALAYEV