Azərbaycanın Fransadakı Səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın (Mme Challie markası) kolleksiyası “Fashion Glam Couture”ün prezidenti Miryam Lariyerin təşkilatçılığı (fr. Myriam Larriere) ilə nümayiş etdirilib.
Paris moda həftəsi çərçivəsində təşkil olunan moda nümayişində ADA-nın prezidenti Jan-Fransua Mansel, Fransada Azərbaycan Səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış incəsənət xadimləri, modelyerlər iştirak ediblər.
Həcər Qala 25 ildən artıqdır Avstraliyada yaşayaraq sənəti ilə məşğul olur. Vətəndən uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azərbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindən istifadə edən modelyer rəngarəng kolleksiyası ilə Azərbaycanı təmsil edir.
Azərbaycan klassik musiqi sədaları altında keçirilən moda nümayişi tamaşaçıların rəğbətinə və böyük marağına səbəb olub.
Baki-xeber.com