“Freedom House” təşkilatı dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatı dərc edib. “Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətləri” adlı araşdırma 29 ölkəni əhatə edir. Bunlardan 10-u demokratik, 10-u hibrid, 9-u avtoritar ölkəyə aid edilib. Azərbaycan 1,4 balla sonuncu kateqoriyaya daxil edilib. Ancaq qəribədir ki, Ermənistan 3 balla hibrid rejimi olan ölkələr sırasına düşüb. Yəni Azərbaycanla müqayisədə yaxşı siyahıya salınıb.
İllik hesabatda “Freedom House” iddia edir ki, guya Azərbaycan, Tacikistan və Türkmənistan dövlət başçıları öz qohumlarını məsul postlara təyin edərək hakimiyyətin sülalə şəklində ötürülməsi üçün zəmin yaradır. Bu da müəyyən risq yaradır. O da qeyd olunub ki, oturuşmuş diktaturası olan regionda fundamental azadlıqlar çox zəif qorunub.
Hesabatda Ermənistan və Gürcüstan 3 və 3,25 balla hibrid rejimi olan ölkələr sırasına düşüb. Görünən odur ki, yenə də bu təşkilat qərəzli mövqedən çıxış edərək Ermənistanda insan hüquqları sahəsində yaşanan problemləri görməzdən gəlir. Hansı ki, demokratiya adı altında hakimiyyətə gələn Paşinyan dayaqlarını möhkəmləndirəndən sonra müstəqil fəaliyyət göstərən bütün təsisatları sıradan çıxarır. Təkcə Konstitusiya Məhkəməsi ətrafında yaranan biabırçılıq buna əyani sübutdur. Ancaq hər zaman ermənipərəst mövqedən çıxış edən “Freedom House” təşkilatı yenə “ənənəsinə” sadiq qalaraq, Ermənistanı Azərbaycandan qabağa keçirir.
“...hesabat tamamilə birtərəfli və qərəzli meyarlara əsaslanır”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, sözügedən təşkilat zaman-zaman Azərbaycana yönəlik qərəzli yanaşma sərgiləyib: “Freedom House” təşkilatı, əslində, geosiyasi təzyiq aləti kimi yaradılıb və öz funksiyasını yerinə yetirir. Yəni bu təşkilatı formalaşdıran güc mərkəzləri ondan ayrı-ayrı ölkələrə qarşı məqsədyönlü şəkildə təzyiq vasitəsi kimi istifadə edirlər. Öncə bu və ya digər ölkələrdəki nüfuz vəkilləri vasitəsilə sosial şəbəkələrdə şoular yaradırlar. Daha sonra bu şoular əsasında “Freedom House” kimi təşkilatlar “hesabatlar” hazırlayırlar. Ondan sonra isə müəyyən dairələr bundan istifadə edərək ölkələrə təzyiq göstərirlər. Adətən, belə yanaşma müstəqil siyasət yürüdən ölkələrə qarşı sərgilənir. Bu mexanizm uzun illərdir tətbiq olunur. Düşünürəm ki, “Freedom House”dan və onun kimi digər təşkilatlardan hər hansı ədalətli münasibət gözləməyə lüzum yoxdur. Azərbaycanda vətəndaşların söz və fikir azadlığı ilə bağlı heç bir problem yoxdur. Digər tərəfdən, Azərbaycan dövləti sosial yanaşma indeksinə görə həmin o hesabatda yer alan dövlətlərin əksəriyyətindən üstündür. O cümlədən də Ermənistandan. Azərbaycanda fundamental azadlıqlar qorunur və demokratiya sahəsində inkişaf davam edir. Bu aspektdən biz ölkəmizin hansı mövqedə dayandığını kifayət qədər yaxşı bilirik. Ermənistanın hesabatda daha yaxşı kateqoriyaya daxil edilməsi ikrah doğurur. Ona görə ki, Paşinyan rejiminin bu sahədə necə kobud pozuntulara yol verməsi hamıya yaxşı məlumdur. Bu baxımdan hesab edirəm ki, hesabat tamamilə birtərəfli və qərəzli meyarlara əsaslanır”.
Vidadi ORDAHALLI