İcra hakimiyyəti dövlət idarəçiliyinin əsas qollarından biridir. Ölkə başçısı tərəfindən təyin edilən icra başçıları bir çox səlahiyyətlərə və geniş hüquqlara malikdir. Son zamanlar ölkəmizdə baş verən hadisələrin fonunda icra hakimiyyətlərinin bir struktur kimi ləğvi məsələsi gündəmə gəlib.
Bu iddianı dəstəkləyənlər icra başçıları ilə bağlı baş verən biabırçılıqları əsas gətirib, həmin quruma olan etimadın tam itdiyini qeyd edirlər. Hətta bununla bağlı ləğv edilmiş MTN nümunəsini də misal göstərirlər. Ümumiyyətlə, bütün baş verənlərin fonunda icra qurumlarının ləğvi, onların yeni strukturlarla əvəzlənməsi mümkündürmü?
Əliməmməd Nuriyev: “Belə olan halda, ərazi üzrə icra nümayəndəliyinə ehtiyac yoxdur və bələdiyyənin saxlanması çox vacibdir”
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarında geniş islahatlar həyata keçirilməlidir:“Hazırkı yerli icra hakimiyyəti forması onun fəaliyyətlərini real həyata keçirməyə mane olur. Çünki indiki yerli RİH başçıları özlərini rayonlarda mütləq hakim hesab edirlər. Həmin mütləq hakimiyyətin isə ziyanı da olur və qüsurlara gətirib çıxarır. Çünki əhalinin bu qurumlara inam və etibarı zəifləyir. İcra başçıları həddindən artıq uzun müddət vəzifədə qalırlar. Uzun müddət bir yerdə qalmaq da sabit əlaqələrin yaranmasına gətirib çıxarır. Eyni zamanda, bu həm də korrupsiya sxemlərinin yaranması imkanlarını genişləndirir. Digər tərəfdən, bələdiyyələrlə yerli icra hakimiyyətlərinin funksiyaları üst-üstə düşür. Ona görə də onlardan birinin ləğvi mütləq şərtdir, vacibdir. Belə olan halda da ərazi üzrə icra nümayəndəliyinə ehtiyac yoxdur və bələdiyyənin saxlanması çox vacibdir. Çünki hesabatlılıq sistemi bələdiyyələrdə olduğu üçün onu real icra məsələsinə də keçirmək mümkün olacaq. Bələdiyyələr real icra səlahiyyətlərinə malik olanda, şübhəsiz ki, vətəndaşların onlardan nəsə tələb etmək imkanları olacaq. Ona görə, artıq bu məsələlərə diqqət yetirməyin vaxtı gəlib çatıb”.
Rəşad Bayramov: “15 regional struktur kifayət edər ki, bütün ölkə boyu icra hakimiyyətlərinin vəzifələrini həyata keçirmək mümkün olsun”
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Rəşad Bayramov qəzetimizə bildirdi ki, rayon və şəhər icra hakimiyyətlərinin adının ləkələnməsi aparılan həbslərlə bağlı deyil:“Həbslərdən əvvəl də bu strukturun adı müvafiq ərazi vahidlərində korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, yerli sahibkarların sıxışdırılması və digər bir sıra neqativ hallarla bağlı ləkələnmişdi. Həbslərdən və ya yerli icra hakimiyyətlərində aparılan kadr islahatlarından asılı olmayaraq bu qurumların səlahiyyətlərinin məhdudlaşdırılmasına ehtiyac var. İcra hakimiyyətlərinin ləgvi tədricən həyata keçirilə bilər. Düşünürəm ki, ilk növbədə bütün rayon və şəhərlərdə icra hakimiyyətlərinin olmasındansa, regional strukturların yaradılması daha məqsədəuyğun olardı. Misal üçün Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla 13 regional strukturun yaradılması və ətraf rayonların da bu strukturlara tabe etdirilməsi effektli ola bilər. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla 15 regional struktur kifayət edər ki, bütün ölkə boyu icra hakimiyyətlərinin vəzifələrini həyata keçirmək mümkün olsun. Növbəti mərhələdə isə həmin icra strukturları rəhbərlərinin səlahiyyətləri mərkəzi icra hakimiyyətinin təmsilçisi olmaq səviyyəsində məhdudlaşdırılmalıdır. Bələdiyyələrə yerli hakimiyyət orqanları statusu verilməli, sakinlər yerlərdə hakimiyyətin formalaşdırılmasında iştirak etməlidirlər. Bakı, Gəncə və bələdiyyəsi olmayan digər böyük şəhərlərdə şəhər bələdiyyələrinin yaradılması haqqında qanunlar olmalı, yerlərdə mülki cəmiyyət institutlarının yaradılması üçün xüsusi dövlət proqramı həyata keçirilməlidir. Bütün bunlar üçün isə konstitusiya dəyişikliklərinin həyata keçirilməsinə ehtiyac var”.
Məhəmmədəli QƏRİBLİ