Azərbaycanla sıx şəkildə əməkdaşlıq edən TÜRKSOY milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi şəxsiyyətlərimizin beynəlxalq aləmdə, Türk dünyasında təbliğ edilməsində əhəmiyyətli rol oynayır.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi qurumun əsas hədəflərindən biri Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdir. “Azərbaycan mədəniyyətinin dünyada təbliği hədəflərimizdəndir” - deyə bildirən TÜRKSOY-un baş katibi qeyd edib ki, məqsədləri Azərbaycan mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə təqdim etməkdir.
TÜRKSOY-un baş katibinin fikirlərini şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, şairə Qiymət Məhərrəmli bildirdi ki, bütövlükdə, dünyada yaşayan türkdilli xalqlar arasında əlaqələrin qurulmasında, mədəniyyətlərin mübadiləsində, tanıdılmasında bu qurumun danılmaz xidmətləri var. Azərbaycanın çox görkəmli ədiblərinin, bəstəkarlarının, elm və mədəniyyət xadimlərinin yubileylərinin, onlar haqqında yazılan kitabların təqdimat mərasimlərinin keçirilməsində, o cümlədən də tariximizlə, mədəniyyətimizlə bağlı təbliğat işlərində TÜRKSOY-un göstərdiyi fəaliyyət təqdirəlayiqdir. “TÜRKSOY türkdilli xalqların mədəniyyətini, tarixini, ənənələrini birləşdirən, onlar arasında qarşılıqlı əlaqələr quran, formalaşdıran bir qurumdur. İndiyə qədər bu təşkilatın xəttilə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib. TÜRKSOY mütəmadi olaraq Azərbaycan mədəniyyətini təbliğ edir və mədəniyyət, ədəbiyyat, incəsənət sahəsində böyük şəxsiyyətlərimizi Türk dünyasına, o cümlədən də beynəlxalq aləmə tanıdır. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRKSOY kafedrasının yaradılması bu qurumun Azərbaycan mədəniyyətini daha yaxından araşdırıb öyrənməsinə, təbliğ etməsinə güclü təkan verir. TÜRKSOY-un əsas hədəflərindən birinin Azərbaycan mədəniyyətini, tarixini, tarixi şəxsiyyətlərini dünyada təbliğ etmək kimi müqəddəs iş olması çox təbiidir. Bu qurum öz missiyasını hər zaman layiqincə yerinə yetirib, bu gün də yetirməkdədir” - deyə Q.Məhərrəmli bildirdi.
Alim, həmçinin, hesab edir ki, Azərbaycan mədəniyyətinin TÜRKSOY-un xəttilə beynəlxalq aləmdə təbliğ edilməsinin müsbət nəticələri böyükdür və bu, dünyanın diqqətini bir daha bizim dəyərlərə yönəldəcək.
İradə SARIYEVA