Məryəm Səlimova: “Azərbaycan muzeylərinə əcnəbilərin maraq göstərməsi səbəblərindən biri… ”
Azərbaycan muzeylərinin sədası xarici ölkələrdə müzakirə mövzusuna çevrilir. Bu günlərdə Sofiyada “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans keçirilib.
Konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstanın Mədəniyyət Nazirliyinin himayəsi altında Bolqarıstanın “199” Mədəniyyət Fondu ilə tərəfdaşlıqda keçirilib.
Tədbirdə Azərbaycan muzeylərinin xalqımızın maddi və mənəvi xəzinəsini təmsil etməsi və ölkəmizin yaxın və uzaq keçmişinin təqdim olunması mövzusunda müzakirələr aparılıb.
Azərbaycan muzeylərinin xarici ölkələrin rəsmi qurumları tərəfindən müzakirə olunması Azərbaycan mədəniyyətinin inkişafından xəbər verir.
Muzeyşünas Məryəm Səlimova bizimlə söhbətində bildirdi ki, Azərbaycan muzeyləri hələ dünyada tam təbliğ olunmasa da, bizim muzeylərin özəllikləri və fərqli cəhətləri çoxdur: “Azərbaycan muzeyləri olduqca geniş profillidir. Bizdə, demək olar ki, bir sıra sahələrdə bağlı muzeylər fəaliyyət göstərir. Bu baxımdan muzeylərimiz turistlər üçün hədsiz maraqlıdır. Kənd təsərrüfatı, tibb, təbiət muzeyi, eləcə də diyarşünaslıq muzeyləri mövcuddur. Muzeylərimiz ziyarətçilərin üzünə hər zaman açıq olduqları üçün, turistlərlə yanaşı, rəsmi şəxslər də o muzeylərlə daim maraqlanır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Azərbaycan muzeylərinə əcnəbilərin maraq göstərməsi səbəblərindən biri də eksponantların zəngin olmasıdır: “Azərbaycandakı muzeylər dünyanın məşhur muzeyləri ilə bir sırada dayanmasa da, hər halda, eksponat sarıdan onlardan heç də geri qalmır. Eləcə də dünyanın ayrı-ayrı muzeylərində Azərbaycana məxsus bir sıra sənətkarlıq nümunələri saxlanır. Məsələn, Fransadakı Luvr muzeyinin eksponatları arasında Azərbaycanın həm bədii, həm də texnoloji cəhətdən ən dəyərli xalçaları var.
Həmçinin, Azərbaycanda fəaliyyət göstərən muzeylərin beynəlxalq muzeylərlə də əlaqələri genişlənir. Muzey əməkdaşları da tədricən xarici muzeylərə ezam olunur və orada təcrübə mübadiləsi keçirlər. Onu da bildirmək lazımdır ki, bu gün Azərbaycan muzeylərində açılan qeyri-adi sərgilər yerli vətəndaşlarla yanaşı, əcnəbilərin də marağına səbəb olur”.
Günel CƏLİLOVA