Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə artırır. Koronavirus pandemiyasına qarşı aparılan mübarizədə də Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer aldı.
Digər tərəfdən, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. BMT-dən sonra dünyada ikinci ən böyük siyasi platforma sayılan Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın bu böyük təsisata 3 il ərzində sədrlik edəcəyi qərara alındı. Bütün bunlar ölkəmizin dünya dövlətləri arasında özünü etibarlı tərəfdaş kimi sübut etməsi deməkdir, eyni zamanda, dövlətimiz dünyada sabitlik məkanı kimi tanınır. Bununla yanaşı, mövcud amil Azərbaycanın beynəlxalq müstəvidə artan rolundan və nüfuzundan xəbər verir.
Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub. Belə ki, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə ciddi dəstəklərini ifadə etməklə yanaşı, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı həmrəylik nümayiş etdiriblər. Bütün bu amillərin bariz nəticəsidir ki, dünyanın bir çox inkişaf etmiş ölkəsi Azərbaycanla ikitərəfli və çoxtərəfli zəmində münasibət qurmaqda maraqlıdır.
Bu günlərdə Qoşulmayan Ölkələrin Təmas qrupunun pandemiya ilə bağlı Azərbaycanın təşəbbüsü əsasında ilk videokonfransı keçirildi. Konfransda çıxış edən Prezident İlham Əliyev bir sıra məqamlara toxundu. Koronavirusla mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirləri qeyd etdi.
Bütövlükdə, sözügedən konfransda Prezident İlham Əliyevin çıxışı və ümumən belə bir tədbir dünyada Qarabağ probleminin həlli üçün Azərbaycanın mənafelərinə uyğun atmosferin güclənməsində necə rol oynayır?
“Azərbaycan bu platformadan səmərəli istifadə edəcək və üzv ölkələrin Qarabağ münaqişəsinin həlli ilə bağlı dəstəyini alacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, konfrans Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək: “Azərbaycanın sədrliyilə Qoşulmama Hərəkatının Təmas qrupunun videokonfransının keçirilməsi, həmçinin, pandemiyaya qarşı mübarizə istiqamətində səylərin birləşdirilməsi üçün Prezident İlham Əliyevin çıxışı xüsusi əhəmiyyət kəsb edir. Məhz üzv ölkələr bundan sonra Azərbaycanla sıx təmasda olacaqlar və əməkdaşlığa xüsusi önəm verəcəklər. Azərbaycan BMT-dən sonra bu böyük təşkilatda əsas söz sahibidir. Ölkəmiz artıq dünyaya açılaraq öz rəy və planlarını təqdim edir. Bu o deməkdir ki, ölkəmizin bu istiqamətdə siyasəti qənaətbəxşdir. Belə bir nüfuzlu təşkilatın üzvlərinin diqqəti Azərbaycanda oldu. Qeyd edim ki, Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasında bu təşkilatın dəstəyindən istifadə edə bilər. Üzv ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bundan sonrakı prosesdə ölkəmiz Ermənistanın üzv ölkələrlə əlaqlərinin zəifləməsi üçün konkret iş apara bilər. Bura xüsusilə Qarabağ məsələsində Ermənistanın təbliğatının qarşısını ala bilər. Hesab edirəm ki, Azərbaycan bu platformadan səmərəli istifadə edəcək və üzv ölkələrin Qarabağ münaqişəsinin həlli ilə bağlı dəstəyini alacaq. Hazırda bu istiqamətdə ciddi işlər gedir və bunun nəticəsi mütləq olacaq”.
Vidadi ORDAHALLI