Feyruz Şamıyev: “Düşünürəm ki, bu festivalın keçirilməsi Azərbaycan kino mədəniyyətinin İtaliyada təbliğ edilməsi ilə yanaşı, həm də müasir Azərbaycan tamaşaçısının İtaliya filmləri ilə tanış olmasına səbəb olacaq”
“İtaliya ilə bu layihənin müştərək həyata keçirilməsinin əlavə maraqlı tərəfləri də var”
Son dövrlər Azərbaycanda kino sənayesinin inkişaf etdirilməsi istiqamətində müsbət irəliləyişlər var. Bu gün əsas hədəflərdən biri Azərbaycan kino sənayesini inkişaf etdirmək, milli kinomuzun simasını beynəlxalq aləmdə tanıtmaqdır.
Əlbəttə, buna nail olmağın yolları xarici ölkələrlə müştərək layihələri həyata keçirməkdən, birgə filmlər istehsal etməkdən keçir. Azərbaycanda artıq bu sahədə addımlar atılmaqdadır. Bir neçə ölkə ilə müştərək filmlər istehsal edilib. Kinonun beynəlxalq aləmdə təbliği üçün vacib olan tədbirlərdən biri də müxtəlif ölkələrlə birgə film festivalları keçirməkdir. Azərbaycanda bu sahədə də addım atılmaqdadır.
Belə ki, 2019-cu ildə Bakıda İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək. Məlumata görə, festival Azərbaycan Mədəniyyət Nazirliyi, İtaliyanın aparıcı film istehsalçısı “IMAGO Group” və “SANDRO TETİ Editore” nəşriyyat evinin təşkilatçılığı ilə “United Cultures” ilə əməkdaşlıq çərçivəsində gerçəkləşəcək.
Festivalın məqsədi Azərbaycanda kinematoqrafiyanın keçmişi, bu günü və gələcəyini təbliğ etməkdir.
Mədəniyyət Nazirliyinin şöbə müdiri Cəmil Quliyevin bildirdiyinə görə, bu festival Azərbaycan-İtaliya dostluq münasibətlərini daha da gücləndirəcək.
Tanınmış prodüsser-rejissor Feyruz Şamıyev “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən festival Azərbaycan kinosunun dünyada təbliğ edilməsinə müsbət təsir göstərəcək. “İtaliya-Azərbaycan Kino Festivalının keçirilməsi həqiqətən də böyük hadisədir. Məlumdur ki, İtaliya kinosunun dərin kökləri var və dünyada da İtaliya kinosu ifadəsi çoxdan qəbul edilmiş bir termindir. Bu baxımdan da Azərbaycan və İtaliya kinematoqrafiyasının müştərək addım atması çox yaxşı hadisədir və bu əməkdaşlıq çox müsbət nəticələr verəcək. Bildiyim qədər, festival çərçivəsində İtaliya və Azərbaycan filmlərinin nümayişi keçiriləcək və hər iki ölkədən olan münsiflər heyəti filmləri qiymətləndirəcək. Festivalda mükafatlandırılmanın olması yaxşı haldır. Son illər Azərbaycan tamaşaçısı İtaliya filmlərini az izləyib. Bu da Avropa Film Festivalı çərçivəsində olub. Düşünürəm ki, bu festivalın keçirilməsi Azərbayan kino mədəniyyətinin İtaliyada təbliğ edilməsi ilə yanaşı, həm də müasir Azərbaycan tamaşaçısının İtaliya filmləri ilə tanış olmasına səbəb olacaq. Bundan başqa, İtaliya ilə bu layihənin müştərək həyata keçirilməsinin əlavə maraqlı tərəfləri də var. Azərbaycan kinosundakı dirçəliş dövrü - keçən əsrin 60-cı illər kinosu da məhz İtaliya neorealizmindən bəhrələnmişdi. Maliyyənin az olduğu bir dönəmdə belə bir festivalın keçirilməsi təqdirəlayiq hadisədir” - deyə F.Şamıyev bildirdi.
İradə SARIYEVA