Ermənistanın Baş naziri Nikol Paşinyan çərşənbə günü parlamentdə çıxışı zamanı deyib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi 2018-ci ildən bəri zərrə qədər də dəyişməyib: “Ermənistanın heç bir rəhbəri mənim kimi Qarabağ münaqişəsi ilə bağlı öz yanaşmasını açıq göstərməyib. Əgər danışıqlarda bizim prinsiplərimizə uyğun təklif olarsa, parlamentin qapalı iclasını keçirib müzakirə aparacağıq”.
Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.
Bununla bağlı XİN-in açıqlamasında qeyd olunur ki, bu bəyanatı ilə Ermənistan Baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olur.
Bütün bu deyilənlərin fonunda, vəziyyət doğrudan da Paşinyanın dediyi kimidirsə, o zaman bunun məsuliyyətini kim daşıyır? Həmsədrlər, beynəlxalq qurumlar hansı addımları atmalıdırlar?
“Həmsədrlər bununla bağlı konkret mövqe ortaya qoymalıdırlar”
Məsələyə münasibət bildirən siyasi şərhçi Ramil Hüseynovun sözlərinə görə, Paşinyanın son açıqlaması bir daha danışıqların pozulmasına yönəlik növbəti təxribatdır: “Zatən, bundan əvvəl dəfələrlə Paşinyan belə avantürist açıqlamalarla çıxış edib. O baxımdan, onun son açıqlaması müəyyən mənada təəccüblü görünmür. Məsələ ondadır ki, Paşinyan Baş nazir olandan sonra dəfələrlə separatçı qurumun danışıqlarda tərəf olmasına cəhd edib. Ancaq başda Azərbaycan olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrləri onun bu təşəbbüsünü rədd ediblər. Bütün bunlara baxmayaraq, Paşinyan bu istəyindən əl çəkmir. Hər vasitə ilə separatçı qurumun danışıqlarda tərəf olmasına çalışır. Onu da qeyd edim ki, Paşinyan ictimai rəyi sakitləşdirmək üçün Qarabağ danışıqları ətrafında spekulyasiya aparır. Çünki əvvəlki “Qarabağ klanı” ona qarşı kəskin müxalif mövqedən çıxış edir. O baxımdan, bəzi məqamlarla bağlı Paşinyanın yalan danışması versiyası da istisna deyil. Məsələnin bu tərəfi də var. Yox, əgər Qarabağ danışıqlarında vəziyyət doğrudan da Paşinyanın dediyi kimidirsə, o zaman bunun məsuliyyətini Ermənistan və həmsədrlər daşıyırlar. Çünki separatçı qurumun danışıqlarda tərəf olması qəbul olunmayıb. Paşinyanın açıqlamasından belə məlum olur ki, onlar əvvəlki mövqedən geri çəkilmək istəmirlər. Bu isə danışıqların bəri başdan pozulması və nəticəsiz olaraq davam etdirilməsi deməkdir. Hesab edirəm ki, bu, belədirsə, o zaman həmsədrlərin bunu susqunluqla seyr etmələri təəssüf doğuran məqamdır. Onlar bununla bağlı konkret mövqe ortaya qoymalıdırlar. Məsələnin bir başqa tərəfi də var. O da ondan ibarətdir ki, Ermənistan uğrunda ABŞ-la Rusiya arasında müəyyən geosiyasi mübarizə gedir. Ola bilsin ki, bu səbəbdən sözügedən ölkələr Qarabağ məsələsində Ermənistana ciddi təzyiq göstərə bilmirlər. Çünki tərəflərdən hər hansı birinin Ermənistana güclü təzyiqi bu ölkənin digər dövlətin yanında yer almasına gətirib çıxara bilər”.
Vidadi ORDAHALLI