Ermənistanın “Media müdafiəçisi” təşəbbüsü 2020-ci il aprelin 21-dən 30-na qədər onlayn mətbuatda Nikol Paşinyanın şəxsiyyəti və fəaliyyəti ilə bağlı məqalələri izləyib. Məlum olub ki, Paşinyan haqqında nəzərdən keçirilmiş məqalələrin əksəriyyəti mənfidir.
Erməni mediası yazır ki, bununla əlaqədar Ermənistanın daxili 5 xəbər saytı – “1in.am”, “news.am”, “armtimes.com”, “aravot.am” və “tert.am” nəşri izlənib. İzləmə nəticəsində seçilmiş 5 saytda 573 məqalə nəşr olunub. Bunlardan 150-si mənfi, 32-si müsbət, 391-i neytral olub. Belə ki, “news.am” nəşrində 178 məqalə nəşr olunub, bunlardan 69-u mənfi, 7-si müsbət, 102-si neytral olub. “Aravot.am” nəşrində 114 məqalə nəşr olunub ki, bunlardan 42-si mənfi, 6-sı müsbət, 66-sı neytral olub. “Armtimes.com” nəşrində 2-si mənfi, 6-sı müsbət, 102-si neytral olmaqla 110 məqalə işıq üzü görüb. “1in.am” nəşrində 7-si mənfi, 12-si müsbət, 88-i neytral olmaqla 107 məqalə nəşr olunub. “Tert.am” nəşrində isə 62 məqalə nəşr olunub. Bunlardan 30-u mənfi, 1-i müsbət, 31-i neytral olub.
Erməni mediası qeyd edir ki, Paşinyan haqqında nəzərdən keçirilmiş məqalələrin əksəriyyəti mənfidir.
Bununla yanaşı, Ermənistan Jurnalistlər Birliyinin Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə yaydığı bəyanatında deyilir ki, hazırkı hakimiyyət azad mətbuata düşmən kimi baxır: “Hər bir ölkədə, xüsusilə də demokratik dövlət və cəmiyyətlərdə kütləvi informasiya vasitələri təməl daşı əhəmiyyətinə malikdir, çünki onların işi vasitəsilə demokratiyanın əsas funksiyalarından biri - hakimiyyətlərin, ictimai idarəetmə orqanlarının işinə qarşı nəzarət və hesabatlılıq təmin olunur. Ancaq təəssüf ki, hazırkı hakimiyyət azad mətbuata rəqib və düşmən kimi baxır”.
Bütün bunlar onu göstərir ki, Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətindən narazılıq get-gedə artmaqdadır. Bununla belə, hakimiyyətə gəldiyindən bəri özünü demokratiya fədaisi kimi təqdim edən Paşinyan və onun komandası azad mətbuata düşmən gözü ilə baxır.
“Ancaq çox qəribədir ki, mətbuat azadlığı ilə bağlı beynəlxalq hesabatlarda bütün bunlar öz əksini tapmır”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, erməni mətbuatında Paşinyan barədə çoxsaylı mənfi yönümlü yazının getməsi onun fəaliyyətindən narazılığın göstəricisidir: “Bütün bunlar onu göstərir ki, Paşinyanın verdiyi vədlərin özünü doğrultmaması, həyata keçirdiyi işlərin əks nəticələrə gətirib çıxarması ictimai narazılığı artırır. Yerli mətbuatda bunların öz əksini tapması narazılığı özündə ifadə edir. Bu həm də onu göstərir ki, Paşinyan səriştəsiz siyasətçidir. Digər tərəfdən, Paşinyan baş nazir olandan sonra özündən əvvəlki hakimiyyətdən fərqli siyasət yürütməyib. Əvvəlki kimi, Azərbaycana yönəlik işğalçılıq siyasəti dəstəklənib və azad media sıxışdırılıb. Özünə yaxın olan mətbuata və orada təbliğ olunmasına önəm verib. Fərqli mövqedən çıxış edən media orqanları sıxışdırılıb. Azad mətbuata qarşı heç vaxt ədalətli mövqe sərgiləməyib. Bir sıra faktları üzə çıxaran jurnalistlər təqib olunur. Onlar müxtəlif formada təqib olunurlar. Ancaq çox qəribədir ki, mətbuat azadlığı ilə bağlı beynəlxalq hesabatlarda bütün bunlar öz əksini tapmır. Söz azadlığından danışan bəzi beynəlxalq təşkilatlar bütün bunları görməzdən gəlirlər. Azərbaycanla bağlı bir şey olan kimi, tez hay-küy salırlar. Məsələnin paradoksal tərəfi həm də budur”.
Vidadi ORDAHALLI