2020-ci ilin 9 May tarixində faşizm üzərində Qələbənin 75 illiyi tamam olur. Pandemiyaya qədərki dövrdə yubiley münasibətilə Rusiyanın paytaxtı Moskvada ənənəvi qələbə paradının keçiriləcəyi bildirilirdi. Lakin, bildiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Rusiyada İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə paradı təxirə salınıb.
Qərara səbəb isə koronavirus infeksiyasının yayılması təhlükəsidir. Rusiya Prezidenti bununla əlaqədar Qələbə paradının qeyri-müəyyən vaxtadək təxirə salındığını, lakin 2020-ci il ərzində keçiriləcəyini bəyan edib.
Rusiyadan fərqli olaraq bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə Qələbənin 75 illiyi ilə əlaqədar olaraq təntənəli parad keçiriləcəyini bəyan etmişdi. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirus pandemiyası ilə əlaqədar olaraq Minskdə müharibənin bitməsinin 75 illiyi münasibətilə hərbi paradı ləğv edə bilməyəcəyini dəfələrlə deyib. O, minlərlə insanın təntənələrin baş tutmasını istədiyini bildirib.
Lukaşenkonun sözlərinə görə, o, bu məsələ üzərində çox fikirləşib, lakin müharibə veteranları “ilk olaraq özləri bu tədbirə gətirilmələrini tələb ediblər”. Belarus lideri qeyd edib ki, o, müharibə veteranlarının hökumətin pandemiyadan qorxduğunu fikirləşmələrini istəmir.
Qələbə paradı keçirməkdə israrlı olan Belarus Prezidenti Aleksandr Lukaşenko keçmiş Sovet İttifaqı respublikalarının hazırkı dövlət başçılarını Minskdəki Qələbə paradına dəvət edib. Lukaşenko 9 Mayda digər ölkələrin prezidentlərini gözlədiyini açıq şəkildə bildirib. “Mən dövlət başçılarını, ən azı keçmiş İttifaqı açıq şəkildə dəvət edirəm” - deyə o qeyd edib.
Onun fikrincə, prezidentlər Belarusa toplaşmalıdırlar, çünki respublika ilk zərbəni alıb və yer üzündən silinib. “Belarus ən çox zərər görən respublikadır – müharibənin canlı abidəsidir”, – Lukaşenko qeyd edib.
Lukaşenkonun bu dəvətinə necə münasibət bəslənilməlidir? Azərbaycanın bu paradda rəsmi iştirakına ehtiyac varmı?
Firdovsiyə Əhmədova: “...Qələbənin 75 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməsi arzuolunandır”
Azərbaycanın Əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, faşizm üzərində Qələbənin qazanılmasında önəmli rol oynayan ölkələrdən biri məhz Azərbaycandır. “İndi karantin rejimi ilə əlaqədar olaraq bir sıra ölkələlər ümumi beynəlxalq qaydalara uyğun olaraq, bəziləri isə müstəqil qaydada virusdan qorunmaqla bağlı mövcud vəziyyəti qiymətləndirirlər. Ancaq Belarusda pandemiyaya bir az fərqli yanaşma sərgiləndi. Bu səbəbdən də bütün karantin rejimi qaydalarına rəğmən, Qələbənin 75 illiyinin rəsmi şəkildə qeyd edilməsi ilə bağlı qərar qəbul edildi. Ona görə də Lukaşenkonun faşizm üzərində Qələbənin qazanılmasında payı olan dövlətlərə, həmin dövlətlərin başçılarına müraciət etməsi və onları Qələbə paradına dəvət etməsi təqdirəlayiq ola bilər. Yəni, bütün hallarda, dəvət sayğı, diqqət və eyni zamanda, bu, dəvət olunan dövlətlərin Qələbədə payının qiymətləndirilməsi deməkdir. 9 Maya az saylı günlər qalıb. Ona görə də insan sağlamlığı, təhlükəsizliyi baxımından belə kütləvi tədbirlərin keçirilməsi, təbii ki, birmənalı qarşılana bilməz. Azərbaycandan həmin tədbirdə nümayəndə heyətinin, yaxud fərdi şəkildə hansısa rəsmi şəxsin iştirak etməsi yenə də müstəqil qərara bağlı bir məsələdir. Təbii ki, Azərbaycanın da faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməsi arzuolunandır. Çünki bu, Qələbəyə çox böyük haqqı olan ölkələrdən biri Azərbaycandır. Bizim respublikanın ərazisində birbaşa döyüş əməliyyatı getməsə də, Azərbaycan özünün təbii sərvəti, canlı qüvvəsi ilə bu cəbhədə həm itki verib, həm də Azərbaycan alimlərinin, xüsusən də Yusif Məmmədəliyevin, Mustafa bəy Topçubaşovun tibb və kimya sahəsində, sənayedə ixtiraları bu Qələbənin qazanılmasına böyük töhfələr verib. Ona görə də Belarusda keçiriləcək Qələbə tədbirində dövlətlər iştirak edəcəklərsə, həmin dövlətlərin ön sırasında Azərbaycanın olması tam qanunauyğundur. Bu, Azərbaycanın haqqıdır. Amma təhlükəsizlik baxımından Azərbaycan nümayəndəsinin həmin tədbirdə iştirak etməsi məsələsi ilə bağlı seçim mövcud vəziyyətdən irəli gələn qaydalara bağlıdır. Hər halda, Azərbaycan rəsmi şəxs, yaxud heyət halında Belarusda keçiriləcək Qələbə paradında təmsil olunmasa belə, heç kim ölkəmizin faşizm üzərində Qələbənin qazanılmasındakı payını, haqqını inkar edə bilməz. Amma hesab edirəm ki, hətta rəsmi tədbirlərin keçirilməsi zamanı Qələbənin qazanılmasında önəmli payı olan ölkələrin nümayəndələri iştirak etməsələr belə, rəsmi keçiddə o dövlətlərin atributları nümayiş etdirilməklə simvolik olaraq o dövlətlərin rolu, varlığı qeyd olunmalıdır”.
F.Əhmədova hesab edir ki, bu, Belarus dövlətinə həm sivil qaydalar, həm də nüfuz baxımından yalnız müsbət dividendlər gətirən bir jest, məqam ola bilər. Müsahibimizin sözlərinə görə, dəvət üçün yenə də Belarus dövlətinə Azərbaycan tərəfindən bir təşəkkür mövcuddur.
Şakir Ağayev: “...müstəsna hal olaraq qərar vermək Azərbaycan Prezidentinin səlahiyyətlərinə aiddir”
“Novoe vremya” qəzetinin baş redaktoru, tanınmış siyasi icmalçı Şakir Ağayevin sözlərinə görə, alman faşizmi üzərində Qələbənin qazanılması çox önəmli faktordur. “Bu məsələyə Avropa ölkələrində münasibət birmənalı deyil. Hesab edirəm ki, onların yanaşması, tarixin saxtalaşdırılması səhvdir. Faşizm üzərində Qələbədə Sovet İttifaqının rolunun danılması çox qeyri-obyektiv və qərəzli yanaşmadır. Heç kəsə gizlin deyil ki, dünyanı faşizm bəlasından məhz Sovet İttifaqı xilas edib. Yəni ona görə Sovet İttifaqı deyirəm ki, həmin dövrdə Sovet İttifaqında 15 respublika var idi. Təbii ki, Azərbaycanın da fazşizm üzərində Qələbənin qazanılmasında çox böyük rolu var. 600 mindən çox Azərbaycan vətəndaşı İkinci Dünya Müharibəsində iştirak edib. Biz yalnız ön cəbhədə deyil, arxa cəbhədə də Qələbənin qazanılmasına böyük töhfələr vermişik. Burada Bakı neftinin rolu da danılmazdır. Müharibə zamanı istifadə edilən neftin 70, bəlkə də daha artıq fazi Bakı neftinin üzərinə düşüb. Biz bu müharibədə Sovet İttifaqının tərkibində iştirak etdiyimizə görə, təbii ki, Azərbaycan da faşizm üzərində Qələbəyə xüsusi önəm verir. Bunun ən bariz nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı medalın təsis edilməsi, eləcə də Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailələrinə maddi yarrdımlar edilməsidir. Azərbaycan Prezidenti həmişə bu Qələbəyə böyük önəm verib.
Bildiyiniz kimi, Rusiyada faşizm üzərində Qələbinin 75 illiyinə böyük hazırlıqlar gedirdi. Hətta Qırmızı meydanda keçiriləcək Qələbə paradına ABŞ Prezidenti Tramp, Almaniya kansleri, Azərbaycan Prezidenti, bir sözlə, dünya ölkələrinin liderləri dəvət edilmişdilər. Çox təəssüf ki, dünyanı bürüyən koronavirus bəlası Qələbənin 75 illiyinin 9 May tarixində Moskvada keçirilməsinə maneələr törətdi və Rusiya Prezidenti qərar qəbul etdi ki, Qələbə paradı sentyabrda İkinci Dünya Müharibəsinin başa çatdığı tarixdə keçirilsin. Səhv etmirəmsə, tədbirin keçirilməsi 3 sentyabr tarixinə planlaşdırılır”.
Belarus Prezidentinin dəvətinə gəlincə, Ş.Ağayev qeyd etdi ki, Rusiya Prezidentindən fərqli olaraq, Belarus Prezidenti başdan bu paradı keçirməkdə israrlı olduğunu qeyd etdi. Ş.Ağayev vurğuladı ki, Belarusda pandemiya ilə bağlı heç bir karantin tədbirləri görülmür. “Belarus yeganə ölkədir ki, orada həyat tam əvvəlki qaydası ilə davam edir. Belarus Prezidenti koronavirusla bağlı heç bir qadağanedici qərar qəbul etməyib. Heç kimə gizlin deyil ki, İkinci Dünya Müharibəsində ilk zərbə Belarusa dəyib. 1941-ci ilin 22 iyun gecəsi məhz Brest qalasına faşistlər tərəfindən hücum olunub. Siz tarixdən bilirsiniz ki, insanlar Brest qalasını müdafiə etmək üçün faşistlərlə qeyri-bərabər döyüş aparıblar, lakin Brest qalası süqut edib. Brest qalası Belarusun giriş qapısıdır. Şübhəsiz ki, Belarusda Xatın kəndi faşistlər tərəfindən tamamilə yandırılıb. Bu gün də ora tarix muzeyi kimi qalır. Bu Qələbə paradını keçirməyə şübhəsiz ki, Belarusun da haqqı var. Təkcə Belarusun deyil, keçmiş Sovet İttifaqına daxil olan ölkələrin hamısının bu Qələbənin qazanılmasında payı, haqqı var. Ona görə də Belarus Prezidenti Qələbəyə belə önəm verir və bu paradı keçirməyi qərara alıb. Qaldı ki, Azərbaycanın Belarusun faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı keçirəcəyi Qələbə paradında iştirak etməsi məsələsinə, bununla bağlı müstəsna hal olaraq qərar verilməsi Azərbaycan Prezidentinin səlahiyyətlərinə aiddir. Hesab edirəm ki, vəziyyət imkan verərsə, Azərbaycanın o paradda iştirakı düzgün olardı. Fikrimcə, bu tədbirdə kiminsə iştirakı müəyyənləşər. Çünki Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına verdiyi töhfələr heç bir dövlətdən az deyil, əksinə, deyərdim ki, daha çoxdur. Yenə də deyirəm, bu bizim səlahiyyətimizdə olan məsələ deyil, bununla bağlı ölkə başçısı qərar qəbul edə bilər. Düşünürəm ki, ölkə başçısı özü olmasa da, Azərbaycan bu paradda hansısa rəsmi şəxs tərəfindən təmsil olunar. Bu Qələbə paradının keçirilməsinə Lukaşenko qərar verib. Kaş həmin tarixə qədər koronavirus bəlası bir qədər səngisin”.
Ş.Ağayevin sözlərinə görə, indi əsas məsələ pandemiyadan insanların sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır. O qeyd etdi ki, heç kəs Qələbəni unutmur və unutmayacaq da. “Bu Qələbə dünyanın faşizmdən xilas edilməsidir. Təəssüflər ki, Avropa dövlətləri bunu unudurlar. Onlar Rusiyaya qarşı olan qərəzlərini, qıcıqlarını sovet əsgərlərinin heykəllərindən heyf almaqla çıxırlar, onların verdiyi töhfələri saxtalaşdırırlar. Bu müharibədə Sovet ittifaqı vuruşub, yəni Rusiya burada tək dövlət kimi iştirak etməyib. Halbuki, bu Qələbəni inkar etmək, saxtalaşdırmaq olmaz. Çünki bu, yeni faşizm dalğasının meydana gəlməsinə təkan verər ki, bu da dünya üçün çox böyük fəlakətlərə gətirib çıxara bilər. Faşizm üzərində Qələbəni qeyd etməklə dünyaya mesajlar vermək lazımdır ki, faşizmə, şovinizmə, milli ayrıseçkiliyə qətiyyən yol vermək olmaz”.
İradə SARIYEVA