Qiymət Məhərrəmli: “Rusiyada Nizami irsi ilə bağlı saysız-hesabsız elmi-tədqiqat işi aparılıb, kitablar nəşr etdirilib”
“Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin, əməkdaşlığın tarixi 200 ildən artıq bir dövrü əhatə edir. Sözsüz ki, bu əlaqələrin formalaşmasında ədəbiyyatın rolu danılmazdır. Sevindirici haldır ki, ilbəil bu əlaqələr daha da dərinləşir, xalqlarımızı, dövlətlərimizi birləşdirir. Bir neçə ay əvvəl Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı bütün sahələrdə, o cümlədən də mədəni-humanitar sahədə əməkdaşlığa dair sənədlər imzalandı.
Nizami Gəncəvi və İmadəddin Nəsimi yalnız Azərbaycan, Şərq poeziyasının deyil, onlar bütün bəşəriyyətin dühasıdır. Ümumiyyətlə, Rusiyada tarixən Nizami irsinə böyük maraq olub və dünyanın ən populyar Nizamişünas alimləri sırasında rus alimləri də var. Rusiyada Nizami irsi ilə bağlı saysız-hesabsız elmi-tədqiqat işi aparılıb, kitablar nəşr etdirilib. Onu da xatırladım ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə verdiyi Sərəncamla Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb.
Nəsimi də Rusiyada hər zaman tədqiq edilən klassik şairlərimizdəndir, mütəfəkkirlərimizdəndir. Bu gün Rusiyada dövlət səviyyəsində ədəbiyyatımızın, klassik irsimizin əzəmətli simalarından olan Nizamiyə, Nəsimiyə verilən böyük dəyər Rusiya və Azərbaycan arasında humanitar sahədə əlaqələrin qırılmaz tellərlə bir-birinə bağlı olmasından irəli gəlir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Moskva Dövlət Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şərəfinə silsilə tədbirlərin keçirilməsi, o cümlədən də Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Azərbaycan dahi şairi Nizaminin poemaları əsasında “Yeddi gözəl” sərgisinin açılısı böyük hadisədir. Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin belə yüksək səviyyədə inkişaf etməsi mədəniyyətlərimizi, xalqlarımızı daha yaxından birləşdirir. Bu, ikitərəfli mədəni əlaqələrin əbədi olduğunu şərtləndirir”. Bunu “Bakı-Xəbər”ə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Moskvada Nəsiminin şərəfinə silsilə tədbirlərin keçirilməsini və Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Azərbaycan şairi Nizaminin poemaları əsasında “Yeddi gözəl” sərgisinin açılmasını Rusiya-Azərbaycan humanitar əməkdaşlığında müsbət hadisə adlandırmasını şərh edərkən filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli deyib.
Qeyd edək ki, M.Zaxarova “Biz bu tədbirləri ikitərəfli mədəni münasibətlərin inkişafında pozitiv qiymətləndiririk”- deyə bildirib.
İradə SARIYEVA