Erməni mediası Rusiyaya qarşı yeni antikampaniyaya start verib. Bu xüsusda qeyd edirlər ki, saxta erməni “soyqırımının” builki tarixi ilə bağlı Rusiyanın rəsmi dairələri səviyyəsində heç bir bəyanat verilməyib, bu məsələyə ümumiyyətlə münasibət açıqlanmayıb.
Xüsusilə də Rusiyadakı “Lazarev klubu”nun son açıqlamasındakı bəzi məqamları önə çəkməklə Rusiyanı unutqanlıqda ittiham edirlər. Erməni siyasi elitası hətta qeyd edir ki, həmin hadisədən dərhal sonra Lavrov Ermənistanın maraqları ilə uzlaşmayan çoxlu sayda açıqlamalar verib. Doğrudan da müşahidələr göstərir ki, bu il 24 aprel tarixində Rusiyadan həmin mövzu ilə bağlı heç bir rəsmi mövqe ortaya qoyulmayıb. Rusiyanın bu mövqeyini nə ilə izah etmək olar? Görünən odur ki, Moskva artıq İrəvanın ikili siyasətindən bezib və indiki rəhbərliyə heç inanmır. İrəvan çoxsaylı kobud səhvlər edir. Erməni siyasi dairələrində, Rusiya ilə yanaşı, daha çox Qərb dövlətləri, NATO və Aİ ilə yaxınlaşmaq xəttinə üstünlük verilir. Biz görürük ki, iki il ərzində Lavrov Moskvanın mövqeyini İrəvanın diqqətinə çatdırır. Rusiya hökumətində belə ümid var ki, Paşinyanın getməsi ilə iki ölkə arasında münasibətləri mənfidən müsbətə qaldırmaq olar. Bununla yanaşı, Moskvanı İrəvanın indiki siyasəti də qane etmir. Onun Qərbə istiqamət götürməsi, KTMT ətrafında böhran, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin yerinə yetirməməsi problemlərini artırır. Belə fikirlər var ki, Ermənistan Rusiya ilə münasibətlərin kəsilməsinə, Avrasiya İqtisadi İttifaqından çıxmağa çalışır. Ermənistan iki stulda birdən oturmaq cəhdləri edir. Yəni həm Rusiya, həm də Qərblə əməkdaşlıq etməyə çalışır. Bununla belə, əsas diqqəti avrointeqrasiyanı gücləndirməsinə ayırır. Ermənistanın növbəti dəfə ikili əhəmiyyətli bioloji laboratoriyalara rusiyalı mütəxəssisləri buraxmamaq qərarı ölkənin Qərbə doğru istiqamət götürmə xəttinin davamı sayıla bilər. Növbəti gərginlik Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud mərhələli həll planı barədə məlum bəyanatından sonra güclənib. Dərhal da rəsmi İrəvan bunu təkzib edib. Ardınca Rusiya XİN belə bir planın mövcud olduğunu bir daha təsdiq edib. Bu fonda İrəvan tərəfindən qazın qiyməti ilə bağlı narazılıqlar dilə gətirilib. Fakt budur ki, rəsmi İrəvan Paşinyanın timsalında hələ də Putinin etibarını qazana bilməyib. Proses iki ildir ki, davam edir.
Rusiyanın strateji müttəfiqindən növbəti narazılığını Lavrovun qazın qiyməti ilə bağlı verdiyi bəyanatdan da hiss etmək mümkündür. Rusiyanın baş diplomatı bildirib ki, müəyyən vəziyyətlərdə strateji münasibətləri yada salmaq düzgün deyil. Əlavə edib ki, vaxtilə qazı onlara satanda qiymət bazar qiymətlərindən iki-üç dəfə az idi. Rusiyanın bu hadisələrin fonunda qondarma “soyqırım” mövzusuna toxunmamasında qeyri-adi nəsə yoxdur. Bütün bunlar Rusiya-Ermənistan münasibətlərinin getdikcə korlanan xətt üzrə inkişafını şərtləndirir.
Məhəmmədəli QƏRİBLİ