Məlum oluğu kimi, mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri baş tutub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyilə videokonfrans formatında keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyilə keçirilən videogörüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin, postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
M.Cabbarov üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsi, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsi, Türk Ticarət Evinin, həmçinin, Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanması, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılması, həmçinin, yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib.
Mikayıl Cabbarov üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının dövlət başçılarının keçirdiyi fövqəladə sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verə biləcəyini bildirib. Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.
O, həmçinin, rəqəmsal iqtisadiyyatdan danışarkən cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini xatırladıb və Mərkəzin fəaliyyətindən qardaş ölkələrin də faydalana bilməsi, Mərkəzin regional əhəmiyyət kəsb etməsi üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
“...müsbətə doğru dəyişikliklərə gətirib çıxara biləcək”
Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycanın türk dövlətləri ilə birgə İnvestisiya Fondunun yaradılması, Türk Ticarət Evi açılması, elektron imzaların qarşılıqlı tanınması və s. təkliflərini şərh edən tanınmış iqtisadçı Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövlətinin bu təkliflərinin ümumtürk iqtisadiyyatının inkişafına böyük faydası var: “Bu təkliflərin həyata keçirilməsi üçün kifayət qədər imkan var. Burada dil yaxınlığı da əsas məqamlardan biridir. Siyasi idarəetmənin bir-birinə yaxın olması ortaya çıxan problemlərin, çətinliklərin həlli ilə bağlı prosesləri qüvvətləndirmək üçün imkanlar yaradır. Eyni zamanda da türkdilli ölkələrin əhəmiyyətli bir qismi keçmiş dövrlərdə SSRİ-nin tərkibində olduqları üçün, təxminən bənzər iqtisadi inkişaf yolunu keçmiş ölkələrdir. Həmçinin də, digər tərəfdən, kifayət qədər kompakt bir ərazini əhatə edirlər ki, bu da iqtisadi və ticari münasibətlərin daha effektiv təmin edilməsi üçün şərait yaradır. Bu baxımdan, investisiya axınlarının cəlbediciliyinin artırılması və imkanlarının sadələşdirilməsi, vətəndaşlıqla, yaxud müvəqqəti yaşamaqla, işləməklə bağlı qeydiyyat prosedurlarının, digər tərəfdən, tranzit daşımalar zamanı ticarət əlaqələri üzrə xərclərin azaldılması məqsədilə tariflərin, gömrük keçid prosedurlarının sadələşdirilməsi təklifləri çox müsbət effekt verəcək. Eyni zamanda da bunlarla yanaşı, təklif olunduğu kimi, elektron imzaların, sənədlərin qarşılıqlı tanınması baxımından da düşünürəm ki, bu, növbəti dövrlərdə bu ölkələrin iqtisadi inteqrasiyasında, postpandemiya dövründə iqtisadiyyatların bərpa olunmasında kifayət qədər ciddi dəyişikliyə təkan verə biləcək. Bundan başqa, nəzərə almaq lazımdır ki, bu ölkələr orta istehlak gücü, orta inkişaf səviyyəsi olan ölkələrdir. Bu isə o deməkdir ki, Azərbaycanda istehsal olunmuş məhsulların bu ölkələrin bazarlarında özünə yer etməsi potensialı nisbətən daha realdır, nəinki inkişaf etmiş bazarlarda. Nəzərə alsaq ki, son bir neçə ildə ixracın diversifikasiya edilməsi və ölkəyə valyuta daxilolmalarının şaxələndirilməsi əsas hədəflərdən biridir, bu baxımdan da türkdilli ölkələrin iqtisadiyyatlarının birləşdirilməsi, yaxud da inteqrasiyası istiqamətində istənilən təşəbbüs müsbətə doğru dəyişikliklərə gətirib çıxara biləcək”.
İradə SARIYEVA