Türk xalqları hamısı bir ağacın budaqları olsalar da, lakin hər biri ayrıca dəyərlərə, mədəniyyətə, mətbəxə, yaşam tərzinə malikdir. Bir türk məmləkəti olaraq zaman-zaman ulularımızdan miras qalan gələnəkləri yaşadaraq, dövrümüzə qədər gətirə biliblər.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Səfirliyində olduqca maraqlı bir tədbir düzənlənib. Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 35 illiyi münasibətilə Mormenekşe kəndində fəaliyyət göstərən “Çağdaş Qadınlar Dərnəyi”nin təmsilçilərinin əl işlərindən ibarət sərgi açılıb. Bundan başqa, sərgi çərçivəsində, həmçinin, Şimali Kipr Cümhuriyyətinin mətbəx mədəniyyətinə məxsus çeşidli isti yemək, şirniyyatlar, bişmişlər də tədbir iştirakçılarına təqdim edildi.
Dərnəyin rəhbəri Hayriyye Tokyay çıxış edərək bildirdi ki, bu sərginin təşkilində məqsəd 35 yaşlı Cümhuriyyətin qədim tarixə malik mədəniyyətini və mətbəxini nümayiş etdirməkdir.
H.Tokyay “Bakı-Xəbər”ə açıqlamasında Azərbaycana gəldikləri və sahib olduqları mədəniyyəti xalqımızla bölüşdükləri üçün məmnun olduqlarını bildirdi. “Şimali Kipr Türk Cümhuriyyəti 1983-cü ildə qurulub. Sərgi Cümhuriyyətimizin qurulmasının 35 illiyinə həsr edilib. Bu sərgidə nümayiş etdirilən əl işləri Şimali Kipr Türk Cümhuriyyətinin Mormenekşe kəndinin qadınlarına məxsusdur. Biz 5 il əvvəl qadınlar arasında qarşılıqlı mədəni dialoqa nail olmaq üçün “Çağdaş Qadınlar Dərnəyi”ni qurduq. Kəndimizin özünəməxsusluğu çoxdur. Biz öz qədim mədəniyyətimizi bu gün də yaşadırıq. Qadınlarımız bir araya gələrək gözəl əl işləri hazırlayıblar və hazırda siz o əl işlərini görürsünüz. Bu əl işləri Mormenekşe qadınlarının birliyi, həmrəyliyi nəticəsində meydana gəlib. Bizim özümüzə xas mətbəximiz var ki, oradakı yeməklərin, bişmişlərin, quru meyvələrin, şirniyyatların çeşidləri boldur. Bizim Mormenekşe kəndində enginar adlı bitki yetişdirilir. Biz onun məcunu, lokumunu, turşusunu, yeməklərini hazırlayırıq. Bura gələrkən məqsədimiz Cümhuriyyətimizin özünəməxsus mədəniyyəti ilə sizi tanış etmək olub. Bu gün burada bizim qadınların əl işləri və bişirdikləri yeməklər, bişmişlər təqdim edilir. Arzu edirəm ki, qarşılıqlı olaraq, Azərbaycan qadınlarının da əl işləri və xalqınızın mətbəx mədəniyyəti bizim ölkədə təqdim edilsin” - deyə qurum rəhbəri bildirdi.
İradə SARIYEVA