Asif Usubəliyev: “Həmçinin, xarici ali məktəblərlə də əməkdaşlıq edəcəyik və ola bilsin, öz əməkdaşlarımıza beynəlxalq sertifikatlar verəcəyik”
Mədəniyyət sistemində yüksək ixtisaslı kadrların hazırlanması dövlətin əsas hədəflərindən biridir. Ölkəmizdə mədəniyyətin müxtəlif sahələri üzrə mütəxəssislərin fəaliyyətinin, bilik və bacarığının müasir standartlara cavab verməsi əsas şərtdir.
Son dövrlər Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz respublika üzrə mədəniyyət sahəsində çalışan kadrlar üçün müxtəlif təlim kursları təşkil edir. Sözsüz ki, bu qurumun sözügedən istiqamətdə həyata keçirdikləri müsbətdir. Bununla belə, ölkədə bu sahə üzrə yeni bir mərkəzin yaranması zərurəti meydana çıxıb.
Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb. Qərarda bildirilir ki, Mədəniyyət Nazirliyinin təklifinə əsasən, nazirliyin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılsın.
Mədəniyyət Nazirliyi bir ay müddətində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Əsasnaməsini və strukturunu təsdiq edəcək, eləcə də bu qərardan irəli gələn digər məsələləri həll edəcək.
Yeni yaradılan mərkəz hansı funksiyaları yerinə yetirəcək? Bizim ondan gözləntilərimiz nə olmalıdır?
Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin rəhbəri Asif Usubəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nazirlər Kabinetinin qərarı ilə yeni yaradılan mərkəz özündə bir neçə funksiyanı daşıyacaq. O hesab edir ki, bu mərkəzin yaranması zərurətdən irəli gəlir və yeni qurum mədəniyyət sistemində ixtisaslı kadrların yetişməsində müstəsna rol oynayacaq. “Yeni yaradılan mərkəz iki funksiyanı özündə birləşdirəcək. Bu qurum bir tərəfdən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin həyata keçirdiyi işləri yerinə yetirəcək. Bu qurumda təlimlərin keçirilməsi, metodiki vəsaitlərin hazırlanması, konfransların təşkil edilməsi və s. ilə ixtisasartırmanın tədris prosesi birləşəcək. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi birləşərək onların əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb. Bu mərkəzin yaradılması bu sahəyə çox müsbət təsir göstərəcək. Əslində, bu mərkəz mədəniyyət sistemində ixtisaslı kadrlarla bağlı mövcud problemin aradan qaldırılması üçün yaradılıb. Bilirsiniz ki, mədəniyyət sistemində kifayət qədər təhsilsiz əməkdaş var. Onların sayı həddən artıq çoxdur. Bundan başqa, bu sahədə qeyri-ixtisas sahibləri də çalışırlar. Bu insanlar üçün ali təhsil almaq çox çətindir. Eyni zamanda, onları bu səbəbdən işdən uzaqlaşdırmaq da asan deyil. İnsanlar bu sahədə illərdir çalışırlar. Yeni mərkəz ona görə yaradılıb ki, heç olmasa bu kimi problemləri hüquqi cəhətdən azalda bilsin. Bizim yeni təlim mərkəzlərimiz, ixtisaslaşmış kurslarımız olacaq. Biz Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edəcəyik. Həmçinin, xarici ali məktəblərlə də əməkdaşlıq edəcəyik və ola bilsin, öz əməkdaşlarımıza beynəlxalq sertifikatlar verəcəyik” - deyə A.Usubəliyev qeyd etdi.
O, həmçinin, bildirdi ki, yeni yaradılan qurumun məqsədi bu sahədə olan problemləri aradan qaldırmaq və mədəniyyət sahəsində ixtisaslı kadrlar yetişdirməkdir.
İradə SARIYEVA